15 Dekabr 2016
Mətni dəyiş
"İndi laqeyd olan insanlar sonra idealların puça çıxmağı, proqramların uğursuzluğu və bir sıra belə şeyləri müzakirə etməyi xoşlayırlar. Beləcə, onlar yenidən hər cür məsuliyyətdən yaxalarını kənara çəkirlər."
Antonio Qramşi (Gramschi)
Laqeyd adamlara nifrət edirəm!
Laqeyd adamlardan zəhləm gedir, Fridrix Gebbel kimi, mən də hesab edirəm ki, “Yaşamaq, həyatda müəyyən mövqe tutmaqdır”.
Cəmiyyətdən kənarda dayanan insan ola bilməz. Doğrudan da, yaşayan insan, vətəndaş olmaya, müəyyən mövqe tutmaya bilməz. Laqeydlik – həyat deyil, iradəsizlik, həşaratlıq, qorxaqlıqdır. Buna görə də mən laqeydlərə nifrət edirəm.
Laqeydlik – tarixin ballastıdır.
Laqeydlik - yenilikçiliyin qurğuşun qədər ağır yükü, ətalətli və dolaşıq, ən alovlu entuziazmın üstünə su səpib söndürən, köhnə cəmiyyətin qəsrini əhatə etmiş və onu qoruyan bataqlıqdır: bu bataqlıq o köhnəlik qəsrini bütün divarlardan, yüzlərlə döyüşçünün cəsur sinəsindən daha yaxşı qoruyur, çünki ona hücum edənləri öz lehməli dibinə çəkərək, gücdən salır, qorxudaraq, qəhrəman təşəbbüslərdən imtinaya məcbur edir.
Laqeydlik – tarixdəki ən təsirli güclərdən biridir. O, passiv fəaliyyət göstərir, amma yenə də fəaliyyət göstərir.
Laqeydlik lənətə tabe olmaqdır, laqeydlik elə bir şeydir ki, onun nələr edə biləcəyini hesablamaq mümkün deyil.
Laqeydlik bütün proqramları sıradan çıxarır və ən yaxşı planları pozur; bu, ağla düşmən kəsilən və onu məhv edən kobud materiyadır.
Baş verənlər, hamıya təsir edən zülm, qəhramanca bir hərəkətdən (ümumbəşəri miqyasda) doğa biləcək xeyir, — fəaliyyətdə olan azlığın təşəbbüsündən daha çox, çoxluğun laqeydliyinin, iştiraksızlığının nəticəsidir.
Baş verənlər ancaq ona görə baş vermir ki, bunu bəziləri istəyir, daha çox ona görə baş verir ki, insan kütlələri öz iradələrini ifadə etməkdən imtina edir, başqalarına hərəkət azadlığı verirlər, bununla da elə düyünlərin dolaşmağına imkan verirlər ki, sonralar bu düyünləri açmaq deyil, ancaq qılıncla kəsib atmaq mümkündür.
Laqeydlik elə qanunların qəbul olunmasına şərait yaradır ki, sonradan bu qanunların öhdəsindən ancaq qiyam gəlir.
Laqeydlik elə adamların hakimiyyətə gəlməsinə şərait yaradır ki, sonradan bu adamları ancaq inqilab yolu ilə devirmək olur.
Tarixdə görünür ki, hökmranlıq edən labüdlük - bu laqeydliyin, özünü kənara çəkməyin büruzə verən simasından başqa bir şey deyil.
Xəlvət-xəlvət hansısa hadisələr yetişir. Nəzarətdən kənarda qalmış az sayda insanların əli ilə kollektiv həyatın parçası toxunur, kütlə isə bu müddət ərzində heç nədən xəbərsiz halda yaşayır, çünki bütün bunlar onu maraqlandırmır.
Bir balaca qrup aktiv insanın dar dünyagörüşü, yaxın məqsədləri, şəxsi ambissiyaları və ehtiraslarından çıxış edərək, dövrün taleyi ilə manipulyasiya edirlər. Bu müddət ərzində isə insan kütlələri heç nə bilmir, heç nədən xəbər tutmur, çünki heç kimi heç nə maraqlandırmır.
Xəlvət-xəlvət yetişən hadisələr sona çatır, zirzəmidə toxunan parça toxunub qurtarır və onda hamıya elə gəlir ki, tarix nəhəng bir təbiət hadisəsi, vulkan, zəlzələdir ki, hamı onun qurbanı olub: bunu istəyən də, istəməyən də, bilən də, bilməyən də, fəal olan da, qıraqda qalan da.
Qıraqda qalan bundan qıcıqlanır, onlar istəyirlər ki, onların hadisənin belə şəkil almasını istəmədikləri bilinsin. Bilinsin ki, onlar cavabdeh deyillər.
Onlar şikayətkar bir halda mızıldanır, bəziləri ədəbsizcəsinə donquldanır, amma heç kim özünə sual vermir ki: bəlkə mən öz borcumu yerinə yetirsəydim, bəlkə mən inad etsəydim, bəlkə başqasını dediyimə inandırmağa çalışsaydım, bunlar baş verməzdi?
Heç kim, az qala heç kim öz laqeydliyini, öz skeptisizmini, kömək əlini uzatmaqdan imtina etməsini, şərin ayaq tutub yeriməməsinə çalışan, xeyirin qələbəsi uğrunda mübarizə aparan vətəndaşlara dəstəkdən imtinasını öz günahı kimi görmür.
Belə insanların çoxu hər şey bitəndən sonra idealların puça çıxmağı, proqramların uğursuzluğu və bir sıra belə xoş şeyləri müzakirə etməyi üstün tutur. Beləcə, onlar yenidən hər cür məsuliyyətdən yaxalarını kənara çəkirlər.
Özü də, heç də ona görə yox ki, baş verənlərdən başları çıxmır, ya da cari problemlərin həlli yolunda fikir irəli sürmək gücündə deyillər.
Sadəcə onların irəli sürdükləri həll gözəl boşboğazlıqdan başqa bir şey deyil, bu kollektiv həyata edilən yatırım əxlaq işığından kasaddır.
Bu həll, həyatda hamını fəal olmağa çağıran, aqnostisizmin, iştiraksız laqeydliyin heç bir növünü qəbul etməyən tarixi məsuliyyətdən uzaq intellektual maraqdan başqa bir şey deyil.
Mən laqeydlərə həm də ona görə nifrət edirəm ki, bu əbədi məsumların zırıltıları məni özümdən çıxarır. Bu adamlardan həyatın onların qarşısına qoyduğu və hər gün qoymaqda davam etdiyi problemləri necə həll etdiklərini soruşuram, onlardan bunun üçün nə etdiklərini, xüsusilə də, nə etmədiklərini soruşuram. Bununla belə, hiss edirəm ki, güzəştə gedə bilmərəm, mən öz mərhəmət hissimi əbəs yerə onlara xərcləyə bilmərəm, mən onlarla birlikdə göz yaşı tökməli deyiləm.
Mən bir mövqe tutmuşam, mən yaşayıram, mən silahdaşlarımın fikirlərindəki yeni cəmiyyətin həyat nəbzini hiss edirəm. Onlar artıq bu yeni cəmiyyəti qururlar, o cəmiyyəti ki, orada məsuliyyətin yükü azların çiyinlərinə düşməyəcək.
Orda baş verənlər təsadüfi olmayacaq, qaçılmaz olmayacaq, baş verən hər şey insanların şüurlu hərəkətlərinin nəticəsi olacaq. O cəmiyyətdə pəncərə qarşısında dayanıb, küçələrdə insanların özünü qurban verməyinə laqeydiklə tamaşa edənlər olmayacaq.
Mən yaşayıram – mənim bəlli mövqeyim var. Buna görə də, müəyyən bir tərəf tutmayan insanlara, mövqesizlərə, laqeydlərə nifrət edirəm.
1917
Tərcümə edən: Günel Mövlud