7 Dekabr 2016
Mətni dəyiş
Milli Məclisinin bu gün keçirilən iclasında deputat Elşən Musayevin turizm ilə bağlı iradları spiker Oqtay Əsədovun sərt reaksiyasına səbəb olub.
Elşən Musayev ölkədə turizmin ən yaralı yer olduğunu deyərək, bu sahənin inkişaf etmədiyini bildirib.
Deputat qeyd edib ki, ölkədə turizmi bu vəziyyətdən çıxarmaq lazımdır:
“Turistləri ölkəyə cəlb etməliyik. Məsələn, dəfələrlə cənab prezident də AZAL-ın qiymətləri bahalaşdırması ilə bağlı iradları səslənib. Biz AZAL-a dotasiya ayırırıq ki, qiymətlərdə endirim etsin və bu sahədə inkişaf olsun.
Əgər biz bunu etməsək Azərbaycan turizm sahəsində Gürcüstandan qat-qat geri qalacaq. Çünki turistlər Gürcüstan üzərində uçuşlar edəcəklər”.
Deputatın fikirləri Milli Məclis sədri Oqtay Əsədovun sərt tənqidinə səbəb olub:
“Elşən Musayev, əvvala danışanda bir az diqqətli ol! Necə yəni ölkədə turizm inkişaf etməyib?! Fikirləri səsləndirərkən bir az diqqətli olun. Deyirsən ki, Azərbaycan Gürcüstandan geri qalar.
Bu nə sözdür? Azərbaycanda turizmin inkişafı başqa sözdür, turizmin inkişafını daha da inkişaf etdirilməsinə mane olan amillər başqa sözdür. Azərbaycanda bu il regionlarda turist əlindən tərpənmək olmurdu. Görmürdünüz bunları?! Gürcüstan Azərbaycanın bir əyaləti boydadır, necə yəni onlardan geri qalacağıq?!”.