29 İyun 2016
Mətni dəyiş
Maliyyə naziri Samir Şərifova yeni müavin təyin edilib, baxıram, xeyli adam yenə “təkərə düşüb”, Adamı öyüb, öyüb bitirə bilmirlər. Ay nə bilim gəncmiş də, Harvard Universitetində oxuyubmuş da, Dünya Bankının Bakıdakı ofisində işləyibmiş də, savadlıymış da, müasir dünyagörüşlüymüş də, filanmış-bəhmənmiş!
Olsun ki, bu öygülərdə zərrəcə şişirtmə-filan yoxdur.
Olsun ki, yeni nazir müavini daha çox öygünü haqq edir.
Hə, nə olsun? Nəyi dəyişir guya bu?
Mikayıl Cabbarov təhsil naziri təyin ediləndə qaldırılan tozanağı xatırlayıram. Eyni sözləri üç aşağı, beş yuxarı onun haqqında da deyirdilər. Adamı göyün yeddinci qatına qaldırmaq üçün uzun bir növbə yaranmışdı. Nəticə?
Azərbaycan təhsili onsuz da canını tapşırmışdı, nazir təyin edilənəcən qoruq müdiri olan Mikayıl müəllim də gəldi yudu, kəfənlədi, dəfn elədi. Vəssalam! Iş o yerə çatıb ki, artıq adamlar Misir Mərdanovun dövrünü nostalji ilə xatırlayırlar.
Cabbarov nazir qoyulanda onu tərif yağışına tutanlardan isə səs-soraq yoxdur. Onda bu adamın xaricdə aldığı təhsili, yüksək savadını, nə bilim daha nəyini gözümüzə soxanlar aradan əkiliblər.
Indi də maliyyə nazirinin yeni müavini ilə bağlı eyni tozanağı qoparanlar bir az ehtiyatlı olsunlar ki, sonra pərtlik yaşamasınlar.
Ümumiyyətlə isə nə qədər demək, yazmaq olar ki, Azərbaycanın problemi hansı postda kimin oturması deyil, bütövlükdə sistem özü problemlidir. Sistem özü problemlidirsə, artıq məzunun kimliyi – Harvard, yoxsa Təfəkkür universitetini bitirməsi bir anlam daşımır.
Ölkə yanlış dəyərlərlə, çağdışı metodlarla, yalanla, talanla idarə olunur, hakimiyyət milli iradənin təcəllası ilə deyil, onun qəsbi, mənimsənilməsi ilə formalaşırsa, artıq vəzifədəkilərin kimliyi önəmsizdir. Fərq etmir ki, sən iki eşşəyin arpasını bölə bilirsən, ya yox. Fərqi də qalmır ki, sən müasir görüşlüsən, yoxsa sovetdən qalma aqrar tipsən. Sistemin öz normativləri var və sən buna mütləq qaydada uymalısan, – oğurlamalısan, yalanı çox asan və rahat danışa bilməlisən, öz fikrin olmalıdır, qeyd-şərtsiz itaət göstərməlisən və s. və i.a – əks halda aqibətini təsəvvür etmək çətin deyil.
Dəfələrlə yazmışıq, demişik, eybi yox, yenə də təkrarlayarıq: bugünkü idarəçilik sistemində hətta kimisə kiminsə əvəzləməsi belə, formaldır, məsələn, araşdırmaq mümkün olsa, aydınlaşacaq ki, Oqtay Şirəliyev nazir təyin ediləndə səhiyyədə nəyinsə düzələcəyinə ümid edənlərin nə qədəri xəstəxanalara rüşvət paylamaqdan boğaza yığılıblar. Özləri, ya da yaxınları “həkim terroru”nun qurbanına çevriliblər. Digər nazirlərlə, başqa iri çinovniklərlə bağlı da həmçinin. Bu sistemdə gələn gedənə rəhmət oxutdurmağa məhkumdur, çünki sistem özü getdikcə daha da idbarlaşır, daha da pisləşir.
Fikir vermişəm, sosial şəbəkələrdə camaatın ən sevimli mövzularından biri Artur Rəsizadədir, harda bir baş nazir istefa versə, o saat Artur müəllim yada düşür, hətta o gün Artur müəllimin vəzifədə olduğu müddətdə təkcə Italiyada neçə baş nazirin dəyişdiyini hesablamışdılar, insafən, həqiqətən gülməli görünürdü, adam utanır.
Amma yoldaşlar, qardaşlar, sirdaşlar, arxadaşlar, qəlbi daşlar!
Günü sabah Artur müəllimi hansısa Əli ilə, Vəli ilə, Pirvəli ilə əvəzləsələr, guya nə dəyişəcək, misal üçün, rüşvətmi azalacaq, korrupsiyamı bitəcək, işsizlikmi aradan qalxacaq, azad seçkimi keçiriləcək, ədalətli məhkəmələrmi yaranacaq?
Əlbəttə, yox!
Bunun bu günədək bəs deyincə örnəyi var, heç olmasa, həmin nümunələrdən dərs götürmək, ibrət almaq olmazmı?
Axı biryolluq anlamaq, dərk və qəbul etmək lazımdır: nə qədər ki, Azərbaycanda hakimiyyətin mənbəyi milli iradə deyil, haçağacan ki, bu ölkədə hüquq əgəmən deyil, insanlara bütün çağdaş, gəlişmiş ölkələrdəki haqlar və azadlıqlar tanınmayıb, kimin hansı postu tutmasının bir mənası yoxdur. Sistem bu cür işlədikcə, dünyanın ən təmiz, ən savadlı adamını gətirib vəzifəyə qoysunlar, altı ay-bir ildən sonra onun hardansa villası, bank hesabı, ofşor şirkəti çıxmasa, boynum yanınızda qıldan incədir.