Seymur Həzinin Avropa Məhkəməsinə göndərilmiş ərizəsi itib

Seymur Həzinin Avropa Məhkəməsinə göndərilmiş ərizəsi itib
22 Dekabr 2016
Mətni dəyiş
"Azadlıq" qəzetinin həbsdə olan şöbə müdiri Seymur Həzinin 5 il azadlıqdan məhrum edilməsinə dair hökmdən Avropa Məhkəməsinə göndərilmiş ərizəsi də ünvanına gedib çatmayıb.
Bu barədə Seymur Həzinin vəkili Şəhla Hümbətova məlumat verib.
Vəkil bildirib ki, bugünlərdə "Azərpoçt"dan ona məktub daxil olub. Məktubda qeyd edilib ki, içində Seymur Həzinin şikayəti olan RR005401986AZ saylı məktub Bakı Poçt Daşıma Mərkəzində itib və buna görə dəymiş ziyan ödəniləcək: "Biz şikayəti sentyabrda göndərmişdik. Bir xeyli müddət ərizənin taleyi ilə bağlı xəbər çıxmadı. Şübhələndim ki, gedib çatmayıb. Avropa Məhkəməsi ilə əlaqə saxladım, məlum oldu ki, həqiqətən belədir. Ona görə sonradan özəl poçtla bir daha göndərdik və gedib çatdı, artıq icraata götürülüb. Paralel olaraq, "Azərpoçt"a da dəfələrlə müraciət etdim, faks göndərdim. Sonuncu dəfə noyabrın 3-də sorğu vermişdim".
Bundan öncə də həbsdə olan bir sıra siyasi fəalların Avropa Məhkəməsinə şikayətlərinin "itdiyini" yada salan Şəhla Hümbətova bunu təsadüf saymır. Ona görə də, şikayətləri itmiş digər vəkil həmkarları ilə məsləhətləşmələrdən sonra məhkəməyə müraciət etmək niyyətindədir.
"Bəlkə də "dəymiş ziyanın ödənilməsi" deyəndə məktubu göndərəndə ödədiyimiz 20 manatın geri qaytarılmasını nəzərdə tuturlar. Bizə dəyən ziyan təkcə bu 20 manat deyil axı. Məktubu yenidən özəl poçtla göndərmək üçün 150 manat xərc çəkdik. Üstəlik, "itən" məktubdakı sənədləri yenidən tapıb toplamaq əlavə əziyyət, vaxt itkisidir. Həm də Ali Məhkəmənin qərarından sonra Avropa Məhkəməsinə müraciət etmək üçün bəlli bir müddət var. Bəzən məktubun çatmadığı elə bir vaxtda bəlli olur ki, onu yenidən göndərəndə artıq həmin müddət ötmüş olur. Necə olur, adi işlərlə bağlı şikayətlər gedib çıxır, amma siyasi işlər itir? Məntiq deyir ki, bu, məqsədli şəkildə edilir", – vəkil əlavə edib.
Siyasi məzmunlu məhkəmə işlərindən Avropa Məhkəməsinə göndərilən şikayətlərin itməsinə son aylar tez-tez rast gəlinir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun