"Strateji Yol Xəritəsində bəzi məlumatlar, həqiqəti əks etdirmir"

"Strateji Yol Xəritəsində bəzi məlumatlar, həqiqəti əks etdirmir"
29 Dekabr 2016
Mətni dəyiş
Prezidentin 6 dekabr tarixli fərmanı ilə təsdiqlənmiş 12 strateji sənəddən biri də “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”dir.
Bu önəmli sənədlərin birmənalı qarşılandığını söyləmək çətindir. Ekspertlər yol xəritələrində mövcud problemlərə diaqnoz qoyulmamasından və iqtisadi durumun real rəqəmlərə əsaslanmamasından narazıdırlar. Bank məsələləri eksperti və hüquqşünas Əkrəm Həsənov AzadlıqRadiosu-na müsahibəsində maliyyə xidmətləri ilə bağlı sənədi dəyərləndirib:
- Xəritə çox ümumi xarakterlidir. Konkretlik azdır, sanki xoş arzular məcmusudur. Oradakı bəzi məlumatlar, ümumiyyətlə, həqiqəti əks etdirmir. Məsələn, yazıblar ki, guya maliyyə xidmətləri üzrə istehlakçıların savadının artırılması və hüquqlarının qorunması üzrə hansısa işlər görülüb. Hansı işlər? Heç nə edilməyib? Bu sahədə istehlakçıları qorumaqla məşğul olan təkcə bizim antikollektordur və o da özəl qurumdur, dövlətə aidiyyəti yoxdur.
- Xəritədə problemli kreditlərə, özəlliklə xarici valyutadakı kreditlər məsələsinə münasibət bir maliyyəçi və hüquqşünas kimi sizi nə dərəcədə razı salır?
- Problemli kreditlərə ümumən toxunulur. Dönə-dönə yazıblar ki, restrukturizasiya olacaq. Necə, hansı şərtlərlə olacaq? Yaranan zərər nə qədər olacaq? Kimin üzərinə qoyulacaq? Dollar kreditləri probleminə isə, ümumiyyətlə, toxunulmur, halbuki problemli kreditlərin əksəriyyətinin kökü məhz budur. Xəritədə belə əhəmiyyətli məsələ də yoxdursa, onun səmərəsindən söhbət gedə bilməz.
- Bank krediti götürənlərin bəziləri aldadıldığını söyləyir. Belələrinə reaksiya kimi də sənəddən gözləntilərdən biri də istehlakçı hüquqlarının qorunması ilə bağlı idi. Bu baxımdan hansı işlər nəzərdə tutulub?
- Heç nə yoxdur bu barədə. Halbuki bununla bağlı xeyli təklif vermişik. Demişik ki, maliyyə ombudsmanı institutu qurulsun, kollektorların fəaliyyətinə dair qanun qəbul edilsin, müflisləşmə qanunvericiliyi təkmilləşdirilsin və s. Amma “Yol Xəritəsi”ndə istehlakçıların marağı baxımından heç nə yoxdur. Özü də söhbət yalnız borclulardan getmir, pulunu banka etibar edənlərin – kreditorların qorunması barədə də heç nə yoxdur.
- İndiki iqtisadi komanda “Yol Xəritələri”nin icrasına nə dərəcədə hazır və qadirdir?
- Əvvəla, heç bir iqtisadi komanda yoxdur, əsasən, öz maraqlarını güdən və bir-birini didişdirən şəxslər var. Onların arasında savadlılar da var, bisavadlar da. Bunlarla təbii xəritənin icrası mümkün deyil. Vahid komanda yaratmaq lazımdır. Həmin komandada indikilərdən də bəzilərini saxlamaq olar, amma bütövlükdə yenilənmə vacibdir.
- Əkrəm bəy, ilin sonuncu hərracında da dollar manat qarşısında bahalaşdı. Sizcə, indi manatı nə gözləyir?
- Bəli, dolların rəsmi məzənnəsi 1,77 manatı ötdü. Amma "qara bazarda" formalaşmış real məzənnə artıq 1,95-i aşıb. Buna görə də ili dolların faktik məzənnəsinin 2 manata yaxınlaşması ilə başa vururuq. Növbəti ilin ilk rübündə isə, böyük ehtimalla, nəinki real, elə rəsmi məzənnə də 2 manatı ötəcək. Bütövlükdə ölkəmizi çox ağır il gözləyir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun