"Diktatorlar istəyirlər ki, bütün vətəndaşlar bir-birinə oxşasın"
7 Dekabr 2016
Mətni dəyiş
Nihad Sirees: Bəs siz, avtoritar bir ölkədə yaşayıb, liderin dediyi və etdiyi hər şeyi tərifləmək məcburiyyətində qoyulsaydınız nə edərdiniz?
Nihad Sirees 1950-ci ildə Suriyanın Hələb şəhərində doğulub. 80-ci illərdən başlayaraq ədəbiyyatla məşğul olub, indiyədək 7 romanı və bir çox pyesi çap olunub. Onun Suriyadakı avtoritar rejimdən bəhs edən "Səssizlik və gurultu" romanı dünyanın bir çox dilinə çevrilib. Artıq bir neçə ildir Avropada yaşayan Nihad Sirees Oxu Zalına Suriyadakı ədəbi mühit, ictimai-siyasi vəziyyət həmçinin doğma şəhəri Hələbin keçmiş və indiki halı haqda danışır.
- Cənab Sirees, Azərbaycanda Suriya ədəbiyyatı demək olar ki, naməlumdur. Təkcə Adonisdən başqa azərbaycanlılar Suriya yazarlarından heç kimin adını eşitməyiblər, bəs siz azərbaycanlılar üçün suriya ədəbiyyatını necə təqdim edərdiniz? Suriya ədəbiyyatı hansı cəhətləri ilə maraqlıdır?
- Siz Adonis haqda eşidibsinizmi? Heç bilmirdim Azərbaycanda tanındığını. Suriya avtoritar rejim tərəfindən idarə olunur, burda qayda var ki, Suriyadan dünyaya çıxarılan bütün fikirlər və ehtiram dolu cümlələr ancaq prezidentə həsr olunmalıdır, başqa hər şey ikinci dərəcəlidir, buna görə də Suriyanın əsl ədəbiyyatı haqda dünya oxucusunun elə bir məlumatı yoxdur. Qısacası isə onu deyim ki, Suriyanın yaxşı yazçıları və şairləri var, ədəbiyyatı inkişaf edib.
- Müharibədən öncəki Suriyada modernizm, sekulyarlıq və mədəni inkişaf nə səviyyədə idi? Suriyanın dünyaya təqdim etməli ədəbiyyat və mədəniyyət adamlarından kimlər vardı?
- Deyə bilərəm ki, müasir ədəbiyyatımız proqressiv və sekulyardır. O çağdaş problemlərə fokuslaşıb, proqressiv təfəkkürə əsaslanır. Siz bunu Suriya Televiziya filmlərini izləyərək də görə bilərsiniz, orda müasir həyat hekayələri və qadın hüquqları da daxil olmaqla modern cəmiyyətin bir çox problemləri əks olunur. Doğrudur orda tarix və ənənələrlə bağlı mövzular da populyardır, bəzən biz yazıçılar çalışırıq tarixin vasitəsilə müasir problemləri işıqlandıraq, ancaq bunu səthi şəkildə edə bilirik, çünki başımızın üstündə həmişə senzura dayanıb.
- Sizin müxalif yazıçı kimi Suriyada təzyiqlərə məruz qaldığınızı bilirəm. Maraqlıdır müharibədən öncəki Bəşər Əsəd rejimində Suriyalı müxalif yazıçılar, jurnalistlərin həyatı necə keçirdi? İnsanlar azad fikrini ifadə edərkən dövlət tərəfindən hansı münasibətlə qarşılana bilərdi?
- Hərbi rejimin idarə etdiyi ölkədə yaşamaq dəhşətli bir hissdir. Vətəndaşlar şəxsi azadlıqları və arzularını məhdudlaşdırmalı, hökümətin tələb etdiyindən fərqli düşünməməlidirlər. Əks halda onlar öldürücü, zorakı təzyiqlərə məruz qalacaqlar. Diktatorlar istəyirlər ki, bütün vətəndaşlar bir-birinə oxşasın, xarici görünüşündən, məzmunundan tutmuş, geyiminə və düşüncəsinə qədər. O hansısa bir insanın başqalarından fərqlənməsinə dözə bilmir. Beləliklə hakimiyyət tələbələrə, işçilərə və dövlət məmurlarına, hərbçilərə eyni görünüşlü paltarlar geyindirməyə başlayır. Bu cür xarici görünüşcə bənzərlik hökümətə insanları eynilə həbsxanadakı kimi idarə etməyə imkan verir. Həmçinin bu yolla diktatorlar hər kəsə eyni tendensiyanı, eyni ideyaları qəbul etdirə bilirlər. Totalitar dövlətlərdə fərqlilik ən təhlükəli elmentdir və hakimiyyət tərəfindən ən sərt şəkildə cəsalandırılır.
- Siz Hələb şəhərindənsiniz, əsərlərinizin çoxu Hələbdən bəhs edilir. Bildiyim qədəriylə indi Avropada yaşayırsınız bəs Hələbi necə xatırlayırsınız, indi orda yaxınlarınız varmı?
- Bəli, mənim qızım onun kiçik ailəsi, həmçinin qardaşlarım və onların ailələri hələ də Hələbdədirlər. Onlar təhlükəsiz yerdədirlər, ancaq neçə ki, müharibə davam edir onların başına nə gələcəyi də məlum deyil, çünki hər ay Hələbdə minlərlə insan ölür və bu dəhşət dayanmır. Mənim yaxınlarım şəhərin qərbinə yaşayır, onlar hər gün şəhərin şərq hissəsindəki insanların necə vəhşicəsinə qətlə yetirildiyinə tamaşa edirlər və elə onların öz başlarına da indiyədək üsyançılar tərəfindən bir neçə bomba atılıb. İndi elə tək işim müharibədən öncəki Hələbi xatırlayıb yazmaq, indiki dəhşət verici fotolarla Hələbdəki əvvəlki həyatı müqaisə etməkdir. Bunu etmək mənə çox çətindir, ancaq edirəm.
- Səssizlik və gurultu romanınızda bir yazıçının gözlənilməz hadisələrlə dolu bir günü təsvir olunur. Həmin gün diktatorun hakimiyyətinin 20 illiyi qeyd olunur. Bu roman Suriyanı bizə ətraflı təsvir edir. Bilirsiniz dünyada Suriya kimi eyni adamın uzun illər idarə etdiyi ölkələr hələ də var. Bir ailənin uzun müddətlik hakimiyyətinin bir ölkənin gələcəyinə təsiri necədir?
- İnsanların həyatlarında hər hansı bir dəyişikliyə ümüdləri qalmayanda rejim və onların adamlarına da artıq heç bir inam qalmır, bu halda o cəmiyyətdə güvənsizlik hökm sürür. Suriyada istənilən növ özünü ifadə etmə və siyasi fəaliyyət qadağan idi. Suriyalılar ayağa qalxıb 1963-cü ildən bəri davam edən fövqəladə vəziyyətin ləğv olunmasını, daha konfortlu bir həyat tələb edəndə rejim xalqa qarşı indiki müharibəni başlatdı.Bəs siz, avtoritar bir ölkədə yaşayıb, liderin dediyi və etdiyi hər şeyi tərifləmək məcburiyyətində qoyulsaydınız nə edərdiniz?
- Maraqlıdır necə oldu Suriya xalqı Bəşər Əsədə qarşı ayağa qalxdı və doğurdanmı bu ancaq xalqın etirazı idi. Suriyadakı müharibədə böyük dövlətlərin təsiri necədir?
- Müharibə hərbçilərin və təhlükəsizlik xidmətinin sivil etirazçılara atəş açması ilə başlamışdı. Rejim insanları özlərini qorumaq üçün silah gəzdirməyə və kömək üçün başqa ölkələrə üz tutmağa məcbur etdi.
- Hal-hazırda Suriyada vəziyyət necədir və siz ölkənizdəki müharibənin tezliklə bitişinə ümüdlüsünüzmü?
- İndi Suriyada iki yerli hakimiyyət var və onların hər ikisi müharibəyə girişib və heç bir tərəf müharibəni necə dayandıracağını bilmir.