5 Dekabr 2016
Mətni dəyiş
Bu gün Səbail Rayon Məhkəməsində NİDA Vətəndaş Hərəkatının üzvü, siyasi məhbus Elgiz Qəhrəmanın işgəncələrlə bağlı şikayətinə baxılıb. Bu barədə "Abzas"a vəkil Nemət Kərimli açıqlama verib.
Vəkil bildirib ki, insan ləyaqətini alçaldan hərəkətlərlə, pis rəftarla bağlı məhkəmə nəzarəti qaydasında şikayət edilmişdi, amma məhkəmə şikayəti təmin etmədi:
"Bu gün proses oldu. Prosesi Rauf Əhmədov aparırdı. Qəhrəmanlı Elgizin məhkəmə prosesində iştirakı barədə əvvəlcədən vəsatət verilmişdi və hakim onunla bağlı 1 saylı Bakı İstintaq Təcridxanasına müraciət etsə də, onun iştirakı təmin edilmədi. Hakim onun iştirakı və dövlət ittihamçısının, əks tərəfin iştirakı olmadan prosesi həyata keçirdi".
Nemət Kərimli qeyd edib ki, şikayətin təmin olunmamasını ekspertiza rəyində xəsarətlərin müəyyən edilməməsi ilə əsaslandırdı:
"Lakin bizim qoyduğumuz şikayətdə məsələn, psixoloji təzyiqlər, məcburi əməyə cəlb etmək kimi məsələlər də qoyulmuşdu. Ona qarşı insan ləyaqətini alçaldan pis rəftar olub".
Xatırladaq ki, Elgiz Qəhrəman avqustun 12-də saxlanıb və həmin gün CM-in 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs-qətimkan tədbiri seçilib. Onu 5 ildən 12 ilədək həbs təhlükəsi gözləyir.
Onu bir həftə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlayıblar və vəkili yanına buraxmayıblar. Vəkillərin bildirdiyinə görə, həbsdə olan fəal həmin idarədə işgəncələrə məruz qalıb.
Elgiz Qəhrəman və NİDA həbsin siyasi motivli olduğunu bildirib. Gənc fəal sosial şəbəkədə yazdığı fikirlərə görə həbs olduğunu bəyan edib.