3 Avqust 2016
Mətni dəyiş
Rəşad Babalı
11 il əvvəl ANS-də qəribə bir hadisənin şahidi oldum. Əslində baş verənlər ssenarisi əvvəldən danışılmış (yazılmış deyə bilmirəm, çünki anlaşma, təlimatlandırma vardı) bir tamaşaydı. Amma əvvəlcə kiçik bir giriş verim.
Corc Oruelin “Heyvanıstan” əsərində belə bir səhnə var. Fermaya nəzarət edən Napaleon adlı donuz ona sui-qəsəd hazırlanmasından şübhələnir. Qarşı çıxanları elə ifşa edir ki, bir çox heyvan bu ittihamı qəbul edib göz görə-görə ölümə gedirlər. Sonlarının nəylə nəticələnəcəyini bildikləri halda günahlarını “etiraf” edirlər. Əsərin ən təsirli hissəsi də mənim üçün bu bölümüdür.
C.Oruelun “Heyvanıstan” əsərində Stalin SSRİ-sini tərənnüm etdiyi bu gün şübhəsizdi. Bütün personajlar, hadisələr 1917-ci ildən 1940-cı illərə qədərki sovetlərin tarixini alleqorik dillə təsvir edir. Stalin represiyaları zamanı insanların yuxarıda təsvirini verdiyim şəkildə davranmalarına o qədər heyrət edirdim ki. Onsuz da sonunun nə olduğunu bilirsən də. Dəyişmək imkanın da sıfıra bərabərdir. Eləysə niyə son anlarında belə müqavimət göstərmək istəmirlər?
2005-ci ilin yaz aylarıydı. ANS-də bir ay idiki işə başlamışdım. Oranın mühitini hələ götürə bilməmişdim. Əfsanələşdirilmiş Çingiz Mustafayev adının çevrəsində mistik bir ANS təsəvvürü vardı. Elə bilirdimki Mirşahin yüksəklik etalonudu. Efirdə gördüyümüz ütülü adamın həyatı da ütülüdü. Üstəgəl ölkədə demokratik mühitin keşikçilərindən biri kimi ANS-i sayırdım.
Heç bir kanalda eşitmədiyimiz tənqidləri ANS efirindən eşidirdik. Belə bir atmosfer hələ məni tərk etməmişdi. Danışacağım hadisəyə qədər. ANS-in bölgə müxbir postlarından birində rüşvət alma faktı olmuşdu. Əslində fakt kimi üzə çıxmaya bilərdi. Sadəcə operatorla müxbir bir-birilərini baqaja qoymuşdular.
Belə ki, hər müxbir, həm də operator rəsmi qurumlardan müxtəlif əşyalar almışdılar. Xatırladığım qədəriylə onlardan biri bir neçə stul və masaydı. Bunların aralarında konflikt baş verib və iş yoldaşları paxırlarını açıblar.
ANS-in qırmızı meşin örtüklü stullarının olduğu studiyasını xatırlayarsınız yəqin. Mirşahinin 90-cı illərlə bağlı siyasiləri məşhər ayağına çəkdiyi məşhur studiya. Bax həmin yerdə ANS-in bütün müxbir, operator heyətini yığdılar ora. Bütün bölgə müxbir postlarının işçilər də çağrılmışdılar. Tədbirin əvvəlindən hiss olunurdu ki, gərgin şəraitdə keçəcək. Qeyri-rəsmi məhkəmənin qurulacağı isə suçlular əhvalatı danışarkən hiss olundu.
Moderatorluğu (hakimlik də demək olar) Mirşahin edirdi. Əvvəl suçlular danışdılar. Etdiklərini boyunlarına aldılar, amma bir-birilərini günahlandırdılar. Daha sonra M.Ağayev sözü digər bölgələrin müxbirlərinə və operatorlarına verdi. İstisnasız olaraq söz verilən bütün işçilər rüşvətxorları ağır şəkildə qınadılar və bircə o qalmışdı ki dar ağacından asılmaları tələb olunsun. Hətta uşağa da agah idi ki, danışanlar öyrədilmişdilər. Emosiyaları da sözləri kimi özlərinki deyildi.
Mirşahin isə özünü o yerə qoymurdu. Ortaya salınmış “qladiator”lara nə bir hikkə, nə bir əsəb vardı. Sanki arbitraj məhkəməsinin sədriydi. Femida yerinə Mirşahin durmalıydı.
Söz verilən hər kəs “ürək sözlərini” dedikdən sonra Mirşahin “rüşvətxor”ların maddəylə işdən azad olunduqlarını elan etdi. Bu cür halların ANS-in peşə əxlaqıyla bir yerdə ola bilməyəcəyi, bu qaydaları pozan hər kəsə qarşı amansız olunacağını elan etdi. Məhkəmə şousundan sonra hamı öz işinə qayıtdı. Bəlkə mən yanılıram, deyəsən köhnələr belə tamaşalara öyrəncəliydilər. Şok keçirdikləriylə bağlı təəssürat görə bilmədim simalarından.
Qovulan işçilərə bircə sual verdim ki, bura gələndə bilirdiniz ki qovulacaqsınız? Hər ikisi müsbət cavab verdi. O zaman içimi yandıran növbəti suala keçdim. Bildirdinizsə niyə bu şouda alət olmağa razı oldunuz? Özünüz ərizə yazıb çıxardınız da. Sadəcə başlarını yellədilər.
Xatirəmi qələmə almağa bu yaxınlarda baxdığım kadrlar vadar etdi. Keçmiş İraq diktatoru Səddam Hüseyn bir toplantıda bir neçə nəfəri qaldırıb onların özünə sui-qəsd hazırladıqlarını bildiyini və etiraf etmələrini istədi. Nəinki həmin şəxslər, adlarını çəkmədiyi başqaları da yerlərindən qalxıb suçlarını boyunlarına aldılar. Sonradan hamısı güllələndi.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.