Pulları prezident özü bölüşdürəcək

Pulları prezident özü bölüşdürəcək
29 Dekabr 2016
Mətni dəyiş
Azərbaycan prezidenti İlham Əliyevin dekabrın 27-də imzaladığı 2017-ci ilin dövlət büdcəsi haqqında qanuna əsasən, əvvəllər baş nazirə məxsus bir səlahiyyəti bu dəfə ölkə prezidenti yerinə yetirəcək.
Bunu iqtisadçı ekspert Rövşən Ağayev sosial şəbəkədəki səhifəsində yazıb. Söhbət büdcənin əsas xərc istiqamətlərindən biri olan investisiya xərclərinin bölüşdürülməsindən gedir. Ekspert yazır ki, ən azı, son 15 ildə bu səlahiyyəti baş nazir həyata keçirib:
"2 iyul 2002-ci ildən qüvvədə olan «Büdcə sistemi haqqında" Qanunun 17.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı yanvar ayının sonunadək il üzrə təsdiqlənmiş dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərclərinin layihələr üzrə bölgüsünü aparmalıdır. Eyni zamanda, həmin qanunun tətbiq edilməsi barədə ölkə prezidentinin 31 oktyabr 2002-ci il fərmanın 2-ci maddəsinin 4-cü abzasında qeyd edilir ki, investisiya xərclərinin bölgüsü ilə bağlı səlahiyyəti (qanunun 17.3-cü maddəsinin icrası) Nazirlər Kabinetinə həvalə edilib. Yeni ildən isə prezidentin özü bu səlahiyyətləri icra etmək qərarına gəlib".
Gələn ilin büdcəsiylə bağlı prezident fərmanına görə, investisiya xərcləri üçün nəzərdə tutulan vəsaitin bölgüsünü İqtisadiyyat Nazirliyinin, islahatlarla bağlı xərclərə gedəcək vəsaitin bölgüsünü isə Maliyyə Nazirliyinin təklifləri əsasında Azərbaycan prezidenti gerçəkləşdirir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun