Mübariz gəncliyin parlaq simaları - Samir Əsədli

Mübariz gəncliyin parlaq simaları - Samir Əsədli
22 İyul 2016
Mətni dəyiş
Samir Əsədli
Tarixin bütün dönəmlərində xalqların gələcək milli müqəddəratını onun gəncliyi müəyyənləşdirib. Bu baxımdan Azərbaycan gəncliyi də özünün şərəfli tarixi ilə öyünə bilər. Düzdü, ölkədə hələ köklü dəyişikliklər baş verməyib, amma bir neçə nümunə gətirmək olar ki, gənclik mövqeyini göstərib, həbslərdən, repressiyalardan çəkinməyərək sözünü deyib.
Azərbaycan gəncliyi bu gün həm hərb meydanında, həm də siyasi mübarizə sistemində öz sözünü deməkdədir. Bir sözlə Azərbaycan gəncliyi Azad, Bütöv və Demokratik Azərbaycan qurulması yolundadır. Bu gün Azərbaycan gəncliyinin fəal kəsimi demokratik idarəçilik tərəfdarları və onun uğrunda savaşanlardır.
İndiki gənclik hərəkatı (partiya gənclər komitələri, ictimai yönümlü gənclər qurumları, bloggerlər və başqalarının fərq qoymadan birlikdə çağdaş Azərbaycanın gənclik hərəkatını təşkil etdiyini qəbul etməliyik) rahat şəraitdə deyil, demokratik, fundamental dəyərlərin ölkəmizdə bərqərar olunması uğrunda mübarizədə hakimiyyətin repressiyaları ilə üz-üzə olduğu zaman formalaşıb.
Həbsdə olan gənclərin çoxu yüksək təhsilli, güclü intellektual potensialı və sağlam vətəndaş mövqeyi ilə ölkəmizin inkişafına təkan vermək istəyində olan gənclərdir. Mübariz Azərbaycan gəncliyinin parlaq simalarından olan – İlkin Rüstəmzadə, Əbdül Əbilov, Qiyas İbrahimov, Bayram Məmmədov, Elvin Abdullayev bu gün də həbs həyatı yaşayırlar.
Bu gənclər bu gün həm də dəyanət və əyilməzlik simvoluna çevriliblər. Hökumət xalqın ayaqlanmasından necə çəkinirsə, beynəlxalq aləmdə ölkənin imici haqda heç düşünmür. İndi hakimiyyət “məqsəd vasitəni doğruldur” prinsipi ilə işləyir.
Hamılıqla hökumətə başa salmalıyıq ki, gəncləri şərləyib həbs etmək kampaniyası nəinki cəmiyyətdə əxlaqsız addım kimi ikrah hissi yaradır, həm də effektiv deyil.
Düzdü, ola bilər qısa müddətli, cari dövr üçün "uğurlu" olsun, amma bu metodlarla hökumət məqsədinə tam nail ola bilmir. İctimai-siyasi proseslərə qoşulan gənclərin sayı azalmır, əksinə hətta demək olar bu günki prosesdə daha çox yeni gənc sima görürük.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun