İlham Əliyev: "Bu il pambıq istehsalı 30 min tondan 100 min tona qaldırılacaq"

İlham Əliyev: "Bu il pambıq istehsalı 30 min tondan 100 min tona qaldırılacaq"
11 Avqust 2016
Mətni dəyiş
İlham Əliyev İsmayıllıda velosiped istehsalı zavodunun açılışında rayon ictimaiyyətinin nümayəndələri və müəssisənin kollektivi ilə görüşüb.
O bildirib ki, bu il kənd təsərrüfatı istiqamətində çox önəmli addımlar atılıb: "Bizim üçün ənənəvi, ancaq əfsuslar olsun ki, müəyyən dərəcədə tənəzzülə uğramış sahələri bərpa etmişik. İndi mənə deyirlər, bir sıra rayonlarda o cümlədən İsmayıllı rayonunda ailələr var ki, ay yarım ərzində baramaçılıqdan minlərlə manat pul qazanıb".
Prezident Aran zonasında pambıqçılığın inkişafının geniş vüsət aldığını qeyd edib: "Biz bu il keçən ilə nisbətən pambığın istehsalını üç dəfə artıracağıq, 30 min tondan 100 min tona qaldırılacaq. Gələn il 250-300 min ton olmalıdır".
İlham Əliyev əlavə edib ki, həm bölgədə, həm dünyada yeni situasiya yaranır, bazarlar uğrunda mübarizə gedir, məhsulu yetişdirmək hələ məsələnin həlli deyil:
"Onu daxili bazarda və yaxud da xarici bazarda satmaq lazımdır. Ona görə, fermerlərə kömək göstərmək üçün indi yetişdirilən bu məhsulların tədarükü ilə məşğul olan qurum da yaradılır. Kənd təsərrüfatında işləyənlər bilirlər ki, aqrolizinq vasitəsilə texnika verilir, gübrəyə, yanacağa, yetişdirilən məhsula görə nə qədər böyük subsidiyalar verilir. Fermerlər torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azaddırlar. Bu, çox ciddi bir proqramdır. Yenə də deyirəm, hər bir rayon üzrə rayonun potensialı maksimum dərəcədə realizə edilməlidir və ediləcək".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun