2 Dekabr 2016
Mətni dəyiş
Elgiz Qəhrəmanın işgəncələrlə bağlı şikayətinə Səbail Rayon Məhkəməsində baxılacaq. Bu barədə Abzas.net-ə vəkil Nemət Kərimli açıqlama verib.
Vəkil bildirib ki, məhkəmə şikayətə dekabrın 5-i saat 10:00-da Səbail Rayon Məhkəməsində baxılacaq. Nemət Kərimlinin bildirdiyinə görə, siyasi məhbusun məhkəməyə gətiriləcəyi gözlənilir.
Xatırladaq ki, Elgiz Qəhrəman avqustun 12-də saxlanıb və həmin gün CM-in 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs-qətimkan tədbiri seçilib. Onu 5 ildən 12 ilədək həbs təhlükəsi gözləyir.
Onu bir həftə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlayıblar və vəkili yanına buraxmayıblar. Vəkillərin bildirdiyinə görə, həbsdə olan fəal həmin idarədə işgəncələrə məruz qalıb.
Elgiz Qəhrəman və NİDA həbsin siyasi motivli olduğunu bildirib. Gənc fəal sosial şəbəkədə yazdığı fikirlərə görə həbs olduğunu bəyan edib.