13 Dekabr 2016
Mətni dəyiş
“Həbs olunan reket jurnalistlər son 10 ildə qeyri-qanuni fəaliyyətlə məşğul olublar”, - Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi Mədət Quliyev jurnalistlərə bildirib.
Ötən həftə DTX azı üç sayt rəhbərini saxlayıb.
“Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının keçirdikləri əməliyyat zamanı həbs olunan reket jurnalistlər son 10 ildə qeyri-qanuni fəaliyyətlə məşğul olublar. Müəyyən vəzifəli insanların uşaqları ilə bağlı qanunsuz çəkilişlər aparıblar”, - M.Quliyev qeyd edib.
Onun sözlərinə görə, həmin şəxslər bu cür videogörüntülərlə bəzi şəxslərdən pul tələb ediblər.
“Bununla bağlı Dövlət Təhlükəsizlik Xidmətində cinayət işi qaldırılıb və məsələyə hüquqi qiymət veriləcək”, - DTX rəisi vurğulayıb.
O həmçinin bildirib ki, DTX qısa müddət ərzində cinayətkarların, casusların məhv edilməsi ilə nəticələnən 4 əməliyyat keçirib.
M.Quliyevin sözlərinə görə, bu istiqamətdə Azərbaycanın xüsusi xidmət orqanları tək işləmir: “Biz digər dövlətlərin təhlükəsizlik xidməti orqanları ilə birgə işləyirik. Onlarla məlumat mübadiləsi edirik. Əməkdaşlarımız cinayətkar dəstələrin üzvlərini saxlayarkən silahlı müqavimətlərlə üzləşiblər və onların qarşısı qətiyyətlə alınıb”.
M. Quliyevin sözlərinə görə, bu il ərzində DTX-nin 500-dən artıq əməkdaşı xidmətdən xaric olunub. Xidmətdən xaric olunan işçilərdən 20 nəfərdən çoxunun barəsində cinayət işi başlanıb.
“Bu, təbii prosesdir. Çünki xidmətdə təmizləmə prosesi aparılır”, - xidmət rəisi qeyd edib.
Qeyd edək ki, Meydan.TV DTX-nin həbs etdiyi iki redaktorun - Surxay Əliyev və Habil Vəliyevin 2014-cü ilin avqustunda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin keçirdiyi müşavirədə iştirakını əks etdirən foto dərc edib.
Bir sual açıq qalır: bundan öncəyə qədər Mətbuat Şurasının “qara siyahı”ya daxil etdiyi bu nəşrlərin rəhbərlərini Prezident Administrasiyasına kim dəvət edib?