21 Dekabr 2016
Mətni dəyiş
Nuriyyə Ağazadə
Desəm ki, cəmiyyətimizin əsas problemi savadsızlıqdadır, təhsildədir, tamamilə yalan olar. Elə şey yoxdur. Ölkə idarəçiliyinin zirvəsindən tutmuş ta ki, bazardakı kartof satana kimi ixtiyari şəxs ali təhsil diplomuna sahib ola bilər.
Quşlayanlardan tutmuş əlinə qələm alıb millətin heysiyyatına hansı tərəfdən yanaşıb, mən də bir zərbə vurum deyən şairfasonlara kimi, mal kimi susan əksər ziyalılara kimi, hər kəs ali savad göstəricisi olan diplom deyilən bu kağız parçasını əyri-doğru yolla da olsa əlbət kimi almışdır.
Müqayişə etsək, görəcəyik ki, adambaşına düşən diplom sayının çoxluğuna göre eks sovet respublikaları arasında öndə gedənlərdənik. Amma nə olsun? Her şeyi öyrəndik, her şeyi. Lazımlı-lazımsız her şeyi: triqonometriyadan tutmuş, üzvü maddələrin zəncirvari reaksiyalarına kimi, Avropa-rus ədəbiyyatının bütün incəliklərini avropalı və rusların özündən qat-qat həssaslıqla mənimsədik. Tələffüzü və dərki əlavə beyin yarimkürəsi istəyən orta əsr filosof şairlərin qəzəllərinin bədii təhlilini hətta orta məktəb sagirdləri səviyyəsində qavranmasına nail olduq.
"Palatka" toylarını yığışdırıb göbələk kimi şadlıq evlərinə, son zamanlar dəbdə olan mərasim evlərinə keçid kimi fantastik irəliləyişə nail olduq. Milyonlar töküb xaricdən tibbi avadanlıqlar gətirib xəstəxana və klinikalarımızı doldurduq və s. kimi sonsuz sayda sadalaya biləcəyim inkişaf məziyyətlərinə sahib olduq. Amma nə olsun. Hər addımın kökündə milli mənafe və demokratik inkişafdansa, biznes də deməyə dilim gəlmir, çünki daha modern səslənir, gəlin deyək ticarət, alış-veriş dayandı.
Biz bu ticarətin formalaşdırdığı toplumuq əzizlərim. Ötəsi yox. Çoxluq öz qınına çəkilib "ayə, neyləyim ki, qabağa düşüm" prinsipiylə ölkəmizdə bütün sahələri "zarazit" edib. Ən dəhşətlisi isə, məsələnin maddidən cox mənəvi tərəfi daha çox xəsarət alıb: aqressiya, ruh düşkünlüyü, sabaha inamsızlıq, gələcəyə ümidsizlik, sevgisizləşmə, maariflənməyə ayrılan vaxtın bekara şey olma arqumentləri, medya və Tv-lərə sıfır etibar və maraq, fb-da bir neçə sayt və şəxslərin sızdırdıqları həqiqətə oxşar informasiyalara ümid və gözləntilər.
Maşallah toylarımız da, yaslarımız da başdan ayağa göstəriş, adam nə evlənmək istəyir, nə də ölmək. Hər ikisi məsrəf. Kapitalizmin harda zərərli tərəfləri var mənimsədik. O isə ki, Allahın nəzərində olan, yəni, təbiətin verə biləcəyi ən gözəl yearaltı-yerüstü sərvətlərə sahib olan məmləkətik. Sadəcə bir məsuliyyət var idi ki, bütün bu sadaladıqlarımın ötəsində gəlir: öz mənsub olduğu ölkəsinin həqiqi, dürüst, canıyanan, ədalətli, əməksevər, fədakar, adam kimi vətən daşı olmaq! Ölkəsinə, vətəninə ticarət obyekti kimi deyil, öz evi kimi, öz məhrəmi kimi yanaşmaq.
Nə zamana kimi ağlı kəsən, kiçikliyindən özünü idarə edə bilən ixtiyarına kimi, hər kəs vətən anlayışını şəxsi ambisiyalardan üstün tutacaq, bu toplumun sivil toplumlar arasında imzası olacaq. Yoxsa xəyalında olduğumuz işıqlı “gələcək” gəlməyəcək.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.