11 Dekabr 2016
Mətni dəyiş
Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycan ombudsmanı Elmira Süleymanovanın mətbuata açıqlamasına münasibət bildirib.
BQXK-nin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova açıqlamasında bildirib ki, BQXK heç bir halda həbsin səbəbləri və saxlanmanın və məhkumluğun hüquqi aspektləri barədə fikir bildirmir, saxlanan şəxslərin sərbəst buraxılmasını təbliğ etmir.
İ. Hüseynova diqqətlərinin bütün saxlanılan şəxslərlə insani rəftar və məqbul saxlanma şəraitinin təmin olunmasında cəmləşdirdiklərini nəzərə çatdırıb: “Biz xüsusilə də, saxlanılan şəxslərlə onların ailələri arasında əlaqələri bərpa etməklə, həmçinin ailələrinin əziyyətlərini azaltmağa çalışırıq. Cenevrə konvensiyaları tərəflərin silahlı münaqişə zamanı öhdəliklərini müəyyənləşdirən - qüvvədə olan və ən geniş şəkildə qəbul edilmiş - beynəlxalq müqavilələrdir. Onlar həmçinin BQXK-nın fəaliyyəti zamanı əsaslandığı sənədlərdir. Bu konvensiyalar müdafiə altında olan insanları məhkəmə prosesindən azad etmir. Cenevrə Konvensiyaları hüquqi təminatlara hörmət tələb edir”.
Qeyd edək ki, E. Süleymanova mətbuata açıqlamasında deyib ki, Ermənistanda girov saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı BQXK rəhbəri ilə görüşüb müzakirələr aparıb, onlar Dilqəm və Şahbazın qondarma məhkəmə tərəfindən cəzalandırılmasının beynəlxalq hüquqi normalara uyğun olmadığını, bunun beynəlxalq hüquqa zidd olduğunu bildiriblər.