9 Dekabr 2016
Mətni dəyiş
Dekabrın 8-də Ali Məhkəmədə hakim İlqar Qılıcovun sədrliyi ilə jurnalist Xədicə İsmayılın Azərbaycandan çıxışına qadağa qoyulması ilə bağlı kassasiya şikayətinə baxılıb.
Lakin Ali Məhkəmə şikayəti təmin etməyib.
Jurnalist bildirib ki, qadağa əsassızdır və məqsəd insan hüquqlarının pozulmasına görə Azərbaycan hökumətinin tənqid olunmasının qarşısını almaq üçün onun beynəlxalq konfranslarda iştirakını məhdudlaşdırmaqdır:
"Bu qadağa məntiqli deyil, çünki konfranslara on-line qoşulur və öz mövqeyimi bildirirəm".
X.İsmayıl ölkədən çıxışına qoyulan qadağanın motivlərini absurd adlandırıb. O, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəyini bildirib.
X.İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunmuşdu. Jurnalist vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay həbs cəzası almışdı. Lakin o, ittihamları qəbul etmirdi və korrupsiya araşdırmalarına görə həbs olunduğunu bildirirdi.
X.İsmayıl mayın 25-də Ali Məhkəmənin qərarı ilə 3 il 6 ay şərti azadlıqdan məhrumetmə cəzası ilə sərbəst buraxılıb. Ancaq onun ölkədən çıxışına icazə verilmir.