2 Dekabr 2016
Mətni dəyiş
Polyak jurnalist və tarixçi Rişard Kapuçinskinin "Şahənşah" əsəri Azərbaycan dilinə ilk dəfə tərcümə olunub və çapdan çıxıb.
Əsəri keçmiş siyasi məhbus Rəşadət Axundov tərcümə edib. Kitab "Fikir Sexi"nin növbəti layihəsidir.
Bu barədə saytımıza Rəşadət Axundov açıqlama verib. O, bildirib ki, həbsdə olarkən kitabı oxuyub və tərcümə etmək qərarına gəlib.
Keçmiş siyasi məhbus artıq kitabın təqdimat mərasiminin də planlaşdırıldığını qeyd edib. Belə ki, dekabrın 11-i saat 15:00-da Bakının mərkəzində yerləşən "Radio kafe"də təqdimetmə keçiriləcək.
Təqdimatda kitab və kitabın yazıldığı dövrdə İranda baş verən siyasi və tarixi hadisələr haqqında danışılacaq, müzakirələr aparılacaq.
Rişard Kapuçinski (1932-2007) tanınmış polyak jurnalistdir. Üçüncü dünya ölkələrində müxbir kimi çalışarkən yazdığı bədii-publisistik kitablar ona dünya şöhrəti gətirib, o hətta Nobel mükafatına namizəd irəli sürülüb.
Polyak jurnalisti bu romanı 31 il qabaq İran haqda yazıb. 1982-ci ildə İran təəssüratları əsasında yazdığı "Şahənşah" romanı onun ən populyar əsərlərindəndir.