23 Avqust 2016
Mətni dəyiş
Hakimiyyətin müxalifətə qarşı növbəti hücumunun əsaslandığı arqument o qədər mənasız, o qədər gülüncdür ki bir müddət sonra özləri bunun altından çıxmağın yollarını axtaracaqlar. Narkotika, xuliqanlıq, “molotof kotleti” kimi ittihamlara haradasa "inandırıcı" görünə bilər. İnsandı, narkotik aludəçisi, hisslərini boğa bilməyib ictimai yerdə yüksəkdən söyüş söyən, inqilabi ədəbiyyata dalıb butulkalara benzin doldurmaq ehtimalı çox az olsa da yenə də yaşamaq haqqı var. Amma Fətullah Gülən hərəkatına bağlamaq absurdların ən absurdudu.
Öncə qeyd edim ki, həm F.G. liseyində oxumuşam, həm də “hizmət” deyilən (bundan sonra mötərizəsiz) hərəkatda olmuşam. Az çox quruluşunu, davranışını, münasibətini bilirəm. Xeyli kitabını oxumuşam, kasetlərini dinləmişəm, “abi”lərin söhbətlərində iştirak etmişəm. Yəni özümü bu barədə fikir bildirmək haqqına sahib hesab edirəm.
Birinci ondan başlayım ki, allı-güllü mətbuatımız F.Gülən hərəkatıyla, Nurçuluğu qarışdırır. Nurçuluqla gülənçilərin ortaq cəhətləri olsa da ayrı ayrı cərəyanlardı. Nurçular Səid Nursinin ideyalarını yaymaqla məşğuldular. Amma hansısa məktəb açmayıblar. İstinad etdikləri mənbələr də Quran və Nursinin kitablarıdı. Bakıda onların bir neçə mərkəzinə getmişəm.
Risaleyi-Nur adını verdikləri külliyatın oxunmasıyla məşğuldular. Mərkəzə gələnlərə də onun kitabları hədiyyə edilir. Çalışırlar elə səmimi mühit yaratsınlar ki, bir dəfə gələn yenə gəlsin. İnsafən yaxşı da bacarırdılar. Nurçular dövlət qurumlarına sızıb qruplaşmağa çalışmırlar. Eləcə başlarını aşağı salıb təbliğatlarıyla məşğuldular.
Əlbəttə ki hakimiyyət və biznes dairələrində dəstəkçiləri, ianəçiləri var. Lakin heç vaxt eşitməmişəm ki, nurçuların siyasətə, dövlət qulluğuna xüsusi marağı olsun. Onlar sadəcə rahat mühit istəyirlər. F.Gülən hərəkatı isə əksinə.
Hərgah təbliğat vasitələri arasında S.Nursinin kitabları yer alsa da Gülənin öz yazdıqları, çıxışları əsas vasitədi. Üstəgəl hizmət daha çox örgütlənib. Məqsədi təkcə daşıdığı ideologiyanı yaymaq deyil, həmçinin dövlət və biznes çevrələrində möhkəmlənməkdi.
Hizmətin az-çox nüfuzlu olduğu ölkələrdə həmişə hakim dairələrə yaxın olublar. Onlar müxalifətə stavka edəcək qədər utopist deyillər. Həddindən artıq praqmatiklərdi. Yüz ölçüb, bir biçərlər. Çalışarlar ki, siyasi risk heç olmasın. Hakimiyyətdə kim olarsa olsun dil tapmağa nail olublar.
Tələbə vaxtı mitinqlərdə iştirak edəndə “abi”lər daim məni danlayırdılar ki əsl hizmət adamı siyasətə qarşımamalıdı. Onlar hətta QHT sektoruna daxil olmağıma belə maneələr törətdilər. Bir sözlə imkan vermədilər. Amma zaman keçdikcə gördüm ki, hizmətin “siyasət” dediyi şey müxalifətçilik etməkdi. Amma iqtidarın xeyrinə qəzetlərind (Zaman), kanallarında (Xəzər) yaltaqlığın 50 çalarını işləyirdilər. Keçirdikləri tədbirlərdə lazım oldu olmadı iqtidar xeyli təriflənirdi.
Dəfələrlə yanımda müxlifəti aşağılayıblar. Xarici qüvvələrə işləməkdən tutmuş, islam dünyasını yıxmağa çalışan xiristan dünyasına xidmət etməyə qədər bütün günahlarda ittiham ediblər. “Problemləri biz də biliriyee, amma hansı ölkədə problem yoxduki” ritorikası daim tədavüldəydi.
Hizmət hərəkatı başlayarkən fədakar insanların hesabına çox məsafələr qət etdi. Çox cüzi əməkhaqqı müqabilində Sibirin daimi buzlaqlarından tutmuş, Afrikanın səhralarına qədər hər yerə dağılan “şakirt”lər (daha dindar, daha sadiq gülənçiləri belə çağırırdılar) sayəsində hizmət özünə yer tuta bildi. Sonra isə ortaya pul, vəzifə girdikcə ülvi dəyərlər də getdi işinin dalınca.
90-cı illərin əvvəllərində Azərbaycana ilk gəldiklərində liseylərdə təhsil haqqı simvolik idi. Məsələn, 1994-də 50 dollar idi. Lakin hər il təhsil haqqı arta-arta gəlib 5-6 min dollar civarında oldu. İmkansız, lakin “zeki” uşaqlar üçün yüksək təhsil almaq fürsətindən çıxmışdılar. Artıq liseylərdə hakimiyyətin ən yüksək məmurlarının övladları, nəvələri təhsil alırdılar. Pulun yoxdursa lap vunderkind ol xeyri yoxdu (kimsə hansısa uşağı himayəsinə götürüb təhsil haqqını verə bilərdi, amma o məbləğ güşəşt olunmurdu).
Nurçulardan fərqli olaraq gülənçilərin çoxu ideya adamı deyillər. Bu əllərinə pul və vəzifə keçəndən sonra belə oldu. Rəsmi qurumlar hizmətçilərlə dolurdu. Bundan əlavə təmir-tikinti sahəsində, dövlət satınalmalarında yaxşı “iş”lər verilirdi. Xəzər tv-də reklamdan babat sərvət toplamışdı bir qrup.
İndi isə həmin insanlardan xəbər ətər yoxdu. Ola bilsin gülənçi ovunun qurbanı olamamaq üçün təqiyyə etsələr də bir daha hizmətdə olmayacaqlar. Çünki onlar risk almamağa öyrəşiblər. Hansısa ideya naminə məhrumiyyətlərə getmək onlarlıq deyil. Tam bir oportunist fərdlərdi. Fərdiyyətçiliyin dibinə vurublar.
Yazı bir az uzun alınsa da əsas demək istədiyim hissəyə gəldik. AXCP üzvü Faiq Əmirli FETÖ-cü kimi saxlanılıb. Maşınının baqajından F.Gülənə aid kitablar götürülüb. FETÖ deyə bir qurumun terror təşkilatı olmasının absurdluğu azmış kimi (Türkiyə belə hizmət hərəkatını rəsmən terrorçu elan etməyib), aşkar olunan kitablara ön sözün Yazıçılar Birliyinin aparıcı simalarından olan Rəşad Məcid tərəfindən yazıldığını və redaktorunun isə baş prokurorun əmisinin olduğu üzə çıxdı.
Yuxarıda qeyd etdiyim kimi, hizmət heç vaxt Azərbaycanda müxalifətə stavka etməz. Ağrımayan başına niyə dəsmal bağlasın ki. bundan əlavə Faiq spirtli içkilər qəbul edən olub. Hizmətdə isə spirtli içki qəti qəbul olunmur. Siqaret, qadınlara qarşı nəfsini boğa bilməməyə hardasa göz yuma bilərlər (çox da biruzə verməsələr), amma içki prinsipialdı.
Əsl hizməti müxalifət cərgəsində yox, allı güllü hakimiyyət koridorlarında axtarın cənablar. O qədər tapacaqsınız ki.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.