Kempinski də Azərbaycandan gedir

Kempinski də Azərbaycandan gedir
31 İyul 2016
Mətni dəyiş
İndiyədək “Kempinski Hotel Badamdar” kimi tanınan oteldən Turan-a bildiriblər ki, “Kempinski” şirkəti ilə “Kempinski Otel Badamdar”ın sahibkar şirkəti bununla bağlı razılığa gəliblər.
Razılaşmaya əsasən, tərəflər aralarındakı idarəçilik müqaviləsini iyulun 31-dən bitirəcəklər.
İdarəçilik müqaviləsi ləğv edildiyindən otel daha Kempinski adını daşımayacaq, fəaliyyətinə “Badamdar Hotel Baku” adı ilə davam edəcək.
“Kempinski Hotel Badamdar” 2011-ci ilin sentyabrında işə düşmüşdü. O Bakıda “Kempinski” beynəlxalq otellər şəbəkəsinin ilk resort oteli idi.
Otelin imkanlarına 280 otaq və lüks otaqlar, 38 tam təchiz olunmuş və xidmət göstərilən mənzil, 36 tam təchiz olunmuş ofis, 19 görüş otağı, ziyafət və auditoriya zalları, restoran, barlar daxildir.
Oteldə 3500 kvadratmetr sahəsi olan SPA ve fitness mərkəzi, qapalı və açıq hovuz, tennis kortu, basketbol meydançası, əyləncə mərkəzi və Akvapark fəaliyyət göstərir.
Son zamanlar xeyli tanınmış xarici şirkət Azərbaycanı tərk edib.
Vergilər Nazirliyinin iki həftə əvvəl yaydığı bilgidə deyilirdi ki,Royal Dutch Shell PLC, Rusiyanın “AKTAVİS”, Böyük Britaniyanın “Bİ CEY SERVİSEZ KOMPANİ MİDL İST LİMİTED” və İsveçrənin “SCHERİNG-PLOUGH CENTRAL EAST AG” şirkətləri Azərbaycandakı nümayəndəliklərini ləğv ediblər
Bundan əvvəl Türkiyə-Küveyt birgə müəssisəsi “Turkapital Holding”, Sinqapurun “Petro Singapore Trading PTE Ltd.” və Belçikanın yeyinti məhsulları şirkəti “Puratos” Azərbaycanı tərk etmişdi.
Fransanın “Technip Maritime Overseas LTD” və İtaliyanın “Maccaferri Azerbaijan” MMC şirkətləri də Azərbaycanda fəaliyyətlərini dayandırıblar.
Müstəqil iqtisadçılar bunu ötən il ölkədə 2 devalvasiyanın baş verməsi və əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə izah edir.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun