Qəhrəman Elgiz haqqında nə zamansa başqa bir səbəbdən, daha sevincli məqamla bağlı yazmaq istərdim. Amma görünür bu özü də bir qismətdir. Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin “Bu mənim taleyimdir” sözü artıq İstiqlal və Demokratiya savaşı aparan hər kəs üçün keçərli olub: bu bizim taleyimizdir.
Elgiz də bu taleyi yaşayır... Elgiz kiminə oğul, kim üçünsə qardaş, qohum, əmioğlu, dayıoğlu, dost, əqidə yoldaşı və s. statusundadır, bizim üçün isə daima üzündə təbəssüm dolu bir gənc və qürur duyacağımız insandır.
Elgiz tək yaşıyla deyil, həm də ruhu ilə bir gənclik gücü, enerjisi daşıyır özündə. Elgizi tanıyandan hər zaman onu gülərüz, pozitiv və müsbət enerjili görmüşəm. Əqidəli, mübariz və millətçi gənc.
Elgiz Qəhrəman Türkiyədə siyasi elmlər üzrə ali təhsil almış istedadlı gənclərimizdəndir. Həmçinin riyaziyyatçıdır. Azad, demokratik ölkədə anadan olsaydı Elgiz kimi gənclər dövlət idarəçiliyinə çəkilər, onların bacarıq və potensialından istifadə edilərdi. Amma əksinədir, yüksək təhsilli, geniş potensiallı gənclərimizin standart narkotik ittihamı ilə həbs edilməsi artıq acı gülüş doğuran adi hala çevrilib və hakimiyyətin öz rəqiblərinə, xüsusilə də gənclərə qarşı yürütdüyü primitiv, kobud repressiya siyasətinin göstəricisidir.
Voyniçin “Ovod”unda edama məhkum edilən inqilabçının məktubunda belə bir cümlə var: "Məni öldürürlər, çünki məndən qorxurlar". Elgizi həbs edib qazamata salmaqla, aciz durumda olduqlarını bir daha nümayiş etdirdilər. Çünki, zor və zülmdən başqa heç nəyə sahib olmayan bir sistem vicdanı ilə millətinə, dövlətinə xidmət etmək istəyənləri qəbul edə bilmir.
Bunlar rüşvətxor, qorxaq, millətini, dövlətini satmağa hazır olan nəsil yetişdirmək istəyirlər. Dünya görüşünə görə türkçü, millətçi olan Elgiz Qəhrəmanın guya Fətullah Gülən tərəfdarı olması haqda yalan məlumatlar yayaraq, həbsinə zəmin hazırlamaq şər və böhtanın misli görünməyən həddidir.
Elgiz Türkiyədə oxuduğu illər ərzində, azərbaycanlı tələbələrin liderlərindən olub. Ankarada olduğu 9 il ərzində bir çox tədbirlərin təşkilatçısı kimi tanınıb. Belə ki, bu illər ərzində 31 yanvar M.Ə.Rəsulzadənin doğum günü, 28 may Demokratik Cümhuriyyətinin yarandığı günün bayram törənlərində M. Ə. Rəsulzadəni anma və məzarının ziyarət olunmasının təşkilatçısı olub. Xocalı soyqırımı ilə bağlı təşkil edilən anım tədbirlərinin əsas təşkilatçılarından olub.
Elgiz Qəhrəman həmişə Güney Azərbaycan, Doğu Türkistan türkləri məsələlərinə milli məsələ kimi yanaşmış, mitinq və konfranslarda aktiv şəkildə iştirak etmişdir. Biz hər zaman səninlə, fəaliyyətinlə, dost və əqidə yoldaşı kimi qürur duymuşuq.
Bu gün sənin qarşında aciz olanlar səni narkotik ittihamı ilə şərləyib həbs ediblər. Səni də, onları da hamı yaxşı tanıyır. Bu gün həbs etsələr də sən sabah dövlət idarəçiliyində olacaqsan, demokratik və azad ölkə quruculuğunda ideologiyanı verənlərdən, onu icra edənlərdən olacaqsan. Vaxt gələcək səni şərləyənlər çox peşman olacaqlar.
Onlar milyonlar xərcləyib övladlarını oxuda bilməyənlərdir. Amma sən öz bilik və bacarığınla Türkiyənin ən yaxşı universitetində magistr dərəcəsinə yiyələnmisən. Yazını da Elçibəyin bir sözü ilə bitirmək istərdik. Bəy deyirdi ki, həbs qızılca xəstəliyidir və hər kəs onu keçirməlidir. Elgiz bu gün həmin “xəstəliyi” keçirir, amma bu xəstə sistemi sağaldacaq! QƏHRƏMAN kimi...