“Rusiya siyasi ensiklopediyası – ROSSPEN” nəşriyyatı tanınmış Azərbaycan tarixçisinin monoqrafiyasını çap edib.
Professor Cəmil Həsənlinin Rusiyanın çox nüfuzlu “Rusiya Siyasi Ensiklopediya – ROSSPEN” nəşriyyatında “Cənub sərhədləri boyunca genişlənmə siyasət: Stalin və neft uğrunda mübarizədə Azərbaycan kartı, 1939-1945” adlı yeni monoqrafiyası çapdan çıxmışdır. Əsər nəşriyyatın geniş beynəlxalq redaksiya şurası olan “Stalinizm seriyası”nda işıq üzü görmüşdür.
Həmin seriyanın redaksiya şurasına Humbolt universitetinin professoru Yörq Baberovski, Toronto universitetinin professoru Lynn Viola, İtaliyada Neapol universitetinin professoru Antrea Graziosi, Fransa Akademiyasının üzvü, Rusiya tarixi üzrə tanınmış alim professor Hélène Carrère d’Encausse, Britanidan Rusiya tarixi üzrə maraqlı kitabların müəllifi professor Robert Service, Stokholmdan professor Lennart Samuelson, Çikaqo və Sidney universitetinin professoru Sheila Fitzpatrick, Rusiyadan akademik Yuri Pivovarov, Boris Yeltsin fondunun direktoru Aleksandr Drozdov, “Memorial” cəmiyyyətinin direktoru, tanınmış tarixçi Arseniy Roqinski, Rusiya siyasi elmlər cəmiyyətinin vitse-prezidenti Andrey Sorokin, Moskva Dövlət Universitetinin professoru, Stalinizm dövrü üzrə tanınmış tarixçi Oleq Xlevnyuk və digərləri daxildirlər.
Kitab rus oxucusuna və yaxın xaricin rus dilli auditoriyasına ikinci dünya müharibəsi illərində SSRİ-nin Yaxın Şərq siyasət və bu siyasətdə Azərbaycanın yeri və rolu haqqında ətraflı məlumat verir. Bakı nefti, həmin illərdə onun dünya siyasətində rolu, Sovet İttifaqının Yaxın Şərqin enerji mənbələrinə yaxınlaşmaq cəhdləri haqqında kitabda maraqlı məqamlar vardır.
1939-cu ilin avqust ayının 23-də imzalanmış Sovet – Almaniya paktından sonra müharibənin ilk mərhələsində ingilis-fransız müttəfiqlərinin 1939-1940-cı illərdə Bakı neft mədənlərini bombalamaq, Bakı – Batum neft kəmərini sıradan çıxarmaq barədə gizli planları ilə bilavasitə bu əsərdə tanış olmaq olar. Monoqrafiyada Sovetlərin cənub sərhədləri boyunca genişlənmə siyasətində “Azərbaycan məsələsi”nə ətraflı yer verilmişdir.
Stalinin Cənubi Azərbaycan kartından Sovet sərhədlərini genişləndirmək və SSRİ-nin neft maraqlarını təmin etmək istiqamətində istəklərinin nə üçün sərt beynəlxalq təpki ilə qarşılandığı haqqında kitabda yeni interpretasiya ilə tanış olmaq olar.
İkinci Dünya müharibəsi illərində SSRİ-nin İran və Türkiyə ilə münasibətləri, Cənubi Qafqaz sovet respublikalarının bu siyasətdə iştirakı, habelə onların öz aralarında qarşılıqlı ərazi iddialarının meydana çıxması, Moskva və Yerevanın Türkiyədən torpaq tələbləri haqqında monoqrafiyada çoxlu yeni məsələlər qoyulmuşdur.
Əsərdə müəllifin Qərblə Şərq arasında sonralar “Soyuq müharibə” kimi səciyyələndirən qarşıdurmanın məhz Yaxın və Orta Şərq regionundan başlanması haqqında yeni ideyaları və mülahizələri əks olunmuşdur.
Professor Həsənli İkinci Dünya müharibəsi illərində Cənubi Azərbaycanda gedən siyasi proseslərin milli qayəsini aça bilmiş və monoqrafiyada Sovet Azərbaycanının həmin hadisələrdə iştirakının maraqlı mənzərəsi yaradılmışdır. Müharibə başa çatdıqdan sonra erməni repatriasiyasıyasının başlanması ilə bağlı məsələlər kitabın ən maraqlı səhifələri hesab edilə bilər.
Müəllif Rusiya, Amerika və digər ölkələrin arxiv fondlarından topladığı son dərəcə nadir materiallar əsasında erməni repatriasiyasının məqsəd və məramını, onun arxasında duran gizli məqamları, Stalinin repatriasiya planının bilavasitə Türkiyə və Azərbaycana qarşı düşünülmüş bir siyasət olduğunu göstərə bilmişdir.
Kitabda Almaniya üzərində qələbədən sonra SSRİ-yə səfər edən Amerika senator və konqresmenlərinin, Britaniya parlament nümayəndələrinin, tanınmış siyasətçi və jurnalistlərin Bakıya səyahət etmələri, Sovet Azərbaycanının beynəlxalq maraq dairəsində olmasını müəllif iki amillə izah edir: Bakı nefti və Cənubi Azərbaycan məsələsi.
Müəllif haqlı olaraq qeyd ki, SSRİ-nin və bütövlükdə Müttəfiqlərin faşizm üzərində qələbəsində Bakı nefti müstəsna rol oynamışdı. Sovet Azərbaycanının ötən əsrin 40-cı illərinin ortalarında böyük dövlətlərin maraq dairəsinə daxil olmasını şərtləndirən iki amildən məhz, biri Bakı neftinin hərbi, strateji və iqtisadi əhəmiyyəti ilə bağlı idi. Əsər Azərbaycan tarixinin və azərbaycanşünaslığın hüdudlarını genişləndirən fundamental bir araşdırmadır.
Heç şübhəsiz, Rusiyanın nüfuzlu bir nəşr evində çap edilmiş bu əsər ölkəmiz haqqında həqiqətlərin yayılmasında, SSRİ-nin Cənub sərhədləri boyunca yeritdiyi sovet siyasətinin bir sıra qaranlıq məqamlarının aydınlaşmasında əhəmiyyətli rol oynayacaqdır.