7 Avqust 2016
Mətni dəyiş
Sevda Sultanova
Fotoqraf Sitarə İbrahimovanın BBC Azərbaycanca-ya müsahibəsində dediyi “Biz 21-ci əsrdə yaşayırıq və bakirəlik problem olmamalıdır" fikri sosial şəbəkələrdə mental-emosional partlayış yaratdı.
Facebookdakı unikal şərhləri təmkinlə oxumağa çalışıram:
“21-ci əsr sadəcə mənəviyyatsız və şəxsiyyətsiz insanlara təsirini göstərə bilər. Zamanı və əsri fahişələr bəhanə gətirə bilər özlərinə”.
“Gedin paylayın, sonra da bir peysərə, oğraşa özünüzü sırıyın, sonra da deyin 21 əsrdir”.
“Bu qadın özü əxlaqsızdı ki, bakirəliyə önəm vermir. Bunun kimilərin ucbatından çox yerdə əxlaqsızlıq var”.
“Yığışdırın özünüzü, bura milli-mənəvi dəyərlərini qorumağa çalışan bir ölkədir... qərbin əxlaqsızlıqlarının təbliği ilə məşğul olmayın”.
Son şərhdəki bu ifadənin üzərində dayanıram: “milli-mənəvi dəyərlər”.
Məsələn, biz küçədə “milli-mənəvi dəyər”in mahiyyətinin nədən ibarət olması ilə bağlı sorğu keçirsək, respondentlərin çoxunun təsəvvüründə dərhal qadının cinsiyyət orqanının görüntüsü canlanacaq. Çünki Azərbaycanda qadının cinsiyyət orqanı milli - mənəvi dəyərin yeganə izahı, əxlaqın maddiləşmiş yeganə formasıdır...
Qadının cəmiyyətin normalarına qeyri-adekvat davranışlarını görəndə dərhal onun cinsiyyət orqanının toxunulmaz olub-olmamasının müzakirəsinə başlanılır. Məsələn, intihar faktı.
Sosiologiyanın əsasını qoyanlardan biri, fransız Emil Durkheim hələ keçən əsrin əvvəllərində məşhur “Suicide” monoqrafiyasında intihar aktını sosial-iqtisadi, siyasi durumla, ətrafda baş verən dəyişikliklərlə sıx bağlı olduğunu sübut eləmişdi.
21 əsrin Azərbaycanında isə intihar faktına ancaq bir prizmadan baxırlar, xüsusən də, intihar edən gənc qızdırsa. Gənc bir qız intihar edirsə, ağla gələn versiyalar ard-arda düzülür: ya bakirə deyildi, ya zorlanıb, ya nikahsız uşağa qalıb.
Yəni qadının intiharı cəmiyyətin ancaq qadın cinsiyyəti formasında gördüyü əxlaqla izah edilir. Bizim toplumun beyinində qadının intiharına alternativ baxış mövcud ola bilməz.
Halbuki Durkheimın intiharın dörd tipindən biri də "Fatalistic suicide" adlanır və izahı budur ki, bu tip intiharı şəxsi həyatı, düşüncələri sərt nəzarət altında olan insanlar həyata keçirir. Yəni biz qadın initiharının motivini onun azad seçiminin, hüququnun məhdudlaşdırlıması kimi nəzərdən keçirmirik.
Təkrara yenə ehtiyac var: çünki azərbaycanlının əxlaq anlayışının formulası mahiyyətcə bilojidir - qadının cinsiyyət orqanının toxunulmazlığından ibarətdir.
Müsahibəsində S.İbrahimova qadına cəmiyyətin münasibətinin dəyişməsinin, onun seçim azadlığının, təhsil almasının, qadın hüququnun vacibliyindən danışıb. O, Reflektor (Nikah gecəsi) layihəsindən əvvəl Qarabağ haqda layihə eləyib, Ağdamda, Tərtərdə çəkilişlər aparıb. Və bu layihə Venesiyada nümayiş olunub. Amma toplum bunu görmür, görmək istəmir. O, ancaq qadın cinsiyyət orqanı haqda onun ənənəvi düşüncəsinə əks fikirlər səslənəndə ayılır, üsyan edir.
Sənətdəki kompromissizliyinə görə vətəni Avstriyada o qədər də sevilməyən rejissot Ulrix Zaydl deyir: “Filmlərimdə kameranı özəyə, intimliyə tuşlayıram, bir qayda olaraq başqa rejissorlar obyektivi ordan çəkirlər. Filmlərimdə insanların görmək istəmədiyi şeylərdən çəkirəm”.
Sitarə də bu mənada obyektivini toplumun haqqında susduğu intimliyə, ağrılı nöqtələrə tuşlayır, “Erkən nikah” , “Abortlar haqqında” layihələr işləyib. Amma kütlənin bu, vecinə də deyil, o, Sitarəni fikrini azad ifadə eləməsini, azadlığını bağışlaya bilmir.
Mənim üçün Sitarənin gördüyü iş, ötürdüyü mesajlar, doqmaları qıcıqlandırması, "bu mövzuları cəmiyyətdə heç kim qaldırmasa, onların həlli də olmayacaq" cəsarəti, "bakirəlik testi" layihəsində özünün çəkilməsi-siyasi mübarizə, demokratiya uğrunda mübarizə aparan bir qadının mübarizəsindən daha əhəmiyyətli, faydalıdır.
Yaxud mühafizəkar, qeyri-sağlam mühitdə Xədicə İsmayılın onun özəl həyatına müdaxilə edən görüntülərə qarşı mətanətlə, ləyaqətlə dayanması, şəxsi həyatının toxunulmazlığına qarşı rekasiyası, mübarizliyi onun məşhur araşdırmalarından daha inqilabidir, bir siyasi partiyanın fəaliyyətindən daha effektlidir.
Çünki mentallığın diktaturası siyasi diktaturdan daha təhlükəlidir. Məsələn, siyasi müxalifətdə olan, demokratiya uğurunda mübarizə aparan adam var ki, evinə qonaq gələndə qadınının mətbəxdən çıxmasına izn vermir, ziyalı var ki, qadınların təhsilə cəlb olunması layihəsində işləyir, amma qızının xarcidə təhsilinə razılaşmır. Və kişinin ictimai mənada ləyaqətli olması hələ onun qadına ləyaqətli davranması anlamına gəlmir. Evindəki qadına azadlığını tanımayan adamın demokratiya uğrunda mübarizəsi də nəticəsizdir. Sürrealistlər nahaq demirdi ki, dünyanı dəyişməkdən ötrü öz şüurundan başlamalısan.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.