"Brexit"-dən sonra "Azexit"?

"Brexit"-dən sonra "Azexit"?
29 İyul 2016
Mətni dəyiş
Nəcmin Kamil
23 iyun 2016-cı il tarixində Birləşmiş Krallıqda Avropa Birliyinə üzv olaraq qalmaq və ya tərk eləmək məsələsi referenduma çıxarıldı. Bu seçki istər Krallıq, istərsə də dünya səviyyəsində geniş müzakirələrə səbəb oldu.
Çoxları Böyük Britaniyanın AB-dən ayrılmağını pisləsə də, ortada bir fakt vardı ki, ölkədə seçki öncəsi debat imkanları, sağlam rəqabət mühiti tam təmin edilmişdi və seçkinin nəticəsi, yəni "Brexit"-in qələbəsi az fərqlə çoxluğun iradəsini əks etdirdi.
26 sentyabrda Azərbaycanda referendum keçiriləcək. Bunun öncəki referendumlardan yeganə fərqi odur ki, təklif olunan dəyişikliklər öncəki reqressiv dəyişikliklərdən daha mürtəce xarakter daşıyır.
Vətəndaşların çox böyük əksəriyyəti isə referendumun və təklif olunan dəyişikliklərin mahiyyəti ilə bağlı məlumatsız və mövqesizdilər. Bu tam normaldır və hazırki durumda qınaq obyekti ola bilməz.
Əgər bir ölkədə televiziya kanallarında, mediada ölkənin taleyini narahat edən məsələ ilə bağlı heç bir çoxtərəfli müzakirə getmirsə, ölkədə siyasi partiya və qrupların sadə xalqa bütün çıxış yolları qapadılıbsa, ölkədə Kontitusiyaya təklif olunan dəyişiklikləri təftiş edəcək, seçki mühitini müşahidə edəcək bütün vətəndaş cəmiyyəti institutları sıradan çıxarılıbsa, onda vətəndaşların siyasi məlumatsızlığının yeganə səbəbi elə hakimiyyətin bu şəraiti yaratmasıdır.
Referenduma çıxarılan dəyişikliklər - hansı ki, qəbul ediləcəyinə heç bir şübhə yoxdur - ölkənin demokratik gələcəyi ilə bağlı ümidləri əhəmiyyətli dərəcədə azaldır. Sivil dünyada Prezident səlahiyyətlərinin necə azaldılması ilə bağlı müzakirələrin getdiyi halda, İlham Əliyev öz hakimiyyəti dövründə, öz hakimiyyət ömrünü uzadan və möhkəmləndirən, hakimiyyətin digər qollarının gücünü öz xeyrinə azaldan ölkə başçısı kimi tarixə keçir.
Sentyabrda keçiriləcək referenduma - seçkinin nəticəsi öncədən bəlli olduğu üçün - "Azexit" deyə bilərik. Çünki bu seçki ilə ölkəmiz müasir dünyadan ayrılıb, feodalizm quruluşuna keçid edəcək, özü də Şah İsmayılın dövrünə.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun