"Bank sektorunda 345 milyon manatlıq zərər yaranıb"

"Bank sektorunda 345 milyon manatlıq zərər yaranıb"
27 Avqust 2016
Mətni dəyiş
Mərkəzi Bank ilk devalvasiyadan sonrakı dövrlə bağlı bütövlükdə bank sektorunun fəaliyyətinin maliyyə nəticələrinə dair hesabat açıqlayıb. Bu barədə iqtisadçı ekspert Rövşən Ağayev məlumat yayıb. 
Ekspert bildirib ki, 2015-ci ildə bank sektoru üzrə 345 milyon manatlıq zərər yaranıb. Faizlərdən təxminən 2.5 milyard qazanıb, faizlərə görə 1.147 milyard manata görə müştərilərdən qazanıb. Nəticədə xalis faiz mənfəəti 1.4 milyard manata yaxın olub.
Qeyri-faiz gəlirlərindən 238 milyard qazanıb, 1 milyard xərc çəkib. Bank sektorunun məcmu kapitalı 600 milyon manatadək azalmaqla 3.6 milyard manata enib.
Bank aktivlərinin həcmi 34.9 milyard manata çatıb. Devalvasiyadan öncəki dövrə nisbətən aktivlərin strukturunda diqqət çəkən əsas dəyişikliklər bunlardır:
"Nağd vəsaitlərin və bankların Mərkəzi Bankdakı resusrslarının həcmi 2 dəfədən çox artıb və 4.9 milyard manata çatıb. 2014-də bu göstərici 2 milyard manatdan bir az çox idi. Bankların qiymətli kağızlara yönəltdiyi resurs 50%-dək artaraq 3 milyard manatı ötüb".
Passivlərin strukturunda baş verən əsas dəyişikliklər: Mərkəzi Bankdan cəlb edilmiş vəsaitlərin həcmi 1 milyard manatdan çox artaraq 2.5 milyard manatı ötüb; xaricdən alınan resursların həcmi 4.7 milyard manatdan təxminən 7 milyard manata yüksəlib. Böyük ehtimalla bu daha çox devalvasiya ilə əlaqədar əvvəlki dövrdə xarici valyutada alınan resursların yeni məzənnə ilə qiymətləndirilməsi ilə bağlı olub.
5 bankın aktivlərinin bank sektorunda payı 58%-ə yüksəlib - 2014-də bu göstərici 55% idi.
Rövşən Ağayev nəticə olaraq onu deyib ki, devalvasiya bank sektorunda təmərküzləşməni bir az da gücləndirib, sektor maliyyə ilini itki (zərər) ilə başa vurub, bank kreditlərinin aktivlərdə payı azalıb: "Durum bankları məcbur edib ki, işgüzar fəallığı resursla dəstəkləməkdən daha çox yüksək likvidli vəsaitləri saxlamağa daha çox diqqət ayırsın". 
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun