Los Angeles Times Trumpın "Baku Hotel" layihəsindən çıxması haqda yazdı

Los Angeles Times Trumpın "Baku Hotel" layihəsindən çıxması haqda yazdı
23 Dekabr 2016
Mətni dəyiş
ABŞ-ın nüfuzlu Los Angeles Times qəzeti Trumpın Azərbaycan da daxil olmaqla, dünya boyu inşaat layihələri barədə məqalə dərc edib.
Məqalədə deyilir ki, Azərbaycan paytaxtı Bakıdakı Trump Hotel Donald Trumpın iki il əvvəl söz verdiyi dünyanın ən yaxşı inşaat layihələri arasında olub. Ancaq bu arzu ötən həftələrdə Trumpın layihədən geri çəkilməsi ilə iflasa uğrayıb. Şirkət bildirib ki, buna səbəb hakim ailəyə yaxın 34 yaşlı inşaatçı fərdin layihəni ləngitməsi olub.
“Trump Baku”-nun iflasa uğraması özü-özlüyündə verilmiş qərar deyil. İnaqurasiyasına bir ay qalmış növbəti prezident Trumpın şirkəti onun administrasiyası üçün maraq münaqişəsi və mübahisələr yarada biləcəkləri düşüncəsi ilə bir neçə beynəlxalq biznesdən geri çəkildiyini açıqlayıb.
Azərbaycanla yanaşı şirkət Gürcüstanda da çıxıb. Bununla yanaşı, Trump Rio de Janeyro və Səudiyyə Ərəbistanındakı “Jiddə Hotel” razılığından da çıxdığını elan edib.
Trump Təşkilatının baş müşaviri Alan Qarten deyib ki, bəzi layihələrin ləğvi yalnız onların statusundakı vəziyyətlə bağlı olub və sadəcə biznes qərarları əsasında bu addımlar atılıb.
O deyib ki, Trump bu qərarların verilməsində rol oynamayıb və qərarı əsasən oğulları Donald Jr. və Erik, eləcə də şirkətin digər icraçıları qəbul edib.
Qarten Trumpın bizneslərini necə idarə edəcəyini detalları barədə danışmasa da, buna qarşıdakı həftələrdə aydınlıq gələcəyini açıqlayıb.
“Artıq dayandırılmış Azərbaycan razılığı Trumpın biznes sövdələşmələrinin yeni administrasiyanın xarici siyasətini necə qəlizləşdirəcəyinə dair aydın mənəzərə yaradır. Neftlə zəngin ölkə korrupsiya və işlərin tanışlıqla həlli reputasiyasına görə tanınır. Kiçik bir qrup elit ailə ölkə iqtisadiyyatının böyük bir hissəsinə nəzarət edir,” deyə məqalədə yazılır.
Azərbaycan və qonşuları haqda daimi yazılarla çıxış edən Karnegi Sulh Fondundan Tomas de Vaal qəzeti açıqlmasında deyib ki, Azərbaycanda korrupsiya bütöv bir sistemdir.
“Orada ABŞ və Avropa ölkələrində olan qanun aliliyi yoxdur. Hər şey şəxsi münasibətlər zəminində həllini tapır. Azərbaycanda biznes qursanız, fərdlərlə, siyasi baxımdan güclü fərdlərlə sövdələşmə aparırsınız,” de Vaal bildirir.
Bakıdakı Trump Beynəlxalq Hotel və Qülləsi üçün Trump Qarant Holdinq adlanan və ölkənin nəqliyyat nazirinin oğlu Anar Məmmədov tərəfindən idarə olunan şirkətlə razılaşma əldə edib.
Məmmədov Waşinqtonda da profilə malikdir. Onun Azərbaycan Amerika Alyansı adlı qeyri-kommersiya təşkilat var. Hazırda təşkilatın telefon nomrəsi və vebsaytı işləmir. Məmmədov və qrupun Waşinqton lobbiçisi James Fabiani LA Times-ın açıqlama almaq üçün müraciətinə cavab verməyib.
Digər bir çox razılıqlarda olduğu kimi binanı Trump inşa etməyib, sadəcə onun adı lisenziyalaşdırılıb. Razılıq 2014-cü ildə əldə edilib və Trump otelin ödənişləri və idarəsi üçün $2.8 milyon dollar qazanc əldə edib. Tomas De Vaal isə deyir ki, neft qiymətlərinin enməsi və ölkə valyutasının ciddi dəyər itirməsi Azərbaycanın daşınmaz əmlak bazarında köklü təsir göstərib.
Hələlik Trumpın adı otel binasının üzərində qalır, deyə Waşinqtondakı azərbaycanlı jurnalist Ələkbər Raufoğlu qəzetə açıqlamasında bildirib . Lakin, onun sözlərinə görə, razılığın ləğvi Trumpın özünü repressiv siyasət yürüdən və öz siyasi opponentlərini həbs etdirən prezident İlham Əliyevdən uzaqlaşdırdığına mesaj kimi görünə bilər.
Seçkilərin ardınca Azərbaycan rəsmiləri Trumpla əlaqələrini təbliğ etmək üçün Waşinqtondakı Trump otelində Hanukkah bayram şənliyi keçiriblər.
Qəzet yazır ki, Azərbaycanın ABŞ-dakı səfirliyi Trump otelindəki tədbir və otel layihəsi ilə bağlı şərh verməkdən imtina edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun