Nəyə görə 90-lar?!

Nəyə görə 90-lar?!
30 İyul 2016
Mətni dəyiş
İlk olaraq qeyd edim ki, 90-lar deyərkən hec də 1990-cı illərdə doğulanlar nəzərdə tutulmur. 90-lar deyərkən böyümə periodunu 90-cı illərdə yaşamış 80-ci illərin ortalarından 90-cı illərindən ortalarına qədər doğulanları nəzərdə tuturam.
Bəs nəyə görə 90-ları "Son mogikanlar", son qurtuluş yolu sayıram? Çünki ondan qabaqkı nəsil ölkənin müstəqilliyini, azadlığını qazansa da azad cəmiyyət yaratmağa nail ola bilmədilər. Bir çoxu çıxılmaz vəziyyətdə qalıb hakimiyyəti təhvil verdi, bir qismi mübarizədən yorulub indiki hakimiyyətin bir hissəsinə çevrildi. Geridə qalan qisim isə xalqın gözündə öz müxalif legitimliyini itirdi, bir sözlə, xalqın onlara güvəni qalmadı.
Bu zaman içində isə hakimiyyət daha da gücləndi, daha da dərin kök saldı. Eyni zamanda söz azadlığı, seçib-seçilmək azadlığı, toplaşmaq azadlığı tamamilə məhv edildi, səhiyyə və təhsil sistemi isə inkşafdan qalmağı keçin, hətta bərbad hala düşdü.
90-larda böyüyən gənclik o təhsil sisteminin çöküşə başladığı, amma hələ çökmədiyi bir dövrdə öz məktəb təhsillərini başa vurdular. Biz son nəsil idik ki, məktəb dərsliklərindən Dostayevski, Çingiz Aytmatov, Axundov, Cəlil Məmmədquluzadə, Sabir və başqa yazıçıların povest, hekayə və şeirlərini oxuduq.
Bəs sonra nə oldu? 2000-ci illərin ortalarından başlayaraq mədhiyyəçilik, yaltaqlıq dərsliklərə sürətlə yayılmağa başladı. Bunun nəticəsi isə göz qabağındadır ki, bizdən sonrakı nəsil yuxarıda sadaladığım ədəbiyyatlar əvəzinə "Vor v zakone", kriminal ədəbiyyatlara və həyatlara maraq göstərərək təhsildən uzaqlaşdılar və öz aləmlərində "lotu" həyatı yaşamağa başladılar.
Təbii 90-larında içində heç də hamısı ictimai-siyasi aktivlik göstərmədi. Siyasi yumuşaqlıqdan istifadə edib siyasi və sosial təşkilatlanma da bu dövr üçün sürətli getməyə başladı. Həmin təşkilatların çoxunu 80-lərin ortasında doğulanlar yaratdı, maariflənənlər və fəallaşanlar isə 90-lar oldu.
Təşkilatlanma prosesi gənclərin yaratdığı "Dalğa", "Yox", "OL!" hərəkatıları ilə başlayıb, "Nida", "Azad Gənclik", "Müsbət dəyişiklik" təşkilatları ilə davam etdi. Biz 90-lar həm də ona görə şanslı olduq ki, bir damcı da olsa siyasi yumuşaqlıqdan istifadə edib AFU-nun seminarlarına, Norveç İnsan Haqları Evinin seminar və maarrifləndirici tədbirlərinə qatıla bildik, "Alma" qazetini oxuya bildik.
Və sonra nə oldu? Təbii sistem daha da sərtləşdi və bu institutlar, təşkilatların bir çoxu bağlandı. Bu da bizdən sonrakı nəsli bu ictimai-siyasi maariflənmədən məhrum buraxdı və ölkədə bir "vecsiz" nəsil yetişməyə başladı. İndi 90-ların təhsillərini artırma, maariflənmə zamanıdır. Kimisi bunu ölkə xaricində kimisi isə ölkə daxilində edir.
Mən inanıram ki, xalqın görmək istədiyi inqilabçılar da, idarəçilər də 90-lardan çıxacaq. Bizdən əvvəlkilərə inam olmadığı kimi, bizdən sonrakılara da inam yoxdu, ona görə də 90-lar bu ölkənin sonuncu ümid bağladığı kəsim, "Sonuncu Moqikanlarıdır".
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun