Qiyas İbrahimov və Bayram Məmmədovun azadlığı üçün beynəlxalq kampaniya başlayıb [Fotolar]

Qiyas İbrahimov və Bayram Məmmədovun azadlığı üçün beynəlxalq kampaniya başlayıb [Fotolar]
11 Dekabr 2016
Mətni dəyiş
Amnesy İnternational təşkilatı dünyanın müxtəlif ölkələrindən olan siyasi məhbuslara dəstək məqsədilə yeni kampaniya başladıb.
Abzas.net-in məlumatına görə, kampaniya dünyanın müxtəlif yerlərindən 12 nəfər siyasi məhbusu əhatə edir. Onların arasında NİDA Vətəndaş Hərəkatının üzvləri Bayram Məmmədov və Qiyas İbrahimov da var. Kampaniya çərçivəsində dünyanın bir neçə şəhərində tədbirlər təşkil edən Amnesty International təşkilatının fəalları siyasi məhbuslara və ölkə rəhbərliklərinə məktublar yazırlar.
Dekabrın 10-u İnsan haqları günü münasibəti ilə kampaniyanın Praqada açılış tədbiri olub. 100-ə yaxın fəalın iştirak etdiyi tədbirdə NİDA Vətəndaş Hərəkatının beynəlxalq əlaqələr üzrə koordinatoru Nəcmin Kamil çıxış edərək Qiyas İbrahimovla Bayram Məmmədovun işi haqqında və Azərbaycandakı insan haqlarının vəziyyəti barəsində çıxış edib.
Amnesty İnternational Çexiya üzrə nümayəndəsi çıxışında Qiyasla Bayramın işinin onlar üçün vacib olduğunu və gənclərin azadlığa çıxana qədər kampaniyalara davam edəcəklərini bildirib.
Qeyd edək ki, Bayram Məmmədov və Qiyas İbrahimov mayın 10-da Heydər Əliyevin postamentinə "Qul Bayramınız mübarək" şüarını yazdıqdan sonra saxlanılıblar. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Onunla birlikdə saxlanan Q.İbrahimovdan da 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə 1 kiloqram 10 qram heroin tapıldığı iddia edilir.
Qiyas İbrahimov oktyabrın 25-də, Bayram Məmmədov isə dekabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun