20 İyul 2016
Mətni dəyiş
A mollalar, niyə məni döyürsünüz? Olmaya məndən qorxursunuz? Olmaya qorxursunuz ki, əyilib camaatın qulağına? Olmaya qorxursunuz ki, məcmuənin vərəqlərini nökərlər samavar alışığı edə-edə və şəkillərini uşaqlar oynada-oynada axırda camaat gözünü açıb bəzi işlərdən xəbərdar ola? Olmaya siz başa düşürsünüz ki, bir məmləkətdə iki padşah və bir əsrdə iki molla ola bilməz: ya Molla Xəsrəddin, ya Molla Nəsrəddin?
Heç eybi yoxdur, döyürsünüz döyünüz. Amma bunu da biliniz, ey mollalar ki, günlər dolanar, sular axar, zəmanə təzələnər və axırda yetim-yesir və keçəl-küçəl qardaşlarım dostu ilə düşmənini tanıyıb haman yoğun dəyənəkləri sizin əlinizdən alar və başlar... dəxi dalısını demirəm....
Və bu da o vaxt ola bilər ki, keçə-küçəl, tumançaq və banbılı, bit və sirkəli qardaşlarım sizlə mənim təfavütümü başa düşələr. Hərçənd ki, siz də mollasız və mən də mollayam və lakin bizim aramızda bir balaca fərq var.
Başağrısı da olur. Amma bu barədə bir neçə söz deməyi lazım görürəm.
Bizim təfavütümüz bir neçə qismdir:
Əvvələn, mən molla ola-ola müsəlman qardaşlarıma vəz edən vaxt deyirəm: bir Allaha sitayiş edin, bir də peyğəmbərə və imamlara itaət edin. Amma siz deyirsiniz: Allaha da sitayiş edin, peyğəmbərə də, imamlara da, mollalara da, dərvişlərə də, ilan oynadanlara da, fala baxan, tas quran, dua yazan, cadukün, həmzad, əcinnə, kəlilə, dimnə, şeytan, div, mərrix, sərrix, tərrix, amax, saşan, küflə qurdu, mığmığ, mozalan - bunların cümləsinə sitayiş edin!
İkinci, mən də mollayam, siz də molla. Amma mən müsəlman qardaşlara deyirəm: ey müsəlmanlar, gözünüzü açınız, mənə baxınız; amma siz mollalar deyirsiniz: ey müsəlmanlar, gözünüzü yumunuz, mənə baxınız.
Üçüncü, mən bir müsəlman uşağı küçədə görəndə deyirəm: bala, burnunun fırtılığını sil. Və haman uşaq arxalığının sol qolu ilə başlayır burnunu silməyə. Amma siz mollalar haman uşağı görəndə deyirsiniz: gədə, qırışmal, qaç atana de ki, vədə elədiyini bu gün göndərməsə, bir elə bəd-dua oxuyaram ki, yeridiyi yerdə daşa dönər.
Dördüncü: mən də mollayam, siz də mollasız. Amma bir balaca təfavütümüz də budur ki, mən heç olmasa bir parça qalın kağız üstə bir neçə nağıl-nuğul yazıb ilan-qurbağa şəkli çəkirəm və paylayıram müsəlmanlara ki, oğul-uşaq şəkillərə baxıb gülsünlər və nökərlər kağızını alışıq edib, asanlıqla ocağı yandırsınlar. Amma siz mollalar deyirsiniz: uşaqların da canı cəhənnəmə, nökərlərin də!
Siz mollalar deyirsiniz:
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!
Qoy mən tox olum özgələri ilə nədir karim,
Dünyavü cahan ac olur olsun nə işim var?!
Səs salma, yatanlar ayılar, qoy hələ yatsın,
Yatmışları razı deyiləm kimsə oyatsın,
Tək-tək ayılan varsada həq dadıma çatsın,
Mən salim olum cümlə cahan batsada batsın;
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!
Salma yadıma söhbəti tarixi cahanı,
Əyyami-sələfdən demə bir sözdə filani,
Hal isə gətir meyl eləyim domlanı, nani,
Müstəqbəli görmək nə gərək, ömürdü fani;
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!
Övladi vətən qoy hələ avarə dolansın,
Çirkabi-səfalətlə əli, başı bulansın,
Dul övrət isə sailə olsun, oda yansın,
Ancaq mənim avazeyi-şənim uçalsın;
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!
Hər millət edir səfheyi-dünyada tərəqqi,
Eylər hərə bir mənzili-məvada tərəqqi,
Yorğan-döşəyimə düşə gər yadə tərəqqi,
Bizdə edərik aləmi-röyada tərəqqi;
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!
"Molla Nəsrəddin", 28 aprel 1906, № 4
Müəllif: Cəlil Məmmədquluzadə
Nəzm: Mirzə Ələkbər Sabir