28 İyul 2016
Mətni dəyiş
Fidan Cahangirli
Atalarımız yaxşı deyib, vaxtı ilə ölsün o pis ki, yerinə yaxşı gələcək. Çinar kimi kök salmış qocaman məmurların əvəzinə cavan kadr gələcəyini eşitdikdə hamımız bir nəfər kimi sevindik. Sevindik ki, nəhayət bizim də yeni, xaricdə təhsil almış, dünya görüşlü, cavan, islahatsevər bir nazirimiz olacaq.
Sevindik ki, orta məktəblərdə süpürgə pulu yığışdırılacaq, dərsliklər yeniləcək, ümumi ölkədə təhsil səviyyəsi qalxacaq. Sevindik ki, rüşvət aradan qaldırılacaq, əvəzinə isə xarici teleseriallarda gördüyümüz kimi məktəblər, müəlllim-tələbə münasibəti, dərsə olan maraq səviyyəsi dəyişəcək.
2013-cü ildə keçmiş təhsil naziri Misir Mərdanov postunu özündən qat-qat daha cavan, bizim üçün yeni nəfəs olacağını düşündüyümüz Mikayıl Cabbarova ötürdü. Bəli, Mikayıl müəllim də postuna yerləşər-yerləşməz islahatlarına başladı. Onun fikirlərinə görə, təhsil sistemində əsas meyar biliyin səviyyəsi olmalı idi. 24 oktyabr 2013-cü il tarixli “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nda təhsilin səviyyəsinin artırılması üzrə mühüm tədbirlər keçirildi. Sabah qruplarının açılması ilə xaricdə təhsil almaq istəyən tələbələrin dövlət proqramı şansı əlindən alındı.
2013-2014-cü tədris ilində müəllimlərin işə qəbulu, onların iş yerlərinin dəyişdirilməsi, təhsil yükünün optimallaşdırılması üzrə islahatlar aparılıb. Dərsliklərin hazırlanmasında köklü dəyişikliklər edilib. Təhsil sisteminin maddi-texniki bazasının gücləndirilməsi üzrə mühüm iş aparılıb. Peşə təhsili müəssisələri texniki avadanlıqla təchiz edilib. İdarəetmə sahəsində dəyişiklik pilot layihə çərçivəsində Bakı məktəblərinin direktorları üçün beşaylıq hazırlıq kursları təşkil edilib. Həmin kursların iştirakçıları imtahan zamanı təkcə ənənəvi bilikləri yox, həmdə idarəçilik sahəsində bacarıqlarını nümayiş etdiriblər. 2013-cü ildə altı yaşına çatmamış xüsusi istedadlı uşaqlar üçün məktəbə vaxtından əvvəl qəbul üzrə yeni qaydalar tətbiq edilib. XI sinif məzunlarının hamısına attestatların verilməsi qərara alınıb, müəllimlərin həftəlik tədris yükü 24 saatdan 36 saatadək artırılıb, ümumtəhsil məktəblərinin direktorlarına təsərrüfat məqsədləri üçün aylıq vəsait verilməsinə başlanılıb, “Müəllimlərin Etik Davranış Qaydaları” təsdiqlənib. 2013-cü ildə Bakıda və regionlarda 144 yeni məktəb və 13 məktəb üçün əlavə korpuslar inşa edilib, 115 məktəbdə əsaslı təmir işləri aparılıb.
və 2013-cü ildən bu yana sayını unutduğum qədər məktəbdə müəllimi tərəfindən döyülən şagirdlər, rayon məktəbində müəllimi tərəfindən zorlanıb hamilə qalan qız, içi arqo, yaltaqlıq, saxtakarlıq dolu məktəb dərslikləri, getdikcə daha da ölən təhsil həvəsi, günü-gündən azalan savadlı cəmiyyət nümayəndələri günümüz Azərbaycanında əsaslı bir hissəni təşkil edirlər. Təkcə 2016-cı ildə I qrup - 31397 abituriyentdən 19991-i, II qrup - 22135 abituriyentdən 11514-ü, III qrup - 19673 abituriyentdən 10138-i, IV qrup - 5340 abituriyentdən 2517-i mümkün 700 baldan 200 bal toplaya bilməyib . Cəmi: 78545 nəfərdən 44160-ı 200 baldan az toplayıb. Attestat imtahanından 36000 şagird Azərbaycan dilindən 2 alıb. Rəsmi statistika bizə nələri hayqırır? Hələ də gözümüzü yumub hər şey yaxşıdır deyə bilərikmi? Hələ də günü-gündən inkişaf edirik deyib kor-koranə alqış tuta bilərikmi? Gənc, xaricdə təhsil alıb əsas strukturlardan birinə rəhbər heç də inkişafa ümid doğurmur artıq. Utanmasam, Misir Mərdanovun nazirlik dönəmi üçün darıxdığımı deyəcəyəm…