"Hökumət böhranı aradan qaldırmaq əvəzinə gəncləri şərləyib həbs edir"
3 Dekabr 2016
Mətni dəyiş
Dekabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində gənc fəal Bayram Məmmədova prokurorun 10 il 6 ay həbs cəzası istəməsinə müxalif təşkilatların nümayəndələri münasibət bildirib. Onlar hakimiyyətin siyasi fəallara qarşı bu cür davranışına etiraz ediblər.
AXCP sədrinin müavini Gözəl Bayramlı məsələ ilə bağlı münasibət bildirərək deyib ki, Azərbaycan hakimiyyətinin əsas hədəfi gəncliyi qorxutmaqdır:
"Təəssüflər olsun ki, Azərbaycan hakimiyyəti fərqli fikir söyləyən insanlara, xüsusilə gənclərə qarşı bu cür aqressiv münasibət sərgiləyir. O cümlədən Qiyas İbrahimova da 10 il həbs cəzası verildi. Biz AXCP, Milli Şura olaraq bu hökmü pisləmişdik. Ölkədə gənclərə qarşı bu cür aqressiv siyasət yürüdülür. Tamamilə yanlış bir siyasətdir. Azərbaycan gəncliyinə qarşı bu cür siyasətlə, onlara uzunmüddətli həbs verməklə narazılığın qarşısını almaq mümkün deyil. Azərbaycan hakimiyyətinin də bu məsələdə hədəfi odur ki, gəncliyi qorxutsun", - deyə Gözəl Bayramlı bildirib.
AXCP sədrinin müavini deyib ki, Bayram da, Qiyas da heykələ "Qul bayramınız mübarək” yazıqları üçün həbs ediliblər, amma onları qondarma narkotik ittihamı ilə şərləyiblər. Onlar öz fikirlərini ifadə ediblər. Buna görə gəncliyi narkotika ilə şərləyib 10 il həbslə hədələmək Azərbaycan hakimiyyətinə başucalığı gətirmir.
Gözəl Bayramlı vurğulayıb ki, bu həbsi qəti şəkildə pisləyir və hesab edir ki, Bayram birmənalı olaraq azadlığa buraxılmalıdır:
"Ümumiyyətlə, bu, qondarma bir cinayət işidir. Bayramın heç bir günahı yoxdur. Azərbaycan hakimiyyətinin apardığı siyasətə qarşı etirazını bildirib. Hesab edirəm ki, hakimiyyət Azərbaycan gəncliyinin etiraz potensialının qarşısını almaq istəyir, amma buna nail ola bilməyəcək. Biz Bayram bəyə də, Qiyas bəyə də, bütün digər siyasi və vicdan məhbuslarına da azadlıq tələb edirik. Hakimiyyətin bu siyasəti yanlışdır. Ona görə də Azərbaycan hakimiyyətinin öz repressiya siyasətini siyasi fəallara, öz fikirini ifadə edən insanlara qarşı bu cür aqressiv şəkildə sərgiləməsini pisləyirik. Eyni zamanda bundan sonra da gəncliyin yanında olacaq, onları müdafiə edəcəyik".
Müsavat Partiyası başqanının müavini Elman Fəttah Bayram Məmmədova 10 il 6 ay həbs cəzası istənilməsini siyasi sifariş hesab edir:
"Mən özüm məhkəmədə iştirak etmişəm, daha doğrusu, məhkəmənin önündə olmuşam. Bayrama prokuror 10 il 6 ay iş istəyib. Yəqin ki, elə belə bir həddə də hakim iş kəsəcək. Biz Qiyasda da eyni məsələləri izləmişdik. Prokuror Qiyasa 9 il iş istəmişdi, lakin hakim 10 il vermişdi. Görünür, məsələni bərabərləşdirmək üçün prokuror bu dəfə daha çox iş istəyib".
Partiya funksioneri deyir ki, bu, biabırçılıqdır. Bayramın və Qiyasın müdafiəsi ilə əlaqədar Avropa şəhərlərində müdafiə kampaniyaları gedir və bunun biabırçı bir iş olduğu dünyaya göstərilir. Açıq bəyan olunur ki, Azərbaycanda gənclərə, sadəcə, bir zarafata görə 10 il həbs cəzası verilir.
"Bu hakimiyyətin artıq başqa bir özünümüdafiə, özünüqoruma üsulu qalmayıb, tükənib. Hakimiyyət hesab edir ki, qorunmaq üçün yalnız repressiya üsulları qalıb. Biz əvvəl də münasibət bildirmişdik ki, bu məsələ 1957-ci ildə Qız qalasında Azərbaycanın üç rəngli bayrağını qaldıran Cahid və onun dostuna qarşı irəli sürülən ittihama bənzəyir. Necə ki, o vaxt onlara palto oğurluğu ilə çox böyük rəqəmdə iş kəsmişdilər, eynilə də Bayrama və Qiyasa diktaturaya etirazlarına görə narkotik ittihamı ilə ağlasığmaz və inanılmaz rəqəmdə iş kəsirlər", - deyə Elman Fəttah bildirib.
Müsavatın başqan müavini əlavə edib ki, ona iş kəsənlər də, o işi sifariş edənlər də yaxın zamanlarda Azərbaycanda baş verəcək dəyişiklikdən sonra yəqin ki, bunun cavabını verməli olacaqlar.
NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Ülvi Həsənli isə açıqlamasında prokurorun Bayram Məmmədova 10 il 6 ay iş istənilməsinə belə münasibət bildirib:
"Bu gün prokuror Bayrama 10 il 6 ay iş istəyib. Növbəti məhkəmədə ola bilər ki, hökm oxunsun. Əlbəttə, buna münasibətimiz birmənalıdır. Yəni, biz Azərbaycanın əmrlə işləyən məhkəmələrindən heç bir ədalət gözləmirdik. Heç Bayramla, Qiyasın özü də gözləmirdi və məhkəmədə bununla bağlı dəfələrlə fikirlərini söyləyiblər. Onlar bilirdilər ki, bu məhkəmələr onlara necə ağır hökm verəcək. Əlbəttə, bizim məhkəmə qərarına münasibətimiz pis olacaq".
Ü.Həsənli deyib ki, Azərbaycan hakimiyyəti ölkə iqtisadiyyatındakı böhranı aradan qaldırmaq, vəziyyətlə bağlı hansısa bir addım atmaq əvəzinə gəncləri, işıqlı və ölkənin gələcəyi üçün potensialı olan insanları şərləyir, həbs edir və belə ağır cəzalarla qorxutmaq istəyir.
"Amma, əlbəttə ki, bunun bir nəticəsi olmayacaq. Yəni hökumət belə qorxutmaqla, belə ağır repressiya ilə özünü xilas edə bilməyəcək", - deyə NİDA İdarə Heyətinin üzvü vurğulayıb.
REAL-in sədr müavini Natiq Cəfərli Bayram Məmmədova istənilən işlə bağlı deyib ki, bu uşaqların narkotiklə heç bir əlaqəsi yoxdur, bunu ölkədə hamı bilir.
"Çox güman ki, digərlərinə dərs olsun deyə belə ağır cəzalar tətbiq olunur. Bu addımı atmaqla istəyirlər ki, gələcəkdə bir daha belə hadisələr təkrar olunmasın. Amma bu hadisənin narkotika ilə əlaqəsinin olmaması dediyim kimi, heç kimdə şübhə doğurmur. Sadəcə, belə bir sərt qərarların verilməsi göz qorxutmaq, gələcəkdə buna bənzər hadisələrin təkrar olunmaması üçün atılmış addımdır. Bu addımın da başqa cür dəyərləndirilməsi mümkün deyil", - deyə Cəfərli bildirib.
Qeyd edək ki, B.Məmmədov digər gənc fəal Qiyas İbrahimovla birgə bu il mayın 10-da saxlanıblar.
Gənclər işgəncə altında ifadə verməyə məcbur edildiklərini bildiriblər. Daxili İşlər Nazirliyi və Ombudsman Aparatı gənclərə işgəncə verilməsini təkzib edib.
Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Onunla birlikdə saxlanan Q.İbrahimovdan da 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə 1 kiloqram 10 qram heroin tapıldığı iddia edilir.
Qiyas İbrahimov oktyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib. Gənc fəal özü məhkəmədə deyib ki, o, Heydər Əliyevin doğum günü abidəsinə "Qul bayramınız mübarək!" yazdığına görə həbs edilib.
Mayın 12-də Xətai Rayon Məhkəməsi hər iki gənc haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçib. Sentyabrın 6-da isə B.Məmmədov barəsindəki həbs müddəti 2 ay 1 gün artırılıb. Oktyabrın 25-i Bakı Ağır Cinayətlər Məhkəməsində gənc fəal Qiyas İbrahimova 10 il həbs cəzası verilib.
Dekabrın 2-də hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsə cəza istəyib. Prokuror B. Məmmədovun 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunmasını xahiş edib.
Gənclərin eks-prezident Heydər Əliyevin abidəsinə şüar yazılmasına görə həbs edildiyi iddia olunur. Beynəlxalq təşkilatlar isə gənc fəalları "Siyasi məhbus" hesab edir.