Spirtli içkilərin nağd pulla satışına qoyulan qadağa götürülür

Spirtli içkilərin nağd pulla satışına qoyulan qadağa götürülür
25 Dekabr 2016
Mətni dəyiş
Gələn il yanvarın 1-dən Azərbaycanda spirtli içkilərin pərakəndə qaydada nağd pulla satışına qoyulan qadağa rəsmən ləğv edilir.
Bu, Azərbaycan prezidenti İlham Əliyevin 2015-ci il 7 dekabr tarixli 700 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında 24 dekabr 2016-cı il tarixli fərmanında əksini tapıb.
Qeyd edək ki, aksiz markaları ilə markalanmalı olan malların siyahısına  içməli spirt, spirtli içkilərin bütün növləri, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilər və tütün məmulatları daxildir.
Ancaq bu il yanvarın 1-dən spirtli içkilərin və pivənin nağd qaydada pərakəndə satışına qoyulan qadağanın tətbiqi mümkün olmayıb. Nağdsız ödəniş üçün əksər insanlarda plastik kartların olmaması, ticarət obyektlərində də lazımi avadanlıqların olmamasını nəzərə alan dövlət başçısının müdaxiləsi ilə qadağanın tətbiqi müvəqqəti dayandırılıb. Azərbaycan prezidenti İlham Əliyevin 7 noyabr 2016-cı il tarixli  fərmanı ilə pivənin pərakəndə qaydada nağd satışına qoyulan qadağa ləğv edilib.  Azərbaycan prezidentinin 24 dekabr 2016-cı il tarixli fərmanı ilə  “Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi Qaydaları”na edilən dəyişikliklə isə artıq spirtli içkilərin nağd pulla pərakəndə qaydada satışına qoyulan qadağa rəsmən ləğv edilir. Bu fərman 1 yanvar 2017-ci ildən qüvvəyə minəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun