16 Dekabr 2016
Mətni dəyiş
Rövşən Ağayev
Bildiyimiz kimi, Azərbaycanın Milli Məclisi hazırda “Büdcə sistemi haqqında” qanuna dəyişikliyi müzakirə edir. Müzakirə olunan dəyişikliklər iki istiqamətdədir:
Birinci, büdcə şəffaflığının artırılması ilə bağlıdır. Burada yeni müddəalar dövlət büdcəsinin icrası barədə hesabata daxil edilən informasiyaların əhatə dairəsinin genişləndirilməsidir. Qanun layihəsi təsdiq edildikdən sonra, dövlət borcları, il ərzində götürülən borclar, buraxılmış dövlət qiymətli kağızları, və verilən dövlət zəmanətləri barədə məlumatları büdcə hesabatı vasitəsilə öyrənmək mümkün olacaq. Eyni zamanda, dövlət büdcəsinin Ehtiyat Fondu, Prezidentin Ehtiyat Fondu və məqsədli büdcə fondları çərçivəsində xərclənən vəsaitlər, büdcə icrasına dair hesabatda əks etdiriləcək. Yerli gəlirlərin tədiyyə növləri üzrə icrası haqqında məlumatlar da həmçinin.
İkinci, Hesablama Palatası üçün büdcə üzərində nəzarət imkanlarının genişlənməsidir. Təklif edilən yeni hüquqi mexanizmlər qüvvəyə mindikdən sonra növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcənin layihəsi cari ilin sentyabr ayının 15-ə kimi Nazirlər Kabineti ilə yanaşı Hesablama Palatasına da təqdim olunacaq.
Bundan əlavə, gəlirlərin icracı ilə bağlı aylıq, rüblük və illik hesabatlar, büdcə təşkilatları və dövlət büdcəsindən maliyyə yardımları alan təşkilatların büdcə vəsaitlərindən istifadəyə dair hesabatları Hesablama Palatasına təqdim ediləcək. Bura dövlət büdcəsinin icrası prosesində büdcə gəlirlərinin və xərclərin funksional, iqtisadi, inzibati təsnifatı üzrə xərclərinin bölgüsündə dəyişikllər barədə məlumatlar da daxil ediləcək.
Büdcə şəffaflığın artırılması, həmçinin büdcə üzərində xarici auditin səlahiyyətlərinin genişləndirilməsi istənilən halda təqdir edilməlidir. Xüsusilə böyük resurs gəlirlərinin kəskin azaldığı, resursların məhdudluğu şəraitində. Belə məqamda büdcənin hər manatının səmərəli istifadəsi baxımından şəffaflıq və hesabatlılıq təşəbbüslərinin genişlənməsi son dərəcə mühümdür. Lakin indi təklif edilən dəyişikliklər büdcə sisteminin idartə edilməsində köklü dəyişikliklərə çətin ki, təkan versin. Büdcə prosessinin təşkili və tənzimlənməsi ilk növbədə büdcə xərcləmələrinin səmərəliliyinin təmin olunması ilə bağlı dayanıqlı mexanizmlərin yaradılmasını tələb edir. Hazırkı büdcə tərtibatı format və büdcə sənədlərinin hazırlanması baxımından xərcləmələrin səmərəliliyini qiymətləndirməyə imkan vermir.
İctimai vəsaitlərin xərclənməsi ilə bağlı “səmərəlilik” anlayışı vəsaitlərdən maksimum nəticənin əldə edilməsini ehtiva edir. Həmin nəticələrə görə dəqiq məsuliyyətin və öhdəliyin müəyyən edilməsi mümkün olur. Proqnozlaşdırılan xərclərə münasibətdə səmərəliliyi qiymətləndirmək üçün bir neçə mühüm mexanizm olmalıdır. Belə mexanizmlər kimi aşağıda qeyd edilən normalar hazırlana bilər:
- Hökumət və müxtəlif qurumlar üçün ortamüddətli strateji planları və ortamüddətli xərc çərçivələri;
- Büdcə xərclərinin yönəldiyi hər bir funksional istiqamət üzrə hökumətin dəqiq müəyyən edilmiş və əsaslandırılmış prioritetləri;
- Bütün sektorlar üzrə tam detallaşdırılmış siyasət (tədbirlər) istiqamətləri, hər bir istiqamət üzrə məqsədlər, buna çatmağı ölçə biləcək indikatorlar, indikatorların baza dövrü və büdcə sənədinin qüvvədə olacağı qarşıdakı illər üzrə hədəflənən kəmiyyət göstəriciləri;
- Büdcənin əhatə etdiyi orta müddətli dövr üzrə gözlənilən əsas islahat və dəyişikliklər daxildir.
Əgər bu mexanizmlər hüquqi norma kimi tətbiq edilmirsə və büdcə tərtibatı bu sənədlər əsasında aparılmırsa, büdcə xərclərinin səmərəliliyinin təmin olunması imkansızdır.
Büdcə şəffaflğının artırılması üçün isə qanunvericiliyə təklif olunan dəyişikliklərlə yanaşı daha təsirli mexanizmlər mövcuddur. Əvvəla, vətəndaş cəmiyyətinin və maraqlı tərəflərin iştirakçılığının təmin edilməsi mexanizmlərinin olmadığı şəraitdə şəffaflığın təmin edilməsi ilə bağlı təsirli mexanizmlərin özü belə effektiv çalışmaya bilər. İştirakçılıq üçün hökumət və parlamentin vətəndaş cəmiyyəti ilə büdcə mövzusunda arasıkəsilməz dialoquna, birgə büdcə dinləmlərinin keçirilməsinə, müstəqil ekspert cəmiyyətinin hazırladığı büdcə rəylərinin büdcə layihələrində nəzərə alınmasına, müxtəlif maraq qruplarının büdcə ehtiyaclarının öyrənilməsi üçün Maliyyə Nazirliyinin və müxtəlif sahə nazirliklərinin ekspertlərinin həmin qrupların təmsilçiləri ilə birgə müzakirlərinə, məsləhətləşmələrinə ehtiyac var. Hazırda Azərbaycanda bu qəbildən olan mexanizmlər ümumiyyətlə mövcud deyil.
Digər tərəfdən, büdcə xərcləmələrinə münasibətdə şəffaflıq bütün xərclərin həcmi, strukturu, son təyinatı və istiqamətləri ilə bağlı informasiyalarının ictimaiyyət üçün açıqlığını, təqdim edilən göstəricilərin tam analaşılan olmasını ehtiva edir. Şəffaflıq mexanizmləri kimi bir sıra mühüm addımların atılması mühümdür. Belə mexanizmlər kimi aşağıdakı addımlar atılması vacibdir:
- Rayon və şəhərlər üzrə yerli xərclərin funksional, təşkilati və iqtisadi təsnifatının büdcə zərfinə daxil edilməsi. Bu məlumat ictimaiyyət tərəfindən ölkənin bütün inizbati əraziləri üzrə yerli vergi öhdəliklərinin səviyyəsini və yığımların icra vəziyyətini, yerli büdcə xərclərinin strukturunu və prioritetlərini dəqiq izləməyə imkan verəcək;
- Rayon və şəhərlərinə yönələn mərkəzləşdirilmiş xərclərin funksional istiqamətləri göstərilməklə ayrıca götürülmüş hər bir rayon və şəhər üzrə detallı açıqlanması. Bu məlumat ictimaiyyət tərəfindən ölkənin bütün inizbati mərkəzləşdirilmiş büdcə xərclərinin strukturunu və prioritetlərini dəqiq izləməyə imkan verəcək;
- Xarici kreditlər hesabına həyata keçiriləcək hər bir layihə üzrə bağlı məlumatların büdcə zərfinə daxil edilməsi. Bəzi layihələr tamamilə kredit vəsaitləri, bir qism layihələr isə büdcə vəsaitləri və kredit resurslarının ortaq dəstəyi ilə həyata keçirilir. Layihələrin siyahısı açıqlanmalı, hər bir layihə üzrə kredit resurslarının və büdcə vəsaitlərinin məbləği ayrıca göstərilməlidir.
- İnvestisiya xərclərinin planlanan layihələr üzrə açıqlanması. Bu layihələrlə bağlı büdcə zərfinə detallı məlumatlar daxil edilmir, halbuki şəffaflıq baxımından çox önəmlidir.
- Büdcə icrasına dair hesabat Parlamentə büdcə xərclərinin funksional, təşkilati, iqtisadi təsnifatına uyğun təqdim edilməlidir. Hazırda isə büdcə icrasına dair hesabatda xərclər yalnız funksional təsnifat üzrə açıqlanır.
Qeyd olunanlarla yanaşı büdcə informasiyalarının əlçatanlığını təmin etmək üçün hökumətin elektron formada bütün millət vəkillərinə təqdim etdiyi büdcə zərfi ilə ictimaiyyətin online tanış olmasına imkan yaradılmalıdır. Büdcə informasiyalarının açıqlığını təmin etmək üçün büdcə zərfilə bağlı bütün məlumatlar Maliyyə Nazirliyinin saytı vasitəsilə yayıla bilər.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.