6 Avqust 2016
Mətni dəyiş
2-5 Aprel döyüşləri idi. Hamı kimi mən də olan bitəni Tv-lərdən, Müdafiə Nazirliyinin rəsmi saytından və təbii ki, sosial şəbəkələrdən izləyirdim. İzləməkdən əlavə həm də döyüşlərdə yaxınım olan əsgər və yüksək rütbəli zabitlərlə də daima əlaqə saxlayıb uyğun bildiyim məlumatları öz facebook profilim'də paylaşırdım. Həmin ərəfədə biz ilk dəfə idi ki, millət olaraq birlik göstərirdik. Cəbhəyə ərzaq toplayan kim, orduya dəstək yürüyüşü keçirən kim, sosial şəbəkələrdə həqiqətləri dünyaya çatdıran kim, ölkə olaraq döyüşlərə atılmışdıq. Şəhidlərin kədər içində xüsusi çoşqu ilə torpağa tapşırılması, İcra hakimiyyəti başçılarının, yüksək vəzifəli məmurların televiziyalarda şəhidlər, şəhid ailələri haqqında qürurla danışması bir anlıq insanlarda onlara qarşı inam yaranırdı. İnsanlar yazdığım hər bir döyüş xəbərini çoşqu ilə qarşılayıb fəxr hissi keçirirdilər.
Bəs sonra nə oldu? 6 aprel səhəri xəbər gəldi ki, atəşkəs bərpa edildi. Necə yəni bərpa edildi? Heç kim inanmaq istəmirdi. Çünki hamı qələbə xəbərini gözləyirdi, amma olmadı. Bir daha oyuna gəldiyimizi, hisslərimizdən, sevincimizdən, kədərimizdən, birliyimizin, hətta şəhid əsgər və zabitlərimizdən istifadə edərək böyük bir oyunun parçası halına gətirmişdilər bizi. Prezidentlərin, Xarici işlər nazirlərinin əyləncəli keçən görüşləri, Sankt-Peterburq görüşü və sonrası hamıya aydındı. Hər şey bununla bitsə yaxşı olardı amma təəssüf bitmədi.
Kimlər üçün bitdi bəs? Döyüşlər gedən vaxt ekranlara çıxıb artistik edən İcra başçıları üçün, yüksək vəzifəli məmurlar üçün, millət vəkilləri üçün, döyüş xəbərlərini fəxrlə oxuyub eqolarını doyuran, döyüşə bir "action" kimi baxan, yalandan küçələrdə "Şəhidlər ölməz, Vətən bölünməz" qışqıran Xalq üçün bitdi! Çünki onlar üçün şəhid və şəhid ailəsi dəyəri cəmi 3 gün idi, 2-5 aprel arası. Həmin tarixdən sonra xalq öz şəhidinə sahib çıxmadı. Müharibə bitəndən dərhal sonra güvəndiyim mənbələrdən oxuduğum xəbərlər: - Bakının Ramanı qəsəbəsində döyüşdə olan zabitin evini qanunsuz tikildiyi üçün sökmək istəyirlər. - Filan rayonda şəhid olmuş adamın ailəsi şəhidə baş daşı düzəltdirməyə pul tapmır. - Şəhid ailəsinin yaşadığı acınacaqlı vəziyyət. - Şəhid ailəsi rayon icra hakimiyyətinin laqeydsizliyindən şikayət edir. - Dünən oxuduğum (eyni zamanda videosunu izlədiyim) xəbər isə Zərdab rayonundan şəhid olmuş kəşfiyyatçı gizirimizin ailəsini Zərdab rayon icra hakimiyyəti başçısının təhdit etməsi ilə bağlı idi. İcra hakimiyyəti, rayon Polis şöbəsi şəhid ailəsinə qəbrin üstündə dalğalanan və rayondan asılan şəhidin plakatının götürülməsini tələb edir. Təsəvvür edirsiniz uğrunda şəhid olduğu bayrağa icazə vermirlər ki, qəbrində dalğalansın. Bu kimi onlarla xəbər məhz 2-5 aprel döyüşlərindən həmən sonra yayılmağa başladı. Bunları edənlər həmin o televiziyalarda timsah göz yaşları tökən icra başçıları, həmin bunu edənlər döyüşlər zamanı əsgərlə "fəxr etdiyini" deyən məmurlar idi. Ən pisi isə o idi ki, həmin döyüşlər vaxtı "Şəhidlər ölməz vətən bölünməz" deyən, çıxıb küçədə yürüş edən xalqın, gənclərin bu olanlara susması və laqeyd yanaşması idi. Çünki həmin adamlar döyüşlərə əyləncə kimi baxan artistlər idi. Onların ölənlər, şəhid olanlar veclərinə belə deyildi. Onlar ancaq öz eqolarını təmin etməyə, yığılan enerji hisslərini boşaltmağa yer axtarırdılar və bunu 2-5 apreldə tapdılar. Bu sözüm xətrinizə dəyirsə fikirləşin, hansınız şəhid ailəsinə olan haqsızlıqlara görə çıxıb yürüş etdiniz? Amma döyüşlər zamanı orduya dəstək yürüşü tez etmişdiniz, həmin ordunun şəhidinə olan haqsızlıqlara bəs niyə susursunuz? İcra başçılarının, məmurların övladları bahalı maşınlar sürüb, dəbdəbəli həyat keçirdirlər ancaq şəhid ailəsi daxmada qalır, şəhid ailəsi müalicə üçün pul tapa bilmir, şəhid ailəsi şəhid övladından yadigar qalan uşaqlarına baxa bilmir. Bilirəm ağırdı bunları eşitmək amma siz busunuz, bu yazdıqlarım güzgüdü oxuyun öz simanızı görün. Utanılacaq və utancımızdan yerə girəcək vəziyyətdəyik.
P.s bu yazını yazarkən daha bir dəhşətli xəbər aldım. Şəhid Polkovnik-leytenamt Raquf Orucovun həyat yoldaşı müsahibə verərək övladları üçün dövlət tərəfindən ayrılan aylıq şəhid müavimətini ala bilmədiyini və indiyə kimi hec bir məmurun, vəzifəli şəxsin onlarla maraqlanmadığını deyib. Ölkənin şəhidə verdiyi qiymət 40 gündü.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.