7 Dekabr 2016
Mətni dəyiş
Milli Məclisin bu gün keçirilən plenar iclasında "2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi davam etdirilib.
Deputat Yevda Abramov bildirib ki, dünyada baş verən proseslər Azərbaycanın büdcəsinin formalaşmasına da təsir edib. O, Tarif Şurasını da tənqid edib:
"Həmişə xalqın dərdini müzakirə etmişəm, kiminləsə şəxsi problemim yoxdur. Tarif Şurası qərar qəbul edərkən hansı arqumentləri əsas götürür? Deyirlər, bu qərar aztəminatlı ailələrə təsir etməyəcək, mən buna inanmıram. Azərbaycanda əhalinin yoxsulluq səviyyəsi yüksəkdir, ona görə də elektrikdən, təbii qazdan az istifadə edirlər. Belə bir vaxtda xalqın boğazından tutub çətinliyə sürükləmək doğru deyil. Bilmirəm, məmurlar, bəzi insanlar qərar qəbul edəndə xalqı düşünürlərmi?".
Y.Abramov "qara bazar"da dolların satılmasına da münasibət bildirib. O deyib ki, bu işə nəzarət olunmur:
"Metro stansiyalarının çıxışlarında dollar satılır. Bir gündə dollar 4-5 manat fərqlə satılır. Harandadır bu adamların maşınlarında bu qədər dollar? Mən danışıram, bəziləri incik düşür. Korrupsiya ilə mübarizə aparmaq lazımdır. Məmurların bahalı villaları haradandır? Dağda, bağda hər yerdə villaları var. 2017-ci il də çətin olacaq, məmurlar xalqa yaxın olmalıdırlar".