Azərbaycan niyə avropalı, amerikalı turistlərin üzünə bağlıdır? - Nurlan Hüseynov

Azərbaycan niyə avropalı, amerikalı turistlərin üzünə bağlıdır? - Nurlan Hüseynov
20 Avqust 2016
Mətni dəyiş
Nurlan Hüseynov
Azərbaycan öz yeni tarixində repressiv siyasət aparan hökumətiylə bərabər, dünyada qlamur, təntənəli musiqi və idman yarışlarına ev sahibliyi edən ölkə kimi tanınır.
Üstəlik, ekspertlərin fikrincə, Azərbaycanda bu yarışlara  olduqca yüksək məbləğdə pullar xərclənir. Hökumət bunu yarışları hazırlayan mütəxəssislərin, peşəkarların xaricdən gətirilməsinə və yarışların keçirilməsi üçün infrastrukturun qurulmasına görə olduğunu deyir.
Müxalif etirazçı kəsimin etirazlarına da hökumətin cavabı var. Belə ki, müxalifət kəsim bu yarışların ən azından indiki iqtisadi böhran şəraitində lazımsız olduğunu, xərclənən astronomik vəsaitlərin səhiyyəyə, elmə, insanların sosial rifahına xərclənməsinin daha məqbul olduğunu bildirir. Hökumət isə cavab verir ki, bu tədbirlər ölkəmizi dünyada tanıdır, ölkənin imicinə xeyir verir, ən sonda bu, ölkəyə turist axınına səbəb olacaq, əlavə gəlirləri artıracaq, sosial rifaha gətirib çıxaracaqmış.
Məqsəd və ideal kimi bu siyasi kurs hamı üçün keçərli hesab oluna bilərdi, ancaq reallıq və hazırki dəyişməyən siyasi iradə də bu məqsəd və amalı doğruldacaq yöndə getsəydi. Belə ki, Azərbaycan qonşu Gürcüstan və Ermənistanla müqayisədə hökumətin nə qədər pul xərcləməsinə və bunu nə qədər vurğuyla iddia etməsinə baxmayaraq, qapalı ölkə təəssüratı yaradır. Xüsusilə bunu hər 3 Qafqaz ölkəsinin paytaxtında və regionda olan adamlar müqayisəli şəkildə açıq-aydın görə bilərlər.
Əlbəttə, əslinə qalsa, biz iddiamızı rəsmi çıxışlara və rəsmi rəqəmlərə istinad edərək doğrultmalıyıq. Ancaq Azərbaycandakı ümumi vəziyyəti nəzərə alanda rəsmi mövqe və rəqəmlərin reallığa deyil, siyasi kursa uyğunlaşdırıldığını görürük. Bu da öz növbəsində jurnalist kimi bizi əlimizdə olan ən ciddi silahlardan - rəqəm, statistika və faktla danışmaq imkanından mərhum edir. Dövlət ciddiyyətindən uzaq uydurulmuş pozitiv rəqəmlər isə işimizi daha da çətinləşdirir, arqumentimizin əsas gücünü və etibarlılığını axsadır.
Amma həqiqətin elə sadə faktlarda üzə çıxmaq bacarığı var ki, bu da müşahidə və analiz nəticəsində mümkün olur. Əvvəla nə qədər deyilməsindən asılı olmayaraq, Azərbaycan bu illər ərzində deyilənin yarısı qədər də turist görmədi. Bunu faktsız, sübutsuz da deməyə əsasımız var. Ona görə ki, biz də bu şəhərdə yaşayırıq, bu şəhərin küçələrində dolaşırıq. İkincisi, vəziyyətin xarablığını, həqiqətin isə sadəliyini sübut edən televiziya hadisəsi də hamının yadındadır. Lider TV yerli sakindən xarici ölkədən gələn turist adıyla müsahibə götürüb efirə vermişdi və BBC ingiliscədə rişxənd xatirinə təqdim edilən bu video rolik izlənilmə rekordları qıraraq Azərbaycanı bütün dünyada "məşhurlaşmasına" səbəb olmuşdu. Turist axınına məruz qalan bir ölkədə televiziya kanalı belə bir addımı atmağı özünə necə rəva görə bilər? Ancaq Gürcüstanda olan hər kəs Tbilisinin turistik şəhər olduğuna vicdan təmizliyilə şahidlik edə bilər. Çox saylı turist axınına Gürcüstan bahalı yarışlara ev sahibliyi eləməklə yox, sadəcə açıq ölkə olması ilə, siyasi iradənin doğrudan da ölkəni turistik ölkə etməyə çalışması nəticəsində nail olub.
Belə ki, hazırda 94 ölkənin vətəndaşı Gürcüstana vizasız gəlib bir il qala bilər. (Link)
Müqayisə üçün Ermənistanda bu rəqəm 40 ölkədir. (Link
Azərbaycandakı göstərici isə hökumətin yenə faktlarla və rəqəmlərlə necə manipulyasiya etdiyini bir daha ortaya qoyur. Belə ki, Azərbaycana  61 ölkə vətəndaşının vizasız gediş-gəlişi olmasını əks etdirən açıqlamalar var, ancaq məlum olur ki, bu vizalar sırf diplomatik gediş-gəlişə aiddir. Sıravi xarici vətəndaşlar üçünsə əslində bu rəqəm 8-dir, yəni Azərbaycanın cəmi 8 ölkə ilə vizasız gediş-gəlişi var, bunlar da əksərən MDB ölkələridir.
Ölkənin qapalı olması haqqında bundan açıq fakt ola bilərmi? “Wanderlust” səyahət və turizm jurnalının araşdırmasına görə, Azərbaycan dünyanın 10 ən çətin viza verən ölkəsindən biridir. (Link) 
Bu açıq və qarşısında arqument qoyulması çətin olan bir faktdır. Biz bu arqumentlə ən azı Mədəniyyət və Turizm nazirliyindən hesabat tələb etməliyik.
Bütün bunlar bizə iddiamıza turist sayı ilə bağlı statistika olmadan da davam etmək ixtiyarı verir. Beləliklə, ölkəsində turist axınına nail olmaq istəyən bir hökumət məntiqlə ilk olaraq, ölkəni ən çətin viza əldə olunan ölkələrin siyahısına salmağa deyil, bacardıqca daha çox ölkə ilə vizasız gediş-gəlişi təmin etməyə çalışmalıdır.  Ölkəni belə bir siyahıya salan hökumət vətəndaşlarını necə inandıra bilər ki, o, bütün bu bahalı idman yarışlarını, bu siyasəti ölkəni tanıtmaq və turist cəlb eləmək üçün edir?
Müasir dünyada turistlərin əksəriyyəti məhdud büdcə ilə səyahət edən tələbələrdən və təqaüdlə dünyanı gəzməyə çıxan yaşlı insanlardan ibarətdir. Onların səyahət edəcəkləri ölkəni müəyyənləşdirən əsas bir neçə faktor var: ucuz qiymətlər, asan əldə olunan və ucuz başa gələn viza. Hökumət bu tələblərə cavab verəcək heç bir iş görmədiyi halda, ölkənin turist qazanmaq potensialının olması nəzəri cəhətdən sadəcə olaraq mümkün deyil. Üstəlik, bu balaca Qafqaz ölkəsi Norveç və ya İsveçdirmi ki, yüksək rifaha nail olmuş cəmiyyəti, inkişafı, əsrarəngiz təbiəti görməyi arzulayan varlı turisti özünə cəlb eləsin?
Yaxşı, bəs Azərbaycan kimi bir ölkə hansı məziyyətləri ilə turist cəlb edə bilər?
Bu mənada Qafqaz ölkələrinin bir üstünlüyü var və biz bundan da özümüzü mərhum etmişik. Qafqaz ekzotik brenddir. Bura səfər etmək istəyən, bu regionu öyrənmək istəyən çox sayda insan var. Qonşularımız Ermənistan və Gürcüstan regiona turist cəlb edən əsas dövlətlərdi. Bundan əlavə, Gürcüstanın bütün Avropada yaxşı reklamı gedir, nəticədə bu ölkəyə turist axını baş verir. Turistlər Gürcüstana gələndə isə, hazır gəlmişkən, bütün Qafqazı gəzmək - vaxt ayırıb Ermənistana və Azərbaycana da getmək istəyirlər. Ancaq nə baş verir?
Bu adamların əksəriyyəti Ermənistana rahatca keçə bilir, oranı gəzib öyrənirlər, ancaq təəssüf ki, bu avropalı və amerikalı turistlərin Qafqaz səfəri Azərbaycansız yekunlaşır. Çünki onlar Ermənistan və Gürcüstanla müqayisədə Azərbaycanda insanı qıcıqlandıracaq dərəcədə çətin viza proseduru və baha viza qiymətləriylə (100 dollar) üzləşirlər, belə demək mümkünsə, mədəni şəkildə Azərbaycanın qapısından qovulurlar. Beləliklə, Qafqazı gəzməyə, öyrənməyə gələn turist, Gürcüstanı, Ermənistanı başdan ayağa gəzir, yazıçısını, şarini tanıyır, mədəniyyətindən nəsə öyrənir, əlaqələr qurur. Azərbaycan isə Qafqazın içində ola-ola, öz qapalılığı üzündən bunlardan mərhum, dünyanın gözündən, könlündən uzaq qalmaqda davam edir.
Ölkəni tam qapayıb, insanlarını müasir dəyərlərin daşıyıcıları olan sıravi adamlarla, tədqiqatçılarla, akademiklərlə ünsiyyətdən mərhum edən bir siyasi kursun məqsədinin nə olması haqqında hər kəs özü düşünüb, nəticə çıxara bilər. 
Bu qapalılıq siyasəti bizim bugünkü rəqabət dünyasında yerimizi çox konkret müəyyənləşdirir. Qafqaza qədər gəlib çıxan turist, avropalı və amerikalı rahatlıqla Ermənistana gedib insanlarla ünsiyyətdə ola, şərabdan, konyakdan içə, Ararat dağlarında dincələ bilir, ancaq Bakı kimi şəhər onlar üçün əlçatmaz olaraq qalır. Bir sözlə, Azərbaycan xarici dünyaya müharibə şəraitində olduğu dövlətin dağı qədər əlçatan deyil.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun