9 Avqust 2016
Mətni dəyiş
ABŞ şirkəti Cənubi Koreya nəhənginə qarşı məşhur brendlərin dəstəyini alıb
Apple” korporasiyası əsas rəqibi “Samsung”la patent mübahisəsində məşhur dizaynerlərin dəstəyini alıb. 100-dən çox dizayner müvafiq ekspert rəyinə imza atıb.
ABŞ Ali Məhkəməsinə göndəriləcək ekspert rəyi ümumilikdə 111 peşəkar, o cümlədən “Calvin Klain”, “Paul Smith”, “Alexander Wang” geyim firmalarının dizaynerləri, eləcə də məşhur memar Norman Fister tərəfindən imzalanıb. Bundan başqa, “Louis Vuitton”, “Bentley”, “Microsoft” nümayəndələri də “Apple”a dəstək veriblər.
Mübahisə “iPhone” smartfonlarının zahiri görünüşünün “Samsung” tərəfindən “Galaxy” smartfonlarında istifadə edilməsi barədə “Apple”ın ittihamı ilə əlaqədardır. Bu barədə məhkəmə çəkişməsi 2011-ci ildən bəri davam edir.
"Samsung" təzminatın məbləğini azaltmaq uğrunda mübarizə aparır
Əvvəlcə məhkəmə “Apple”ın tələbini haqlı sayaraq, “Samsung”u öz rəqibinə 930 milyon dollar təzminat ödəməyə məhkum edib. Lakin “Samsung” ötən ilin mayında məhkəmə qərarına yenidən baxılmasına nail olub, nəticədə təzminatın məbləği 548 milyona endirilib. Hazırda “Samsung” bu məbləğin də aşağı salınmasına çalışır.
Ekspert rəyində bildirilir ki, istehlakçının nöqteyi-nəzərindən cihazın zahiri görünüşü onun özəllikləri, funksiyaları haqda təsəvvür yaradır və “Apple” smartfonlarının dizayn elementlərinin başqası tərəfindən istifadəsi şirkətin gəlirlərinə zərbə vura bilər. Bu səbəblə şirkətə təzminat ödənməlidir.