20 İyul 2016
Mətni dəyiş
Kamran İsmayılzadə
Məktəb illərindən hər kəsin yadında müəyyən mövzular qalıb. Mənim yadımda qalan mövzulardan biri də Walter (Wat) Tylerin başçılıq elədiyi kənli üsyanı idi. Üsyan 1381-ci ildə baş verib. Əsrin ikinci yarısında Qərbi Avropada, cümlədən İngiltərədə taun xəstəliyi yayılmağa başlamışdı.
İngiltərə əhalisinin 1/3-nin ölümünə səbəb olan xəstəlik xalq arasında "qara ölüm" adlanırdı. "Qara ölüm"ün yayılmasına baxmayaraq parlament yoxsulları az miqdarda əmək haqqı ilə işləməyə məcbur etməkdə davam edir, boyun qaçıranlara isə ağır cəza verilirdi. Bir tərəfdən "qara ölüm"lə mübarizə aparan, digər tərəfdən parlamentin despotiyasından əziyyət çəkən xalqın içində misyoner kahinlər meydana gəlməyə başlamışdı.
Onlardan biri - John Ball hər kəsin bərabər hüquqlara sahib olması ideyasını irəli sürürdü və buna görə də həbs olundu. Ardınca ölkədə feodal zülmünün güclənməsi, yoxsullara yönəlmiş despotik qanunların verilməsi, vergilərin artırılması məlum kəndli üsyanına gətirib çıxardı. 1381-ci ildə Mr.Tylerin başçılığı ilə kəndlilər üsyana başladılar. Üsyan üçün siqnal Londonun şimalında yerləşən bir neçə kənddə əhalinin vergi yığanlara və kral məmurlarına divan tutması oldu.
Mr.Tyler Yüzillik Müharibənin iştirakçısı olmuşdu və hərbi sahədə müəyyən qədər təcrübə sahibi idi. Mr.Tylerin başçılıq elədiyi üsyançılar Londona gəlmiş, kral məsləhətçilərinə divan tutmuş, onların evlərini dağıtmışdılar. Kral II Richard Tawer qəsrində gizlənməyə məcbur oldu. Xalq qəsri mühasirəyə aldı və nəticədə kral kəndlilərlə görüşməyə razı oldu. Üsyançılar təhkimçiliyin və biyarın ləğv olunması, torpaqdan istifadə haqqının azaldılması kimi tələblərini yazılı şəkildə krala təqdim etdilər.
Kral II Richard bu vədlərin yerinə yetirilməsinə söz versə də, cədini yerinə yetirmədi və Mr.Tyler ilə yenidən görüşmək istədi. Bu görüş əslində bir tələ idi və bundan duyuq düşməyən Mr.Tyler kralla 2-ci dəfə görüşmək və mərhəmətli kraldan icmaların əlindən alınan örüşlərin və meşələrin geri qaytarılması, yepiskop və monastırlara vəqf edilmiş torpaqların müsadirə edilib kəndlilər arasında bölüşdürülməsi üçün tədbirlər görülməsini xahiş etmək istəyi onun sonunu gətirdi.
Kral Tyleri tələyə salıb öldürtdü və ardınca John Ball edam edildi. Üsyançıların arasında koordinasiya pozuldu və üsyan məğlubiyyətə düçar oldu. Xeyli sayda üsyançı öldürüldü, sürgün edildi və təqib edildi. Üsyanın məğlubiyyət səbəblərindən biri də kəndlilərin krala hüsni-zənn ilə yanaşmaları idi. Hətta Mr. Tylerin özü kralla görüşənə qədər düşünürdü ki, ölkədə baş verənlərdən kralın xəbəri yoxdur.
Məlum olay və ya hekayənin yaddaşıma yazılmış olması da məhz bu "kralın ölkədə baş verənlərdən xəbəri yoxdur" fikri ilə əlaqədar idi. Hər zaman ölkədə baş verənlərdən dövlət başçısının qafil olması barədə fikirlər səsləndiriləndə və ya problemlər lokal səviyyədə işıqlandırılanda bu hekayə yadıma düşür. Belə bir məsəl var: balıq başından iylənər. Dövlətin hansısa məmuru - müəllim, həkim, polis, zabit və s. "iylənirsə", deməli dövlətin başı da "iylənir".
Tutaq ki, hansısa həkim sağ ayaq əvəzinə sol ayağı kəsir, hansısa zabit düşmən əsgəri əvəzinə öz əsgərimizi öldürür (əsgər ölümləri), hansısa müəllim tələb edilən rüşvəti vermədiyi üçün bir tələbənin balını kəsirsə və bu problemlər aradan qaldırılmırsa, problem sistemdədir, əslində. Çünki daxili nizamı olan sistem bütün bu kimi problemləri özü aradan qaldırır.
Məsələn, rüşvətxorluq və korrupsiya ilə mübarizə nəticə vermirsə, mübarizənin nəticəsində korrrupsiyanın səviyyəsi azalmaq əvəzinə artırsa, edilən cəhdlərə baxmayaraq savadlılıq dərəcəsi hər il aşağı düşməkdə davam edirsə, deməli sistem yaxşı işləmir. Sistemin başında dayanan isə dövlət başçısıdır. Sistem naqisdirsə, o sistem daxilində faəliyyət göstərən istənilən şəxs naqis fəaliyyət göstərəcək. Çünki sistem ona daxil olan istənilən yad ünsürü özünə uyğunlaşdırır.
Günəş sisteminə daxil olan asteroid kimi. Düşünə bilərsiniz ki, dövlət başçısının ölkədə baş verənlərdən xəbəri yoxdur. Sual verirəm sizə: Üzr istəyirəm, hətta Ayka Vorzakonkanın tualetə getməsini belə sosial şəbəkələrdən öyrənə biliriksə, ölkədə baş verən haqsızlıqlar, mövcud problemlərdən dövlət başçısının xəbərsiz qalmasını necə düşünə bilərik?! Təbii ki, gülməli gələr. Lap götürək ki, xəbəri yoxdur. Bəs bu adamın işi-gücü nədir?! Gününü nə ilə keçirir?! Vəzifəsinə niyə əməl eləmir?!
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.