Daha iki rayonda büdcə pullarının xərclənməsində pozuntular qeydə alınıb

Daha iki rayonda büdcə pullarının xərclənməsində pozuntular qeydə alınıb
7 Dekabr 2016
Mətni dəyiş
Cəlilabad rayonunda məktəblərin, yolların tikintisinə ayrılmış büdcə vəsaitləri qanunvericiliyə uyğun xərclənməyib. Köhnə məktəblər lazımı qiymətləndirmə aparılmadan balansdan silinib, yeni salınmış yollar tələblərə uyğun inşa edilmədiyindən dağılıb, deformasiyaya uğrayıb.
Hesablama Palatasının dekabrın 7-də dövlət büdcəsindən Cəlilabad Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərdən istifadənin durumu ilə bağlı məlumatında belə yazılır.
Məlumat 2013-2015-ci illərdə büdcədən Cəlilabada ayrılan vəsaitlərin auditinin nəticələrinə əsaslanır.
Audit icra hakimiyyətinin tikdiyi 5 məktəbin, Cəlilabad-Hamarqışlaq-Sadatlı, Qarazəncir-Qarakazımlı-Boyxanlı, Cəlilabad-Astanlı-Cəngan-Soltankənd və Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yollarına ayrılan 41 milyon 956,8 min manatı əhatə edib
Palatanın məlumatında qeyd edilir ki, məktəblər və avtomobil yolları tikilib istifadəyə verilsə də, işlər həyata keçirilərkən nöqsanlara yol verilib.
“Köhnə məktəblər sökülərkən əsas vəsaitlərin yararsızlığı, təmirinin mümkün olub-olmadığı müəyyənləşdirilməyib, onların balansdan silinməsi üçün müvafiq ləğvetmə komissiyaları yaradılmayıb”, məlumatda bildirilir.
Palata yol tikintisi zamanı da ciddi pozuntulara yol verildiyini qeyd edir. Əksər yolların tikintisi zamanı təbii-iqlim, sürüşmə amillərinin öyrənilmədiyi xüsusi mühəndis tədbirlərinin nəzərdə tutulmadığı bildirilir. Nəticədə Qarazəncir-Qarakazımlı-Boyxanlı, Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı yollarında dağılma halları müəyyən edilib. İstismara qəbul edilən avtomobil yolları “Cəlilabad 56 saylı Yol İstismarı” idarəsinə təhvil verilməyib.
Palata audit zamanı Cəlilabad İcra Hakimiyyətinin yol verilmiş nöqsanları əsasən aradan qaldırdığını qeyd edir. Bununla belə, qurum nöqsanlara yol vermiş vəzifəli şəxslərin məsuliyyətə cəlb edilməsi barədə qərar verib.
Palata həmçinin Abşeron Rayon İcra Hakimiyyətinə ayrılan büdcə vəsaitlərinin xərclənməsində də pozuntular olduğunu açıqlayıb.
Qurum adıçəkilən rayonda 8 milyon 637,4 min manat vəsaitin icra durumunu audit edib.
Audit zamanı mənzil fondunda əsaslı təmir işlərinə ayrılan vəsaitlərin icrasında pozuntular müəyyən edildiyi qeyd edilir. İşlərin dəyərinin artırılması, satınalmalar üzrə qanunvericiliyin və əmək məcəlləsinin tələblərinin gözlənilmədiyi, lift xidmətində əhalinin sayının az göstərilməsi, material və vəsaitlərin silinməsi kimi halların baş verdiyi qeyd edilir.
Palata Abşeronda da nöqsanlara yol verən vəzifəli şəxslərin məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib.
Palatanın yoxlamalarına, hələlik, sözü gedən icra hakimiyyətlərinin rəhbərliyinin münasibəti açıqlanmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun