​Vergilər Nazirliyinin inşa etdirdiyi müəmmalı bina

​Vergilər Nazirliyinin inşa etdirdiyi müəmmalı bina
29 İyul 2016
Mətni dəyiş
Türkiyənin "Tekfen İnşaat" şirkəti Azərbaycan Vergilər Nazirliyinin yeni inzibati binasının tikintisini həyata keçirəcək. Bu barədə şirkətin rəsmi saytında məlumat verilib.
Məlumata görə, hündürlüyü 169 metr olacaq bina 33 mərtəbəlidir. Ümumilikdə, 44 200 kv. metr qapalı sahəyə malik layihə çərçivəsində bina 30 min kv. metr ərazidə yerləşəcək. Şirkət tikintinin reallaşması üçün nazirliklə bağladığı müqavilənin dəyərinin 94 milyon ABŞ dolları olduğunu bildirib.
Xatırladaq ki, keçən il Vergilər Nazirliyi yeni inzibati binanın tikintisi üçün "Renaissance Construction Azerbaijan" şirkəti ilə 132 milyon 121 min 681 manat 90 qəpik dəyərində müqavilə imzaladığını açıqlamışdı. Nazirlikdən bu iki müqavilənin bir-birinə bağlılıq dərəcəsi haqqında heç bir məlumat verilməyib. Ötən il tikinti üçün başqa şirkətlə bağlanılan müqavilənin pozulduğu və ya yeni şirkətin subpodrat işlərinə cəlb olunacağı bilinmir.
"Tekfen" şirkətinin rəsmi saytında yerləşdirilən məlumatda deyilir ki, şirkət betonlama, metal və ön cəbhə işlərini görəcək.
Qeyd edək ki, "Renaissance" şirkətinin saytında Vergilər Nazirliyinin inzibati binasının onun tərəfindən inşa edildiyi yazılır.
Nazirliyin inzibati binası ilə bağlı qaranlıq qalan digər məsələ isə mərtəbələrin sayıdır. Maraqlıdır ki, nazirliyin ötən il "Renaissance Construction Azerbaijan" MMC ilə bağladığı müqavilədə binanın 31 mərtəbəli olacağı qeyd olunub. "Tekfen"in açıqlamasında sözügedən bina 2 mərtəbə "ucaldılaraq" 33 mərtəbə göstərilib. Binanın layihəsinə dair məlumat lövhəsində isə mərtəbələrin sayının 39 olduğu yazılıb.
Bütün qaranlıq qalan məsələlərin fonunda bilinən tək şey tikilən binada hazırda işlərin dondurulduğudur. Binanın ilin sonunda təhvil veriləcəyi elan edilsə də, hələlik, yalnız təməl işləri başa çatdırılıb.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun