23 Dekabr 2016
Mətni dəyiş
Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə davam edib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyev sədrliyi ilə keçirilən proses deyildiyi vaxtdan 1 saatdan gec başlayıb. Prosesə bu iş üzrə 20 şahid ifadə verməsi üçün çağırılıb.
Hakim media nümayəndələrinə müraciət edərək, prosesi diqqətli yanaşmalarını xahiş edib: "Bəzi saytlarda Vidadi Zeynalovun məhkəmədə ifadə verdiyini yazıblar. Bəlkə də bunu reytinq və çox oxunması üçün yazıblar. Bildiririk ki, Vidadi Zeynalov hələ məhkəmədə sərbəst ifadə verməyib”.
Onu da qeyd edək ki, Vidadi Zeynalov bütün şahidlərin ifadələri ilə bağlı qeydlər aparır. Çünki digər təqsirləndirilən şəxslərdən fərqli olaraq, o, məhkəmədə sərbəst ifadə verməyib. V.Zeynalov şahidlərin dindirilməsindən sonra sərbəst ifadə verəcəyini bildirib.
Şahid qismində Nigar Əlizadə ifadə verib.
O bildirib ki, "Akey" şirkətində baş mühasib işləyib. Şahid ifadəsində qeyd edib ki, şirkət karqo işlərinə baxıb: "Şirkətin rəhbəri Ayaz Kərimov idi. Bir çox şirkətlərlə çalışırdıq. Ayda 10 min dollar hesabımıza göndərilirdi. Ofisimizdə MTN-ə aid avadanlıqlar var idi. Maaşı əldən ələ verirdilər. Pulu şəxsən Ayaz Kərimov verirdi".
Digər bir şahid Nəriman Salmanov ifadəsində bildirib ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Sabunçu qovşağında rəis vəzifəsində çalışıb: "Qovşaqda tenderlər və kotirovkalar aparılırdı. Yalnız bunların hamısı formal xarakter daşıyırdı. Bunun belə olmasına rəhbərlik tapşırıq vermişdi. Ayrılan pulların cəmi 2,5 faizi bizə verilirdi. Həmin pullar da işçilərə paylanırdı. 300-500 manat da mənə çatırdı, elə ay da olurdu 2000-2500 pul gəlirdi. Artıq qalan pulların hamısı Beytulla Hüseynova qaytarılırdı. Tenderlərdə qalib gələn şirkət əvvəlcədən bilinirdi. Yalnız bütün işlərin hamısı tamamlanıb. Vəsaitlər şişirdilirdi. Beytulla Hüseynov rəis olmamışdan qabaq isə tenderler qanuni keçirilirdi".
Onun istintaqa verdiyi ifadə elan edilib.
Şahidin istintaq ifadəsində qeyd edilib ki, ümumulikdə müxtəlif illərdə qovşağa 13 milyon manat köçürülüb: "Həmin pullar ATS binaların təmiri, tikintisi, avandanlıqları və s-yə yönəldilib. Həmin pulların hamısı BTRİB-in baş mühasibi Anar Mustafayev tərəfindən şişirdilirdi. Beytulla Hüseynov tərəfindən hər ay işçilərə pul ödənilib. Adi işçilərə 100 dollar, mühəndislərə 200 dollar ödənilirdi. Mənə isə 300-500 dollar. Bütün işlər şirkətlər tərəfindən tam olaraq görülüb".
Dilbər Şükürzadə isə ifadəsində söyləyib ki, "AzinTelekom" MMC-də şöbə rəisinin müavini olub. O bildirib ki, "Cartburq" şirkəti ilə Rabitə Nazirliyi tərəfindən verilən tapşırığa əsasən müqavilə bağlanıb. Qeyd edək ki, bu şirkət faktiki olaraq sabiq nazir Eldar Mahmudovun oğlu Anar Mahmudova məxsus olub.
Prosesdə şahid qismində Vidadi Zeynalovun sürücüsü Elçin Əliyev ifadə verib. O, ifadəsində "P.L.Z" MMC-in rəhbəri olduğunu deyib: "O vaxt mənim dolanışığımı normallaşdırmaq üçün şirkət yaradıldı. Mən də buna razı oldum. Vidadi müəllim mənə həmişə kömək olub".
Vidadi Zeynalov bildirib ki, həmin şirkətin adı onun övladlarının adlarının baş hərfləridir: "İndi o, utanır, deyə bilmir, mənim övladlarımın adınaydı".
Bundan sonra şahid qismində Rabitə Nazirliyinin Hesablama mərkəzinin əməkdaşı Musa İsmayılov ifadə verib. O, ifadəsində "Cartburq" şirkəti ilə müqavilə imzalandığını bildirib: "İstintaqda görülən işləri soruşdular, mən də olanı dedim".
Nəsimi Musayev isə ifadəsində Rabitə Nazirliyində, "Azintelekom" MMC-də çalışdığını deyib: "Hər ay maaşımdan əlavə 1000 manat pul almışam"
Müzəffər Rüstəmov şahid qismində dindirilərkən "Azintelekom" MMC-də çalışdığını bildirib: "İstintaqda əsasən "Cartburg" şirkəti ilə bağlı suallar verdilər. Bildiyim şeylərin hamısını dedim. O zaman "RosTelekom"un trafik imkanları geniş olsa da, "Cartburq"da məhdud idi. Yalnız bizə rəhbərlik tərəfindən tapşırıq verildi ki, "Cartburq"la əməkdaşlıq ediləcək".
Bu zaman "Azintelekom" MMC-in rəhbəri olmuş təqsirləndirilən Cəlil Cəfərov şahidin ifadəsinə əlavə edib: "Mən beynəlxalq trafikə nəzarət etmişəm. Hər həftə Əli Abbasova trafikin gedişatı ilə bağlı məruzə edirdim. Əli Abbasova məruzə edən zaman dedim ki, trafikdə oğurluq olur. Əli Abbasov dedi ki, neynirsən elə, oğurluğun qarşısını al. Sonra Əli Abbasov məni Ayaz Kərimovla tanış elədi. Orda qərara alındı ki, onlarla işləməliyik. Bundan sonra "Cartburq"la çalışmağa başladıq. Onlar trafikləri ölkəyə gətirəcəkdi və oğurluğun qarşısı alınacaqdı".
Proses dekabrın 28-də davam etdiriləcək.
Qeyd edək ki, Baş Prokurorluq tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyən edilib.
Bununla yanaşı, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdəç olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.
Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan “Aztelekom” MMC, “AzİnTelekom” MMC, “Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib.
İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.