Totalitar və repressiv rejimlər - Bəhruz Səmədov

Totalitar və repressiv rejimlər - Bəhruz Səmədov
19 İyul 2016
Mətni dəyiş
Bəhruz Səmədov
Ölkəmizdən də yan keçməyən ideologiyasından və metodlarından asılı olmayaraq, totalitar sistemin əsas “antropoloji” məqsədi insan təbiətinin dəyişdirilməsi, manqurtlaşdırılması, insan qanında olan “azadlıq toxumunun” puç və repressiv ideologiya ilə doldurulmasıdır. Düşünürəm, çoxumuz elə gündəlik həyatımızda homo totalitaricus sinfinə aid insanlarla üzləşmişik. Onların şəxsiyyəti o qədər transformasiyaya məruz qalıb ki, artıq totalitar rejim üçün onlar ideala çeviriliblər. Müxalif hər-hansı bir fikir onların üzündə qorxu və digər neqativ emosiyalara səbəb olur.
Sovet totalitar rejiminin nasist totalitar rejimi üzərində qələbəsi bu günlərdə qeyd edildi. Stalinizm və nasiszmin dəhşətlərini öz və yaxınlarının üzərində görmüş yəhudi əsilli sovet yazıçısı Vasiliy Qrossmanın “Həyat və tale” romanını bu günlərdə oxumaq yerinə düşdü. Kitabda onlarla insan taleyi təsfir olunur, totalitar rejimlərin insanları fiziki və mənəvi məhv edilməsi açıqca göstərilir. Təbii ki, Sovet rejimi kitabı uzun illər boyunca qadağan edir, möcüzə nəticəsində it-bat olmayan kitabın əlyazması ilk dəfə müəllifin ölümündən sonra İsveçrədə 1980-ci ildə, daha sonra "perestroyka" vaxtı Sovetlər Birliyində çapdan çıxır. Bu çaplarda belə bir neçə “təhlükəli”, post-Stalin dövrünün tənqidi olan hissələr yığıştırılır...
V. Qrossmanın kitabı nəhəngdir, buna baxmayaraq əsas fikir, düşünürəm ki, romanın birinci hissəsinin 50-ci fəslində verilib. Totalitarizmin insanları nə günə saldığına bir baxın:
“Bu zamanlar ortaya çıxan ən qəribə hallardan biri də insan təbiətinin itaəti oldu. Bəzən elə hallar olurdu ki, edam yerinə uzun növbələr yaranırdı, qurbanlar özləri bu növbələri tənzimləyirdilər. Bəzən elə hallar olurdu ki, edamı səhərdən gecəyə kimi, qızmar günəş altında gözləmək gərəkirdi, bunu bilən analar əvvəlcədən özləri ilə uşaqları üçün su, çörək gətirirdilər. Milyonlarla günahsız həbsin yaxınlığını hiss edərək əvvəlcədən ağ paltar, dəsmal hazırlayırdılar, əvvəlcədən yaxınları ilə vidalaşırdılar. Milyonlar özlərinin tikdiyi və hətta qoruduğu nəhəng lagerlərdə yaşayırdılar.
Artıq on minlər və on milyonlar yox, nəhəng kütlə günahsızların məhvinin şahidi olurdu. Ancaq təkcə şahid yox: əmr gələndə, səs verirdilər, kütləvi qətllərə öz birmənalı razılıqlarını bildirirdilər. İnsanların bu təvəkkülündə gözlənilməz bir şey aşkar edildi.
Təbii ki, dirəniş var idi, məğlubiyyətə düçar olmuşların qəhrəmanlığı var idi, üsyanlar olmuşdu... Ancaq yenə də əsasən insanların kütləvi itaəti müşahidə olundu.
Bu nədən xəbər verir? İnsanda birdən-birə əmələ gəlmiş yeni xüsusiyyət? Xeyr – bu itaət insanlara təsir edən yeni dəhşətli qüvvədən xəbər verir. Totalitar sosial sistemlərin şəxsiyyətə olan üst təcavüzü kontinentlər seviyyəsində insan ruhunu paraliç səviyyəsinə sala bildi”.
Buradan nəticə çıxa bilər ki, insan təbiəti totalitar diktaturanın repressiya maşını insanların beynini yuyur, təbiətini transformasiyaya məruz qoyur... Bu totalitarizmin qələbəsi mənasına gətirir mi? Tarixdən və günümüzdən misallar əksini göstərir – ərəb baharı insan təbiətinin totalitarizmə zidd olduğunu göstərdi. Hər nə qədər rejim insanlara basqı göstərsə, bir gün bu təsir əks nəticə doğurur.
“Varşava gettosunda, Treblik və Sobiborda böyük üsyanlar, partizan hərəkatları, Hitlerin işğal etdiyi ərazilərdə baş verənlər, poststalin dövründə 1953-cü il Berlin və 1956-cı il Macarıstan üsyanı, sibir və uzaq şərqdə Stalinin ölümündən sonra düşərgələrdə üsyanlar, Polşada azadlıq hərəkatı, zavodlarda aksiyalar göstərdi ki, insan təbiəti hər zaman azadlığa yönəlib. O, yatırılmışdı, amma varlığı məhv edilməmişdi. İnsan qul taleyi yaşaya bilər, amma təbiətcə qul ola bilməz.
Totalitarizm zorakılıqdan imtina edə bilməz. Zorakılıqdan imtina, totalitarizmin sona demək olar. Əbədi, birbaşa və ya gizli davam edən zorakılıq totalitarizmin əsasıdır. Çünki insan könüllü azadlıqdan imtina edə bilməz. Bu nəticə bizim indimizə və gələcəyimizə işıqdır”.
Totalitarizmin məqsədi insan, cəmiyyət, dövlət, partiya, ictimai həyatın bütün strukturlarının birliyinə nail olmaqdır. Elə birlik ki, orada ancaq bir fikir var və əks fikir cinayət kimi qarşılanır. Dövlət insanlar üçün mövcud deyil, əksinə insanlar dövlət üçün mövcud olduğundan, fərd vətəndaşın, vətəndaş öz növbəsində baş əyən bir simanın qurbanına çevrilib. Fərdlər zorakı dövlət aparatı qarşısında tək qalır. Bu, əlbəttə, sosial qüvvələri paralizə edir. Konformizm, “palaza bürün, elnən sürün” prinsipi insanları kor kütləyə çevirir. Totalitarizmin əsas məqsədi də budur.
Ancaq necə olur ki, bu zorakı sistem gec-tez çökür?
Ardı var
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun