Güney Azərbaycanda siyasi məhbus ağzını tikərək aclıq aksiyasına başlayıb

Güney Azərbaycanda siyasi məhbus ağzını tikərək aclıq aksiyasına başlayıb
9 Dekabr 2016
Mətni dəyiş
Cənubi Azərbaycanda Kərəcin Rəcayişəhr həbsxanasında məhbus həyatı yaşayan uşaq hüquqları müdafiəçisi Səid Şirzad dekabrın 7-də dodaqlarını tikərək aclıq aksiyasına başladığını elan edib.
S.Şirzad xəstə məhbuslara tibbi yardımın edilməməsi və məhbusların zindanlarda təhlükəsizliyinin təmin edilməməsinə etiraz olaraq aclıq aksiyasına başlayıb. O, məhbus Mehdi Fərahi Şandizin zindan məsulları tərəfindən döyülməsini, məhbusların təhlükəsizliyinin təmin edilmədiyinə misal kimi göstərib.
“Məmurlar məhbusların ailəsini təhqir edir, aclıq aksiyası ilə bağlı rəsmi məktublar zindan məsulları tərəfindən qəbul edilmir və bununla da həkim müalicəsi məsuliyyətindən yayınılır, görüş salonunda məhbusların ailəsi saxlanılır, xəstə siyasi məhbuslar müalicə üçün tibbi mərkəzlərə göndərilmir, döyülürlər, məcburi şəraitdə məhkəməyə göndərilir. Bu kimi səbəblərdən ötrü aclıq aksiyasına başlayıram”- deyə məhbusun zindan məsullarına yazdığı məktubda qeyd olunub.
Qeyd edək ki, S.Şirzad 2014-cü il  iyunun 2-də Təbrizdə öz iş yerində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Fəal qısa müddət sonra Tehranın Evin zindanına və bir müddət sonra Rəcayişəhr həbsxanasına köçürülüb. Fəal 15 ay qeyri-müəyyən şəraitdə saxlandıqdan sonra 2015-ci il sentyabrın 12-də Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsində mühakimə edilib. O nəhayət ölkənin təhlükəsizliyini pozmağa cəhd göstərməkdə ittiham olunaraq 5 il həbs cəzasına məhkum edilib. Məhkəmə qərarı 2015-ci il sentyabrın 16-da məhbusun vəkilinə elan olunub.
Bundan əlavə, S.Şirzad 2012-ci il avqustun 21-də Qaradağda baş verən zəlzələ nəticəsində təbii fəlakətdən zərərçəkənlərə yardım etmək məqsədi ilə, Əhər şəhərinə gedib və təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. O, 19 gün həbsdə qaldıqdan sonra azadlığa buraxılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun