21 Dekabr 2016
Mətni dəyiş
Ali Məhkəmə dekabrın 20-də hazırda xaricdə olan hüquq müdafiəçiləri Leyla və Arif Yunusların kassasiya şikayətinə baxılmasını növbəti dəfə təxirə salıb.
Bu sözləri vəkil Əfqan Məmmədov deyib.
Onun sözlərinə görə, kassasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin 2015-ci il dekabrın 9-dakı qərarından verilib.
“Bu şikayətə səbəb Bakı Ağır Cinayətlər Məhkəməsinin Arif və Leyla Yunusların barəsində çıxardığı azadlıqdan məhrumetmə hökmünün Apelyasiya Məhkəməsində şərti cəza ilə əvəz edilməsidir. Biz müdafiə etdiyimiz şəxslərə bəraət tələb edirdik”, -Ə.Məmmədov bildirib.
Kassasiya şikayəti 2016-cı ilin fevralında verilib. “Amma hər dəfə şikayətə baxış üçün vaxt təyin olunsa da sonradan təxirə salınıb, yubana-yubana indiki vaxta gəlib çıxıb. Bu gün də şikayətə baxılmasını dekabrın 27-nə kimi təxirə saldılar”, - vəkil qeyd edib.
Qeyd edək ki, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus 2014-cü ilin yayında həbs olunublar. Onlar vergidən yayınma və başqa iqtisadi cinayətlərdə ittiham ediliblər. Hüquq müdafiəçiləri ittihamları qəbul etməyiblər.
2015-ci il avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsi Leyla Yunusu 8 il 6 ay, Arif Yunusu isə 7 il müddətinə azadlıqdan məhrum edib.
Həmin il dekabrın 9-da Apelyasiya Məhkəməsi həbs müddətini şərti cəza ilə əvəz edib. Aprelin 19-da cütlük müalicə məqsədilə Azərbaycanı tərk edib.