19 Avqust 2016
Mətni dəyiş
Rəşad Babalı
Azərbaycan "obıvateli"nin bəhanə uydurmaqda dünyada analoqu yoxdu desəm şişirtmərəm yəqin ki. Bütün uğursuzluqlara, prinsipsizliklərə, qorxaqlıqlara, riyakarlıqlara həmişə bəhanəsi var.
Məsələn belə bir giriş görə bilərsiniz. “Mən nə müxalifətçiyəm, nə də iqtidar tərəfdarı, bitərəf adamam”, “Müxalifət də, iqtidar da hamısı eynidi” kimi söz başlayanların böyük əksəriyyəti sözünə belə davam edirlər:
Bu müxalifət var ha, bunlar xaricdən pul alıb ölkəni satırlar. Bunlar hakimiyyətlə əlbirdilər. Neçə ildi müxalifətdədilər, əllərindən bir iş gəlmir. Gəncləri verirlər qırğına. Elə hey pisləyirlər. Bir dəfə də yaxşını deyin də və s.
Belələrinin ağzında iqtidarı birbaşa tənqid edən hər hansısa ifadə görməzsən. Uzaqbaşı belə deyəcəklər. “Ölkənin yiyəsi yoxdu, məmurlar harınlayıblar, özbaşınalıqdı, heyf deyildi sovet vaxtı, yesinləreee, amma iş də görsünlər də, bizi istəməyən qüvvələr imkan vermir, özü yaxşıdıyee, ətrafındakı qurdlar imkan vermir” və s.
Azərbaycanlı "obıvatel" elə hesab edir ki, bunun haqqını kimsə başqası qorumalıdı. Evində su gəlmirsə, uşağına yaxşı dərs keçmirlərsə, işdə aşağılanırsa, maaşı müxtəlif səbəblərlə kəsilirsə, vergi işləməyə imkan vermirsə, ev tikmək üçün icra dədəsinin qiymətini istəyirsə, məhəlləsində yol it günündədirsə, avtobusları Beyləqandan mal daşıyan maşınlardan da pis şəraitdədirsə, aldığı dərman sağaltmaq əvəzinə öldürürsə, dükan-bazardakı qidalar xəstəlik mənbəyidirsə bununla ancaq bir qrup adam məşğul olmalıdır.
Bir qrup adam bunlar üçün dubinka yeməlidi, həbsə düşməlidi, yazı yazmalıdı, tutulan müxalifətçilər üçün məhkəmə qarşısına getməlidi və ümumiyyətlə etiraz etməlidi. Orta statistik azərilər isə gündəlik həyat tərzlərini pozmamalıdılar.
Dəfələrlə belə bir halın şahidi olmuşam. Xüsusən jurnalist kimi işləyəndə. Hansısa şikayəti yazmağa, çəkməyə gedirsən. Başına yığışıb o ki var döşəyirlər. Aidiyyatı orqanın üzü-astarı qalmır. Elə ki deyirsən gedək bir yerdə şikayətinizi araşdıraq, aidiyyatı orqanda bəhanələr və aradançıxmalar başlayır. Bir bənanəylə yoxa çıxırlar. Ondan əmindilər ki, jurnalist həll etməlidi problemlərini. Hələ üstəlik şirinlik zad da təklif edirlər.
Azərbaycanlı "obıvatel"in əsas bəhanələrindən biri də budur ki, indiki müxalifət satılıb. Həm iqtidara, həm də xaricə. Xalqı düşünən yoxdu. Öz keflərindədilər. Hətta bunu deyənlər də tapılır: “Fikirləri ancaq hakimiyyətə gəlməkdi”. Necə səfeh düşüncə olması barədə müzakirə açmaq istəmirəm.
Müxalifətin olmadığını deyənlərə hər zaman belə qarşılıq verirəm: Deyirsiniz ki, Əli Kərimli, İsa Qəmbər satılıblar. Lap tutaq ki, elədi. Yoxdular, gücləri tükənib, marginallaşıblar. Amma bu faktı qəbul etməklə sənin problemin azalmır axı. Onlar yararsız çıxdılarsa, sən keç meydana. Göstər əsl müxalifət necə olur. Fədakarlığını, dözümünü, prinsipiallığını, davamlılığını sərgilə. Ortaya iş qoy. Alternativ ol və baxaq görək dilinə görə dilçəyin varmı?
AXCP və Müsavatı köhnənin qalığı sayanlara yeni qüvvəni göstərirəm. REAL hərəkatını. Demirdiniz ki, klassik müxalifət 1988-93 ab-havasından çıxmayıb, alın sizə yeni ünvan. Buyurun ora gedin. O təşkilatı gücləndirin. Elə mübarizə nümunəsi qoyun ki, klassik müxalifət utansın ki, mübarizələri onların yanında heçnədi. REAL İdarə Heyətinin üzvü saxlanıldı, amma səndən səs yoxdu əziz bəhanələr kralı.
Başqa ölkələrin təcrübəsində də görürük ki, aktiv siyasi mübarizə aparan bir ovuc adamdı. Onlar yazır, mitinqə çıxır, etiraz edir, həbsə düşür, qısası, əsas yükü öz üzərlərində daşıyırlar. Lakin onları bizdən fərqləndirən odur ki, aktiv siyasətə qatılmayan hissə passiv də olsa münasibətini göstərir. Aktivistlərə müxtəlif yollarla yardım edirlər. Ya pulla, ya iş tapmaqda kömək edirlər, həbsə düşənlərin ehtiyaclarını qarşılayırlar, qəzetlərini alırlar, maddi-mənəvi yardımlarını əsirgəmirlər. Bizdə bəs necədi? Nəinki yardım edilir, əksinə hansısa işəgötürən biləndəki işçisi müxalifətçidi çalışır ondan uzaq olsun. Bir bəhanə tapıb uzaqlaşdırır.
Yazar dostlar bunu yaxşı bilərlər. Hansısa yazın tutur, çox oxunur. Neçə-neçə adamın ürəyindən tikan çıxardır. Ancaq bir hissə olur ki, yazını paylaşmır, şərh yazmır. Ya zəng edərək, ya da mesaj kimi münasibətlərini bildirirlər. Bəhanələri də odur ki, filan yerdə işləyir, açıq deməsə də ürəyi əslində bizimlədi və s. Yəni istəyirlər ki bir qrup adamı qabağa verib qırdırsınlar. Gələn təzyiqin qarşısında da özlərini elə göstərirlər ki, sanki bu söhbətlərdən xəbərləri yoxdu. Buralı deyillər.