7 Dekabr 2016
Mətni dəyiş
"Müsəlman Birliyi" Hərəkatının sədr müavini Elçin Qasımov və daha 11 nəfər - Nahid Qəhrəmanov, Ağa-Əli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyev yaxın günlərdə məhkəmə qarşısına çıxarılacaq.
Onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Mayıl Bayramovun sədrlik etdiyi hakimlər heyəti baxacaq.
Adları çəkilən şəxslərin bir qismi "Müsəlman Birliyi" Hərəkatının üzvüdür. Təşkilatın sədri, ilahiyyatçı Taleh Bağırov ötən il noyabrın 26-da Nardaranda keçirilmiş əməliyyat zamanı həbs olunub. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov və onunla birlikdə mühakimə olunan 17 nəfərin məhkəməsi davam edir.
Elçin Qasımov isə Nardaran hadisələrindən öncə – noyabrın 5-də tutulub. O, İnzibati Xətalar Məcəlləsinin 310-cu (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə günahlandırılıb və 30 sutka inzibati həbs cəzası alıb. Daha sonra barəsində cinayət işi başlanıb, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində üç aylıq həbs-qətimkan tədbiri seçilib. E.Qasımova Cinayət Məcəlləsinin 221 (xuliqanlıq) və 315 (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddələri ilə ittiham verilib. Daha sonra ittihamların sırasına daha 11 maddə əlavə olunub.
İttihamlar arasında terrorçuluq, kütləvi iğtişaş törətmə, qanunsuz silah saxlama, hakimiyyəti zorla ələ keçirməyə cəhd kimi maddələr var.