3 Dekabr 2016
Mətni dəyiş
Dekabrın 2-də Brüsseldə Avropa Birliyi və hüquq müdafiəçilərinin 18-ci Forumunda Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus AB xarici siyasət məsələləri üzrə ali nümayəndəsi Federika Mogherini ilə görüş keçirib.
Bu barədə onun həyata yoldaşı, hüquq müdafiəçisi Arif Yunus məlumat verib.
A.Yunusun sözlərinə görə, Leyla Yunus Mogherini-yə Azərbaycanda siyasi məhbuslar problemi haqda danışıb.
L.Yunus F.Mogeriniyə bildirib ki, Azərbaycanda siyasi məhbusların sayı 160-ı keçib.
O, həmçinin işgəncələrə dair məlumatı təqdim edib.
Yunuslar 2014-cü ilin iyulunda həbs olunublar. Onlar dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurdular.
2015-ci il avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il azadlıqdan məhrum edilmişdi. Sonradan Bakı Apelyasiya Məhkəməsinin qərarına əsasən, CM-nin 70-ci maddəsi tətbiq olunmaqla, onlara verilən cəza şərti hesab olundu və Yunuslar həbsdən buraxıldı.
Leyla və Arif Yunusun üzərində şərti cəza olduğu əsas gətirilərək, onların ölkəni tərk etmələrinə yasaq qoyulmuşdu. Ancaq sonra Hollandiya hökumətinin də dəstəyi ilə Leyla və Arif Yunus ölkədən kənara buraxıldı. Hazırda onlar Hollandiyadadırlar.
Leyla Yunus bir müddət əvvəl 160 məhbusun adlarının daxil edildiyi siyasi məhbus siyahısını açıqlayıb.