11 dekabrda keçmiş siyasi məhbus Rəşadət Axundovun tərcümə etdiyi kitabın təqdimat mərasimi baş tutub.
Kitab müəllifin məhbusluq dövründə qələmə alınıb. Açılışı bloqçu Əli Novruzov edib:
"Bu gün Richard Kapushinskinin "Şahənşah" kitabının Azərbaycan nəşrinin təqdimatıdır. Kitabın tərcüməsini Rəşadət Axundov edib".
Tədbirə dəvət olunan qonaqlardan yazar Məmməd Süleymanov kitab haqda fikirlərini bölüşüb: " Richard Kapushinski Polşada böyüyüb. O, bir neçə il Latın Amerikasında müxbir işləyib. Daha əvvəl 1962-ci ildə Konqoya gizli şəkildə keçib. İki Çexislovakiya jurnalisti ilə bir yerdə həbs olunan Richard Kapushinski gülələnməyə məhkum olunmuşdu. Sonra BMT əsgərləri sayəsində xilas olundu".
Müəllifin özü hazırda Azərbaycanda olmadığına görə tədbirə skayp vasitəsilə qoşulub:
"Bütün qonaqları salamlayıram. Burdan dostları görürəm, İsa bəy, Xədicə xanım, gəlib dəstək olduğunuza görə çox sağ olun. Məqsədimizi elan etmişik. Yenə təkrar edim ki, kitabdan gələn gəlir həbsdəki NİDA-çılara xərclənəcək".
Siyasi lider İsa Qəmbar kitab və müəlliflə bağll öz fikirlərini çatdırıb.
Araşdırmaçı jurnalist Xədicə İsmayıl deyib:
"İsa bəy və Məmməd Süleymanov kitab haqqında danışdılar. Mən insanın "niyə kitab tərcümə edim" fikrinə gəlib çatması barədə danışmaq istəyirəm. Həbsxana elə yerdi ki, orda səs çoxdu, söz yoxdu. Həmin vəziyyəti görəndə başa düşürsən ki, çox səs boş bir şeydi və sən özünü onun içində görmək istəmirsən. Məhkəmələrə gülərüz çıxırdıq, biz hamımız deyirdik "qorxmuruq", çoxumuz deyirdik "əzab çəkmirik", amma əslində ən əzablı məqam sözsüz səs axınının içində özünü tapmaq idi. Bu, həmin düşdüyün duruma etirazdı. Sən vaxtını onlar kimi keçirmək istəmirsən".