SOCAR ilə BP müqavilə imzalayıb

SOCAR ilə BP müqavilə imzalayıb
24 Dekabr 2016
Mətni dəyiş
Dekabrın 23-də SOCAR və BP-nin əməliyyatçısı olduğu ABƏŞ (Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti) arasında niyyət protokolu imzalanıb.
Sənəddə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Azəri-Çıraq-Günəşli (AÇG) yatağının 2050-ci ilədək işlənməsi nəzərdə tutulur.
Sənəd AÇG yatağının gələcək işlənməsi üçün əsas kommersiya şərtlərini razılaşdırır və tərəflərə növbəti bir neçə ay ərzində danışıqları başa çatdırmaq və tam razılaşdırılmış sazişləri yekunlaşdırmaq imkanı yaradır.
"Turan" İA-nın məlumatına görə, protokolu SOCAR-ın prezidenti Rövnəq Abdullayev və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birell imzalayıb.
"Biz xeyli müddətdir ki, AÇG-nin xarici tərəfdaşları ilə danışıqlar aparırıq. Yaxın vaxtlarda tam razılaşdırılmış sazişləri yekunlaşdıracağıq. Bu yataq Azərbaycan üçün çox vacib əhəmiyyət kəsb edir. Bu yataq bizim neft sənayemizin simvoludur", - R.Abdullayev bildirib.
BP-nin icraçı direktoru Bob Dadli isə bu günü Azərbaycan, SOCAR və ABƏŞ üçün əlamətdar gün hesab edib:
"Biz 1994-cü ildə bu ölkənin enerji tarixinin yeni mərhələsində AÇG-nin işlənməsinə başlamışıq. BP bu uzunmüddətli tərəfdaşlığın bir hissəsi olmaqdan qürur duyur".
BP-nin regional prezidenti Qordon Birell bildirib ki, AÇG yatağının operatoru olaraq, bu dünya səviyyəli yatağın təhlükəsiz və səmərəli işlənməsini bundan sonra da davam etdirmək imkanından məmnundular:
"Bu saziş gələcək sərmayələrə və layihələrə imkan verəcək, həmçinin özü ilə minlərlə iş yerləri gətirəcək".
AÇQ-də gündəlik hasilat 620 000 barel təşkil edir. Yatağın ehtiyatları təxminən 1 mlrd. ton netf həcmində dəyərləndirilir.
ABƏŞ-in səhmdarları: BP, SOCAR, "Chevron", "İNPEX", "Statoil", "ExxonMobil", "TPAO", "İTOCHU" və "ONGC Videsh".
AÇG yatağının işlənməsi üçün mövcud hasilatın pay bölgüsü haqqında saziş 1994-cü ilin sentyabrında 30 illik müddətə imzalanıb. Yataqda neft hasilatına 1997-ci ilin noyabrında başlanılıb. Bu vaxtadək yataqdan 3 milyard bareldən çox neft hasil edilib və təxminən 33 milyard dollar sərmayə qoyulub.
“AÇG” blokunda 6 hasilat platforması mövcuddur və onlar boru kəmərləri vasitəsilə Bakı yaxınlığında yerləşən Səngəçal terminal ilə birləşdirilib. Hasil edilən neft həmin terminaldan əsasən Bakı-Tbilisi-Ceyhan neft ixrac boru kəməri və Supsayadək uzanan Qərb İxrac Boru Kəməri vasitəsilə dünya bazarına ixrac edilir.
BP şirkəti ABƏŞ və "AÇG" üzrə HPBS-nin Podratçı Tərəfləri adından operator qismində çıxış edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun