Qadınlar niyə susur? - Leyla Həsənova

Qadınlar niyə susur? - Leyla Həsənova
7 Avqust 2016
Mətni dəyiş
Leyla Həsənova
10 təcavüz xəbərindən 8-də ailə təcavüzə uğradığı qızı barədə bu cür açıqlama verir: “Mənim qızım ancaq öz işi ilə məşğul idi, namusuyla dərsə gedib gəlirdi".
Aytac Babayevanın qohumları, "Nə sevgili? Sevgilisi yox idi onun. Anası bilsəydi saçından tutub sürüyərdi" demişdi. Yaxud 14 yaşlı uşağı zorladıqdan sonra ailəsinə 10 min təklif edən, məhkəmədən evə buraxılan təcavüzcünün xəbərində də bu cür detal vardı. Uşağın ailəsi deyirdi ki, uşağımızı şantaj edib, qorxudub. Ki səni dostların arasında rüsvay edərəm və s.
Sual isə budur: Bu uşaqlar ailələrindən nə üçün çəkinir? Niyə rüsvay olmaqdan qorxur, hansı səbəblə, hansı əməlinə görə? Axı, ailə güvənli bir yer idi. Axı, ailə bizi qoruyan bəlkə də yeganə yer idi?!
Namus, qeyrət, bakirəlik kimi mücərrəd qavramları uşağın - fərdin həyatının mərkəzinə qoymağına səbəb olanda, ona bunu aşılayanda və o, bir gün həmin o "namusu-bakirəliyi" "itirəndə" bunu öz "günahı" hesab edir. Deməli, əksəriyyətimizin güvəndiyi və əslində, ailələrimiz, bu zehniyyət patriarxal dəyərləri qorumaqla istəməsə də təcavüzçünün işini rahatlaşdırır. Yəni patriarxal təfəkkür təcavüzçünün dəyirmanın su tökür.
Təcavüz təbii ki, pisdir. Kiminsə bədən və bədəninə, həyatına dair haqlara zor tətbiq etmək, ona saldırmaq, haqqını pozmaqdır. Təcavüzə məruz qalan adam onsuz da bədəni işğal-istismar edildiyi üçün bunun travmasını yaşayır. Bu travmanı daha da artırmamaq, yaşadığını daha da travmatize etməməsi üçün ona dəstək olmalıyıq ki, sonrasında haqqını tələb etməyə, zərər verənin cəzasını çəkməyinə görə mübarizə aparmağa və həyatını davam etməyə gücü olsun.
Ancaq təəssüf ki, təcavüzü "dünyanın sonu" kimi aşılayaraq istəmədən də olsa təcavüzcü zehniyyətə dəstək olmuş oluruq. Biz təcavüzü "dünyanın sonu" kimi dəyərləndirməklə, təcavüzə uğrayan insanlara artıq hər şeyin bitdiyi mesajını vermiş oluruq. Beləcə, zorakılığa məruz qalan insanlar yaşadıqlarını paylaşmayaraq, "hər şeylərini itirdiklərini" düşünərək çox zaman intihar edir. Qarşı tərəf - zərər verən isə həyatına qaldığı yerdən davam edir.
Halbuki təcavüz, zərər görənin yox, zərər verənin törətdiyi cinayətdir və məsələnin həlli, "Təcavüzə uğradım, indi mən nə edəcəm, necə yaşayacam" sualında yox, mübarizə etmək, "Təcavüzə uğradım, indi hara, kimə müraciət etməliyəm ki, haqlarım təmin olunsun, təcavüz edən adam cəzasını alsın" kimi mübarizə xarakterli suallar üzərində olmalıdır.
Keçən günlərdə isə zorlandığını deyən 14 yaşlı qızını öldürən qadının xəbəri yayınlandı. “Zorlandığı üçün öldürülən azyaşlı qadının” yox, “Öldürən qadının xəbəri” deməyimə səbəb odur ki, günlərdir xəbərə verilən reaksiyalarda fokuslanan tərəf uşağı öldürən qadındır. Çox az adam zorlayan adamı soruşur, onun kimliyi ilə maraqlanır.
Seksist medianın da səyi ilə hadisə tamamilə apolitikləşdirilib romantik tonlarda “müqəddəs ana” tabusunun yıxılmasına fokuslanıb. Bununla belə sosial şəbəkələrdə "müqəddəs ana" illuziyası darmadağın olub. Bəziləri yenidən qadını günahkar çıxarır, bəziləri dəyər itirən "ana" tabusu qarşısında çaşqınlıqla "bəs ana müqəddəs idi?" suallarıyla vurnuxur. Bəziləri isə “bu qadının özünü zorlamaq lazımdır!” kimi ifadələrlə təcavüz kültürünü yenidən bəsləyir. Halbuki təcavüz fərdi yox, toplumsal sferada analiz edilməlidir.
Görəsən, mərkəzə təcavüzçünü yox, ölən və öldürən qadını qoymaq, bizim toplum olaraq qadın və kişiyə verdiyimiz dəyəri də göstərirmi? Təcavüzçü haqqında maraqlar, suallar o qədər azdır ki, bu, istər istəməz qadın (dişi) bədən təbiəti gərəyi zorlana, istismar edilə, zərər görə bilər, kişi (erkək) isə təbiəti gərəyi zorlaya, istismar edə, zərər verə bilər fikrini yeniləyir. Çünki, reaksiyalardan bəlli olur ki, insanlar erkəyin bu təcavüzü qarşısında dişinin zorbalığı qədər şok keçirməyib.
Bir tərəfdə bu zamana qədər və yəqin ki, bu şok keçdikdən sonra müqəddəsləşdirilməyə davam etdiriləcək ana kultu, digər tərəfdə isə bir kişi tərəfindən zorlandığı göz ardı edilərək qatilinin əslində, sadəcə qadın olduğuna fokuslanan zorlanan azyaşlı qadın. Günlərdir söhbət bu iki qadın ətrafında dönür, təcavüzçü isə göz ardı edilir, rolu görməzdən gəlinir və o “yox edilir”.
Sanki heç o, yoxmuş kimi. Təbii ki, öldürən qadın qatildir. Amma tək günahkar odurmu və məsələ, fərdi məsələsidirmi? Təcavüzçünü bu cür reaksiyalarda görünməz edərək potensial təcavüzçülərə və təcavüz kültürünə böyük bir meydan verib deyirik: - Buyurun, meydan sizindir, siz istədiyiniz zaman istədiyiniz qadını zorlaya bilərsiniz. Onsuz da görünən olan qadının əxlaqı, cinayətdə başqa bir qadın varsa, həmin qadın olacaq və siz, istədiyiniz kimi yaşamağa davam edəcəksiniz.
Həmçinin, təcavüzə uğramış və ya uğrayacaq qadınlara, uşaqlara da mesajımız istəmədən də olsa bu cürdür: Siz isə, təcavüzə uğramamağa çalışın (özünüzü görünməz edin, evlərə qapanın, geyiminizə fikir verin və s.). Zorlansanız, bunu heç kimə deməyin, mübarizə aparmayın, susun və beləcə, sizi zorlayan adam başqalarını da zorlasın, təcavüz kültürü öz zəminini daha da bərkitsin.
Hə, harda qalmışdıq? Başa düşdük ki, biz o qadının yerinə olsaydıq, uşağımızla dost olardıq, ən gözəl valideyn biz olardıq. Bu yasımız, silkələnən ana kutlumuzu yenidən patiarxal qaydalara uyğun inşa etməyə başladıqsa, travmanı daha da böyütməyimiz bitdisə, əsas məsələyə qayıdaq: Təcavüz edən adam hardadır və o, kimdir?
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun