Sabiq MTN-çilərin işi məhkəməyə göndərilib

Sabiq MTN-çilərin işi məhkəməyə göndərilib
24 Dekabr 2016
Mətni dəyiş
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həbsdə olan 10 sabiq işçisinin 21 milyon manatadək dəyərli olan əmlakına həbs qoyulub.
Bu haqda Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.
Məlumatda söhbət sabiq idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, vəzifəli şəxslərdən Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev və Elşad Əzizovdan gedir.
Prokurorluq bildirir ki, onlar 2004-2015-ci illərdə hakimiyyətdən və öz qulluq mövqelərindən sui-istifadə ediblər. Həmin şəxslərin gizli qaydada informasiya alınmasından ötrü nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edərək ayrı-ayrı sahibkarların telefon danışıqlarını dinlədiyi, şəxsi, ailə, kommersiya və peşə sirri təşkil edən məlumatlardan yararlanaraq külli miqdarda əmlaklarını əldə etdiyi bildirilir.
Məlumatda həmçinin sahibkarların silah tətbiq olunmaqla nazirliyin inzibati binasına gətirildiyi, ailə üzvləri, yaxın qohumları ilə əlaqə saxlamalarına imkan verilmədiyi, xidməti otaqlarda saxlanılıb qanunsuz azadlıqdan məhrum edildiyi qeyd olunur.
Prokurorluq bildirir ki, adları qeyd olunan sabiq MTN-çilər ümumilikdə 162 şəxsə zərər yetiriblər. Onlar zərərçəkmişlərdən ümumilikdə 18 milyon 437 min manat pul, 5 milyon 693 min manat dəyərində zərgərlik məmulatları, daşınmaz əmlakı ələ keçirməkdə, 5 milyon manatdan artıq vəsaiti də rüşvət kimi almaqda şübhəli bilinirlər.
Sabiq MTN-çilərin ümumilikdə 21 milyon 528 min manat dəyərində əmlak və pul vəsaitlərinin üzərinə həbs qoyulub.
Onlara Cinayət Məcəlləsinin 20-dən artıq maddəsi üzrə ittiham irəli sürülüb.
Təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 178.3.1, 178.3.2 (dələduzluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 320.1, 320.2 (Rəsmi sənədləri saxtalaşdırma və bilə-bilə saxta sənədlərdən istifadə etmə), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittihamlar irəli sürülməklə onların barəsində cinayət işi ayrıca icraata ayrılaraq cinayət-prosesual qanunvericiliyin tələblərinə müvafiq olaraq təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərər çəkmiş şəxslər, onların hüquqi varis və nümayəndələri cinayət işinin materialları ilə tanış olublar.
İş üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən təsdiq edilərək dekabrın 21-də aidiyyəti üzrə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Məlumatda qeyd edilir ki, hazırda cinayət işi üzrə ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri və digər epizodlarla bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun